Bəzən bir şəkil uzun çıxışlardan, pafoslu nitqlərdən və gurultulu vədlərdən daha çox həqiqəti göstərir. Diqqətimi sosial şəbəkədə paylaşılmış adi görünən bir foto çəkdi. Şəkildə Kəlbəcər rayonundan seçilmiş gənc millət vəkili Mircəlil Qasımlı vətəndaşları qəbul edir, köçkün ailələrin nümayəndələri ilə üz-üzə, eyni səviyyədə əyləşərək onları dinləyirdi. Bu mənzərə ilk baxışdan sadə görünə bilərdi. Amma əslində həmin sadəlikdə böyük bir münasibət, böyük bir yanaşma vardı.
Millət vəkili olmaq təkcə yüksək tribunalardan danışmaq, rəsmi tədbirlərdə görünmək, çıxışlar etmək demək deyil. Əsl millət vəkili insanın qarşısında insan kimi dayanmağı, vətəndaşın dərdini dinləməyi, onun baxışındakı narahatlığı hiss etməyi bacarmalıdır. Çünki xalqın etimadı vəzifəyə yox, münasibətə verilir. İnsanlar çox zaman deyilən sözdən əvvəl davranışa inanırlar. Davranış isə insanın daxilindəki mənəviyyəti açan ən böyük aynadır.
Səmimiyyət nümayiş etdirilmir, hiss olunur. Məhz buna görə həmin fotoda vəzifədən çox insanlıq görünürdü. Rəsmiyyətdən çox qayğı, məsafədən çox yaxınlıq hiss edilirdi. Bir deputatın köçkün ailələrlə eyni sırada əyləşməsi, onları diqqətlə dinləməsi əslində dövlət-vətəndaş münasibətinin ən sağlam nümunələrindən biridir. Çünki insanın böyüklüyü oturduğu kreslonun hündürlüyü ilə yox, qarşısındakı insana verdiyi dəyərlə ölçülür.
Səmimi etiraf etməliyəm ki, seçki zamanı mən ona səs verməmişəm. Lakin insan hər şeydən əvvəl gerçəyi deməyi bacarmalıdır. Həqiqəti etiraf etmək də bir vicdan məsələsidir. Çünki obyektiv münasibət şəxsi seçimdən daha böyük anlayışdır. Bu gün cəmiyyətin ehtiyac duyduğu əsas xüsusiyyətlərdən biri də məhz budur — kimliyindən asılı olmayaraq yaxşı nümunəni görə bilmək və onu qiymətləndirmək.
Mircəlil Qasımlı gənc olmasına baxmayaraq, vətəndaşlarla münasibətdə nümayiş etdirdiyi davranışla bir çoxlarına nümunə ola biləcək yanaşma sərgiləyir. Çünki xalqın yanında olmaq yalnız seçki dönəmində verilən vədlərlə ölçülmür. İnsanların dərdini dinləmək, onlara vaxt ayırmaq, onların qarşısında rəsmi simadan çox anlayışlı bir insan kimi dayanmaq daha böyük məsuliyyətdir.
Xüsusilə də Kəlbəcər kimi ağrılı taleyi olan bir bölgənin insanlarını dinləmək sadəcə qəbul keçirmək deyil. Bu, həm də yaddaşın ağrısını anlamaq, köçkün həyatının yükünü hiss etmək, illərlə yurd həsrəti yaşamış insanların iç dünyasına toxuna bilməkdir. Belə məqamlarda bir isti münasibət bəzən uzun çıxışlardan daha təsirli olur. Çünki insanın qəlbinə yol tapan əsas qüvvə vəzifə deyil, mərhəmət və diqqətdir.
26 may 2026-cı il tarixində müraciət edən bir neçə Kəlbəcər sakininin qəbulunun keçirilməsi də sadəcə protokol xarakterli görüş təsiri bağışlamırdı. Orada insanı düşündürən əsas məqam qəbulun necə keçirilməsi idi. Vətəndaşı qarşısında dinləmək yox, yanında əyləşərək dinləmək… Əsl fərq də məhz buradan başlayır.
Bu gün cəmiyyətin ən çox ehtiyac duyduğu keyfiyyətlərdən biri sadəlikdir. Çünki sadə qala bilmək hər kəsə nəsib olmur. Vəzifə artdıqca insanlıq azalanda cəmiyyət yorulur. Amma vəzifə ilə birlikdə insanlıq da böyüyəndə insanlar ümid hiss edir. Sadə davranış isə bəzən ən böyük hörmətin, ən böyük mədəniyyətin və ən böyük tərbiyənin ifadəsinə çevrilir.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
zekainfo.az saytının baş redaktoru