Türkiyə Dəyanət Vəqfinin (TDV) Baş direktoru İzani Turan və onun iki müavini – Rəcəb Balkan ilə Fatih Kayacanın vəzifələrindən azad edildiyi bildirilib.
Zekainfo.az-ın məlumatına görə, sözügedən şəxslərin Qəzza üçün toplanan ianələrin birja fondu üzərindən riskli yatırımlara yönəldilməsi və vəqfin təqribən 48 faiz həcmində zərərə uğramasından sonra postlarından uzaqlaşdırıldığı iddia edilib.
Məsələ ilə bağlı vəqf daxilində araşdırmaların davam etdirildiyi qeyd olunub.
Yayılan məlumatlardan sonra isə Türkiyə Dəyanət Vəqfi (TDV) rəsmi bəyanatla çıxış edərək iddiaları qətiyyətlə təkzib edib:
“Son günlər bəzi mətbuat orqanlarında və sosial şəbəkələrdə vəqfimizin fond yatırımlarından zərər çəkdiyi və bu səbəbdən rəhbərlərin vəzifədən uzaqlaşdırıldığı haqqında iddialar yayılıb.
TDV 1975-ci ildən bəri 149 ölkədə fəaliyyət göstərən şəffaf bir qurumdur. Qanunvericiliyə uyğun olaraq nağd vəsaitlər faizsiz maliyyə prinsiplərinə əsasən qiymətləndirilir. Adıçəkilən portfel idarəetmə şirkətlərində və ya ləğv edilən fondlarda vəqfimizin heç bir maliyyə resursu yoxdur. Dolayısı ilə hər hansı maliyyə itkisindən və ya zərərdən söhbət gedə bilməz”.
Vəqf yalnız faizsiz maliyyə prinsiplərinə uyğun Türkiyənin “Aktif Portföy” şirkəti tərəfindən idarə olunan “Aktif Portföy Para Piyasası Katılım (TL) Fonu” – TLK fonduna yatırım etdiyini, həmin fonddan da vəsaitlərin təhlükəsiz şəkildə geri çəkildiyini və heç bir zərər çəkmədiyini vurğulayıb.
Rəhbərliyin işdən çıxarılması məsələsinə də aydınlıq gətirən vəqf bu addımın fond müzakirələri ilə heç bir əlaqəsinin olmadığını bildirib:
“Baş direktor və müavinlərinin bununla əlaqədar vəzifədən alınması ilə bağlı səslənən iddialar yalandır. Rəhbərlikdəki dəyişiklik uzun müddətdir Qəyyumlar Şurasının gündəmində olan bir məsələ idi və bu prosesin iddialarla eyni dövrə düşməsi tamamilə təsadüfdür.
Bütövlüklə qurumumuza qarşı qərəzli böhtan və təxribat xarakterli xəbərləri yayanlara qarşı hüquqi müstəvidə addımlar atılacaq”.