Mədəniyyət
14:10, 07 Oktyabr 2026
Sabir Abdullayevin 40 ildən artıq sənət ömrünə dövlət qiyməti
Azərbaycan muğamı sadəcə musiqi deyil. O, xalqımızın yaddaşından süzülən səs, tariximizin duyğu ilə danışan dili, ruhumuzun ən qədim və ən müqəddəs ifadələrindən biridir. Muğamın yaşaması isə yalnız onu ifa edənlərin deyil, bu sənətin sirrini gələcək nəsillərə ötürən ustadların fədakarlığından keçir.
Belə ustadlardan biri də ömrünün 40 ildən artıq bir dövrünü Azərbaycan muğamına həsr etmiş xanəndə-pedaqoq Sabir Abdullayevdir.
Sabir Abdullayevin sənət yolu yalnız səhnə ilə ölçülmür. Onun ən böyük xidmətlərindən biri yetişdirdiyi sənətkarlar, öyrətdiyi tələbələr və onların səsində yaşatdığı muğamdır. Onun yetirmələri sırasında xalq artisti Samir Cəfərov, Prezident təqaüdçüsü Güllü Muradova, muğam müsabiqəsi laureatları Gülzar Fərəcova, Xəyalə Qafarzadə, Xəyalə Əliyeva, Cəmilə Çiçək, Səməd Səmədov, Bahar Lətifqızı, eləcə də Vüsal Əliyev, Anar Ləhcəli, Fədail Qəhrəmanov, Famil Kərimov, Ülviyyə Məmmədova, Cavanşir Muradxanlı, Şəmistan Rəhimov, Gültəkin Qarabağlı, Nuranə Qarabağlı, Kamran Tağıyev, Bəhram Həsənov, Xalid Zalsız, Rəşid Sadıxov, Eldar Mustafayev, Həmzə Həsənov, Ramil Hümbətov, Sücayət Mirzəliyev, Səfall Mirzəliyev, Məbud Əhmədov, Samirə Şamaxılı, Nuranə Tanrıverdiyeva, Qurban Həsənov, Şəhla Həmidova, Vüsalə Məmmədzadə, Çinarə Əliyeva, Nadir Yalçın, Aylin Müzəffərova, İlkin Alışov Sevda Sarıyeva və başqa sənət adamları var.
Bu adlar sadəcə uzun bir siyahı deyil. Hər ad bir sənət yoludur. Hər uğurun arxasında isə bir ustadın zəhməti, səbrlə verdiyi dərs və sənətə bağlılığı dayanır. Ustadın əsl ömrü də elə burada başlayır – onun öyrətdiyi səsdə.
Sabir Abdullayev Azərbaycan muğamını ölkəmizdən kənarda da layiqincə təbliğ edib. Amerika Birləşmiş Ştatları, Kanada, Braziliya, Almaniya, İngiltərə, İsrail və digər ölkələrdə keçirilən mədəni tədbirlərdə iştirak edərək milli musiqimizin zənginliyini xarici auditoriyalara çatdırıb.
Sənətkar ömrünü yalnız illərlə ölçmək olmur. Bəzən bir ömür bir məktəbə, bir məktəb isə bütöv bir sənətin gələcəyinə çevrilir.
Bu gün 70 illik yubileyi ərəfəsində Sabir Abdullayevin sənət yolu dövlətin diqqət və qiymətləndirməsini gözləyir. Çoxillik yaradıcılıq və pedaqoji fəaliyyətinə, Azərbaycan muğamının qorunması və təbliğinə verdiyi xidmətlərə baxmayaraq, indiyədək fəxri adla təltif olunmayıb. Onun fəxri adla təltif edilməsi ilə bağlı müxtəlif illərdə aidiyyəti qurumlara sənədlər təqdim edilib, tanınmış sənət adamlarının zəmanətləri də həmin sənədlərə əlavə olunub.
Sabir Abdullayev özünə ad və mükafat tələb edən sənətkar təsiri bağışlamayıb. Onun ən böyük mükafatı yetişdirdiyi tələbələrin uğuru, ən böyük sərvəti isə muğamın onun öyrətdiyi səslərdə yaşamasıdır.
Bu gün onun sənət dostlarının, yetirmələrinin və onu tanıyanların arzusu birdir: 40 ildən artıq ömrünü Azərbaycan muğamına həsr etmiş ustad xanəndə-pedaqoq Sabir Abdullayevin xidmətləri dövlət tərəfindən layiqincə qiymətləndirilsin, ona “Əməkdar artist” fəxri adı verilsin və 70 illik yubileyinin keçirilməsinə diqqət göstərilsin.
Çünki muğamın hikməti belədir: ustadın səsi bir gün səssizliyə qovuşa bilər, amma onun öyrətdiyi səs susmursa, deməli, ustadın ömrü davam edir.
Sabir Abdullayevin sənət ömrü də məhz belə davam edən ömürlərdəndir.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru