13 ölkədə hökumət veb-saytları fəaliyyətini dayandırıb - Səbəb bu imiş 

13 ölkədə hökumət veb-saytları fəaliyyətini dayandırıb - Səbəb bu imiş 
Dünya 22 Oktyabr 2026 - 23:35

PHP proqramlaşdırma dilində aşkarlanan iki kritik təhlükəsizlik boşluğu dünyada kibertəhlükəsizlik narahatlığı yaradıb. 

Zekainfo.az “Sky News”a istinadən xəbər verir ki, mümkün haker hücumlarının qarşısını almaq məqsədilə azı 13 ölkədə dövlət və biznes qurumlarına məxsus bəzi saytların fəaliyyəti dayandırılıb.

Məlumata görə, Fransa, Danimarka, Finlandiya və Niderlandda hökumət saytları mümkün təhlükəsizlik risklərinə görə bağlanıb. ABŞ və Avstraliyadakı mütəxəssislər də məsələ ilə bağlı xəbərdarlıq ediblər.

PHP-nin tərtibatçıları aşkarlanan boşluqları aradan qaldırmaq üçün yeniləmələr yayımlayıblar. İstifadəçilərə sistemlərini mümkün hücumlardan qorumaq üçün proqram təminatını dərhal yeniləmək tövsiyə olunub.

Təhlükəsizlik problemlərinin aşkarlanmasında süni intellekt də rol oynayıb. “OpenAI” şirkəti bildirib ki, son iki ay ərzində PHP-dəki nasazlığın aradan qaldırılması üzərində çalışan tədqiqatçılar qrupuna rəhbərlik edib və düzəliş prosesinə dəstək göstərib.

Şirkət hadisəni son dövrlərin ən ciddi təhlükəsizlik problemlərindən biri kimi qiymətləndirib. “OpenAI” həmçinin xəbərdarlıq edib ki, süni intellekt təhlükəsizlik boşluqlarını aşkar etməyə kömək etdiyi kimi, kibercinayətkarların da işini asanlaşdıra bilər.

Qeyd edək ki, PHP internet saytlarının və veb-tətbiqlərin hazırlanmasında geniş istifadə olunan proqramlaşdırma dilidir. Bir çox dövlət qurumlarının, şirkətlərin və digər təşkilatların saytları bu texnologiya ilə işləyir.

PHP-də aşkarlanan təhlükəsizlik boşluqları hakerlərə sistemlərə müdaxilə etmək imkanı yarada bilər. Buna görə də mümkün hücumların qarşısını almaq üçün proqram təminatının yenilənməsi zəruridir. Bəzi qurumlar isə riskləri azaltmaq məqsədilə saytlarını müvəqqəti bağlayıblar.

reklamlar

Digər xəbərlər