Qarabağın ruhunu səsində yaşadan gənc xanəndə — Aqşin Kamal

Qarabağın ruhunu səsində yaşadan gənc xanəndə — Aqşin Kamal
Mədəniyyət 21 Oktyabr 2026 - 10:52
Bu günün sonunda Azərbaycan Milli Konservatoriyasındakı həmkarım, gənc xanəndə Aqşin Kamalla çay süfrəsi arxasında səmimi və maraqlı söhbətimiz oldu. Söhbətimiz bizi musiqidən doğma yurda, köklərimizə, Kəlbəcərə və Qarabağın ruhuna apardı.

Bir daha anladım ki, insan harada yaşamasından asılı olmayaraq, ata-baba yurdundan, qan yaddaşından ayrıla bilmir. Doğma torpağın havası, dağlarının vüqarı, bulaqlarının saflığı, el nəğmələrinin ahəngi insanın ruhuna hopur. Bəlkə də muğamın qəlbimizə bu qədər dərindən işləməsinin səbəbi də budur: onun hər avazında xalqımızın yaddaşı, həsrəti, sevgisi və mənəvi dünyası yaşayır.

Əslən Kəlbəcərdən olan Aqşin Kamal da bu mənəvi bağın daşıyıcılarındandır. O, Asəf Zeynallı adına Musiqi Kollecini bitirib, hazırda Azərbaycan Milli Konservatoriyasının üçüncü kursunda təhsilini davam etdirir. Xüsusilə “Segah” muğamına həssas münasibəti və milli musiqi ənənələrinə bağlılığı onun sənət dünyasının diqqətçəkən cəhətlərindəndir.



Xanəndəlik yalnız gözəl səs deyil, zəhmət, səbir, muğamın ruhunu duymaq və hər misranın mənasını dinləyiciyə çatdırmaq bacarığıdır. İstedad isə təhsil, təcrübə və sənətə sədaqətlə cilalanır. Aqşin kimi gənclərin bu yolda inamla addımlaması muğamımızın gələcəyi baxımından ümidvericidir.

Aqşinin təhsil aldığı Azərbaycan Milli Konservatoriyası milli musiqi irsimizin qorunması və yeni nəsil sənətkarların yetişdirilməsi istiqamətində mühüm rol oynayır. Rektor, sənətşünaslıq doktoru, professor, Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadənin rəhbərliyi ilə bu təhsil ocağında milli musiqimizin öyrənilməsinə, qorunmasına və inkişafına xüsusi önəm verilir. Belə bir sənət mühitində yetişən gənclərin üzərinə həm də mənəvi irsimizi gələcəyə daşımaq məsuliyyəti düşür.

Aqşinə arzum budur ki, səsi illərin təcrübəsi ilə daha da püxtələşsin, ifaları könüllərə yol tapsın, Kəlbəcərə və Qarabağa bağlılığı sənətində daim yaşasın. Çünki köklərini unutmayan sənətkarın səsində həmişə bir yurdun nəfəsi duyulur.
Bu gün bir fincan çay ətrafında başlayan söhbət mənə bir həqiqəti yenidən xatırlatdı: bəzən Vətəni anlatmaq üçün uzun cümlələrə ehtiyac yoxdur — bir muğam, bir avaz, doğma yurdun adını sevgi ilə çəkən bir ürək yetər.

Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər