Azadlıq gülü qanla suvarılır – Taciyəddin Hüseynlinin qəhrəmanlıq yolu

Azadlıq gülü qanla suvarılır – Taciyəddin Hüseynlinin qəhrəmanlıq yolu
Gündəm 13 Noyabr 2026 - 12:49
Vətən sevgisi bəzən bir ömürlük amal, bəzən də bir xalqın taleyini dəyişən qəhrəmanlıq salnaməsidir. Bu salnaməni yazanlar isə torpağın hər qarışını canı, qanı və iradəsi ilə qoruyan igidlərimizdir.

Qarabağ ordenli, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) mənsubu, Vətən müharibəsinin qəhrəman iştirakçılarından biri olan Hüseynli Taciyəddin Asif oğlu 10 dekabr 1992-ci ildə Tərtər rayonunda anadan olub. O, hərbi xidmət yolu boyunca bir sıra xüsusi tapşırıqların yerinə yetirilməsində iştirak edib, Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində böyük şücaət və mətanət nümayiş etdirib.

Vətən torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Xocavənd istiqamətlərində vuruşan Taciyəddin Hüseynli öz döyüş yoldaşları ilə çiyin-çiyinə mübarizə aparıb. Vətən müharibəsinin son günlərində adsız yüksəkliklərin azad edilməsi uğrunda gedən ağır döyüşlər zamanı düşmənin ağır silahlarından açılan atəş nəticəsində ciddi yaralanıb və xəstəxanaya yerləşdirilib.

Onun yaralandığı həmin döyüş anları bir daha göstərir ki, qazanılan Zəfərin arxasında nə qədər böyük fədakarlıq, ağrı-acı və qəhrəmanlıq dayanır. Bu gün azad səmasında üçrəngli bayrağımızın dalğalandığı Qarabağ torpaqlarının hər qarışı şəhidlərimizin müqəddəs qanı, qazilərimizin sağlamlığı və əsgərlərimizin misilsiz iradəsi hesabına azadlığa qovuşub.

Taciyəddin Hüseynlinin həyat və döyüş yolu həm də Azərbaycan dövlətçiliyinə, milli iradəyə və Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən Vətən müharibəsi strategiyasına sədaqətin nümunəsidir. Heydər Əliyev siyasi kursunun davam etdirilməsi, güclü dövlət və güclü ordu quruculuğu nəticəsində Azərbaycan xalqı tarixi Zəfərinə qovuşdu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımızın birliyi, ordumuzun qüdrəti və əsgərlərimizin qəhrəmanlığı tariximizin yeni səhifəsini yazdı.

Taciyəddin Hüseynlinin Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva ilə Şuşada, Zəfər Günü münasibətilə keçirilən tədbirlərdə görüşməsi də onun Vətən qarşısındakı xidmətlərinin diqqətəlayiq məqamlarındandır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyevin bir arada olduğu görüşdə onun da yer alması Azərbaycan-Türkiyə qardaşlığının, ortaq Zəfər sevincinin və qəhrəmanlarımıza göstərilən ehtiramın rəmzi kimi dəyərləndirilə bilər.

Lakin qəhrəmanlığın əsl qiyməti yalnız orden və medallarla ölçülmür. Qəhrəmanlıq Vətən naminə sağlamlığını itirmək, təhlükənin gözünə dik baxmaq, doğma torpağın azadlığı naminə öz həyatını təhlükəyə atmaqdır. Qazilərimizin hər biri bu müqəddəs mübarizənin canlı salnaməsidir.

Biz cəmiyyət olaraq Taciyəddin Hüseynli və onun kimi igidlərimizin həyat yolunu, döyüş təcrübəsini, qəhrəmanlıq nümunələrini daha geniş təbliğ etməliyik. Bu mövzular məktəblərdə, ali təhsil müəssisələrində, elmi-mədəni tədbirlərdə, mətbuat və informasiya platformalarında mütəmadi işıqlandırılmalıdır. Çünki tarix yalnız kitab səhifələrində yazılmır, həm də onu yaradan insanların həyatında yaşayır.

Gələcək nəsillər bilməlidir ki, bu gün sahib olduğumuz azadlıq, ərazi bütövlüyü və Zəfər sevinci bizə asanlıqla başa gəlməyib. Hər bir şəhidin adı, hər bir qazinin taleyi, hər bir döyüşçünün fədakarlığı milli yaddaşımızın ayrılmaz hissəsidir. Onların həyat hekayələri gənclərimizdə Vətən sevgisini, milli qüruru, dövlətə sədaqəti və məsuliyyət hissini gücləndirən mənəvi məktəbdir.
Bir həqiqət var ki, insan həyətindəki gül-çiçəyi su ilə sulayıb böyüdə bilər. Ancaq elə bir gül də var ki, onu qanla suvarırlar. O gülün adı Azadlıq gülüdür! Onun kökləri şəhidlərimizin müqəddəs qanı, yarpaqları qazilərimizin fədakarlığı, ətri isə xalqımızın Zəfər sevincidir.

Bu gün azad Qarabağın qoynunda açan hər çiçək bizə bir həqiqəti xatırladır: Vətən torpağı müqəddəsdir, onun azadlığı isə ən böyük milli dəyərimizdir.

Allahdan Taciyəddin Hüseynliyə və bütün qazilərimizə möhkəm cansağlığı, şəfa diləyirik. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət, onların ailələrinə, xüsusilə şəhid analarımıza səbir və dözüm arzulayırıq.

Qoy şəhidlərimizin əziz xatirəsi daim uca tutulsun, qazilərimizin qəhrəmanlığı heç zaman unudulmasın! Azərbaycanımızın Zəfəri əbədi, üçrəngli bayrağımız daim yüksəklərdə olsun! Türk dünyası birliyindən, qardaşlığından və qüdrətindən güc alaraq daim zəfərlərə imza atsın!

Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər