Silahı söz olan əsgərin döyüş meydanı onun şəhidlər haqqında araya-ərsəyə gətirdiyi yazılarıdır. Cəmilə xanım Qarabağ ağrısını köçkün kimi şəxsi həyatında yaşamışdır. Bu yolda itkiləri də ürəkağrıdandır. Tale onu ata-ana itkisindən sonra ailəsinin yükünü çəkməyə məcbur etmişdir, lakin o, bu yolda yorulmamış, doğma Kəlbəcər torpağının azad ediləcəyi günə inamını qırmamışdır. Kəlbəcər düşmən tapdağından azad edildi. 44 günlük Zəfər yürüşündən sonra bu cənnət diyar qoynunu sakinlərinin üzünə açdı. Amma xalq Böyük Zəfərə doğru gedən yolda verilən şəhidləri silahı ilə şanlı tarix yazan xilaskarlar kimi unutmur, onların adlarını əbədiləşdirir, şəninə dastan bağlayır, adına küçə salır, əməllərini örnək simvoluna çevirir. Şəhidlərin ölümsüzlüyü də bu dəyərlərlə bağlıdır. Yolunda canlarını fəda etdikləri Vətən şəhidlərinin adları belə əbədiləşdirilir.
Cəmilə Çiçəyin haqqında söhbət açdığı Kəlbəcər şəhidləri təkcə Kəlbəcər torpağında deyil, Qarabağın hər bir guşəsində işğalçılara qarşı haqq savaşında canlarından keçmişlər. Onların hər birinin kimliyi sonrakı nəsillər üçün ibrət dərsidir, hünər salnaməsidir, qeyrət nümunəsidir. Bu oçerklər, kimliklər, tərcümeyi-hallar həm də xalqın şanlı tarixidir.
Rasim Abdullayev, Azər Mikayılov, Arif Əliyev, Daşqın Şəfiyev, Elnur Mustafayev, Nicat Atayev və Həsən Abdullayev haqqında olan kimlik oçerklərini həyəcansız oxumaq olmur. Cəmilə Çiçək yazır ki, Daşqının itkisinə dözməyən ana kədərini, xatirələrini şeirə köçürür, təsəllisini yazdığı lirik əsərlərdən alır. Bu xanımın özü də ailəsinə baş çəkdiyi şəhidlər haqqında şeirlər yazmışdır. Onlardan biri şəhid atasına verilən təsəllidən ibarətdir:
Başını uca tut, şəhid atası,
Sən qürur yerisən elin-obanın.
Cəsur böyütdüyün oğluna görə
Ruhu dinclik tapır ata-babanın.
Cəmilə Çiçək Kəlbəcər şəhidlərinin kimliyini qələmə almaqla kifayətlənməyib, onların haqqında sənədli film çəkilməsində də fəal iştirak edir. Qeyd etmək olar ki, o, sakinləri köçkün düşmüş Kəlbəcərin şəhidləri haqqında film çəkmək üçün bir rayonu deyil, bir neçə rayonu gəzməli, şəhid ailələrini axtarmalı olmuşdur. Şəhidlər haqqında filmə Gəncə, Göygöl, Daşkəsən, Samux, Goranboy, Yevlax, Bərdə, Tərtər və başqa rayonlarda məskunlaşan, burada köçkün həyatı yaşayan şəhid ailələri də çəkilmişdir.
Şəhid ailələri ilə görüşən, onların qayğıları ilə maraqlanan Cəmilə Çiçək şəhidlərin döyüş meydanında başladığı vətənpərvərlik missiyasını öz xeyirxah əməlləri ilə davam etdirir. Onun Kəlbəcər şəhidləri haqqında qələmə aldıqları əməli ilə tarix yazanlara qoyulan söz abidəsidir, küləyin döymədiyi, günün qaraltmadığı, yağışın islatmadığı əbədiyaşar qeyrət heykəlidir.
Kitab Qarabağ müharibəsi tarixini araşdıran tədqiqatçılar üçün mənbə rolunu oynayır. Buradakı materiallar orta məktəb şağırdlərinə də Vətən müharibəsi qəhrəmanlarının fədakarlığı haqqında əvəzsiz məlumatlar verə bilər.
Bilal ALARLI (Hüseynov)
Filologiya üzrə fəlsəfə doktoru