"Meta" şirkəti indiyədək hazırladığı ən güclü süni intellekt modeli kimi təqdim etdiyi "Muse Spark 1.3"ü istifadəyə verib.
Zekainfo.az xəbər verir ki, yeni model əsasən kodlaşdırma və istifadəçi tapşırıqlarını müstəqil şəkildə yerinə yetirən süni intellekt agentlərinin imkanlarının genişləndirilməsi istiqamətində təkmilləşdirilib.
"Muse Spark 1.3" mürəkkəb və çoxmərhələli tapşırıqları yerinə yetirmək, eyni vaxtda bir neçə iş prosesini idarə etmək və uzun təlimatların əsas detallarını yadda saxlamaq imkanına malikdir.
"Meta"nın məlumatına görə, yeni model əvvəlki versiyalarla müqayisədə tapşırıqların icrası zamanı 25 faiz daha az token istifadə edir. Bundan başqa, model riskli və geri qaytarılması mümkün olmayan əməliyyatların icrasından əvvəl istifadəçidən təsdiq tələb edə bilir.
Hazırda "Muse Spark 1.3" tərtibatçılar üçün ödənişli əsaslarla təqdim olunur. Modelin yaxın zamanda "Instagram", "Facebook" və "Meta AI" istifadəçiləri üçün də əlçatan olması planlaşdırılır.