İsmayıllı Rayonunda Tədbir

İsmayıllı Rayonunda Tədbir
Dəyərlərimizin kreativ tanıtımı 31 Oktyabr 2022 - 12:33
"Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i "Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə”
layihəsi çərçivəsində növbəti tədbir İsmayıllı rayonunda keçirilib.

"Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-i Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Yeniyetmə və gənclər arasında erkən nikah və qeyri-rəsmi nikahlarla mübarizə” layihəsi çərçivəsində oktyabr ayının 28-i İsmayıllı rayonu Heydər Əliyev Mərkəzində maarifləndirici tədbir həyata keçirib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin şöbə müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini və psixoloq Vəfa Abbasova, Azərbaycan Qadınları Respublika Cəmiyyətinin üzvü Əsmaniyə Şirəliyeva, müəllimlər və psixoloqlar, yeniyetmə və gənclər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin nümayəndəsi Nəsimi Teymurov qonaqları salamlayıb, belə bir vacib layihənin tədbirlərindən birinin İsmayıllıda keçiirlməsi məsələsini yüksək qiymətləndirib. Daha sonra layihə haqqında ətraflı məlumat vermək üçün sözü "Vəfa” Sosial Problemlərin Həllinə Dəstək İB-inin sədri Fatma Hacıyevaya verib. İB-nin sədri Fatma Hacıyeva layihənin keçirilməsində əsas məqsədin yeniyetmə və gənclər arasında ailə institutunu inkişaf etdirmək, ailə dəyərlərinin təbliğini aparmaq, erkən nikahların qarşısını almaqla məişət zorakılığına yox demək və onun törətdiyi fəsadlar barədə maarifləndirmə işləri aparmaq, yetkinlik yaşına çatmayan gənclərin qeyri-rəsmi nikaha girməsinin qarşısını almaqdan ibarət olduğunu vurğulayıb.
Tədbir iştirakçılarına bildirilib ki, erkən yaşda qurulan nigahlar 18 yaşı tamam olmayan yeniyetmələrin sağlamlığına, gələcək həyatlarına ciddi mənfi təsir göstərir və bu da öz növbəsində gələcəkdə ailədaxili zorakılıq hallarını ortaya çıxarır.
Daha sonra çıxış edənlərdən Azərbaycan Qadınları Respublika Cəmiyyətinin sədr müavini, psixoloq Vəfa Abbasova və Azərbaycan Qadınları Respublika Cəmiyyətinin üzvü Əsmaniyə Şirəliyeva və digər natiqlər gənclərə erkən nikahların ailə və cəmiyyət üçün yaratdığı problemlərdən danışıb, bu problemin insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlığına ciddi təhlükə yaratdığını izah ediblər.
Sonda mövzu ilə bağlı müəllimləri və şagirdləri maraqlandıran suallar cavablandırılıb, eyni zamanda ictimaiyyətin diqqətinin problemin həllinə cəlb olunması məqsədilə hazırlanmış maarifləndirici kitabçalar, köynəklər paylanıb.
reklamlar

Digər xəbərlər