“Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”

“Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”
Cəmiyət 27 İyun 2024 - 10:28
“Ata, Kəlbəcərə Murovdan aşıb gedəcəyəm”, - deyən oğlum leytenant Sənan Sadıqzadənin bu gün doğum günüdür. Kəlbəcərdə doğulduğu üçün "Ad günüm oirda qalıb" deyir - "Ad günümü qaytarmaq üçün Kəlbəcəri azad etməliyik işğalçılardan". Doğru deyir balam: babalarımızın anım günləri, balalarımızınsa ad günləri tapdaq altında qalıb!

 

Bu gün sənin üçün həyatında çox əlamətdar bir gündü, Sənan! Sənə Kəlbəcərinə və səadətinə qovuşmağını arzulayır, doğum günün kutlu olsun, TÜRK OĞLU TÜRK,-deyirəm.

 

Gəncədəsən, yanımızda olsaydın bağrımıza basardıq. Sən bizim ailənin - anan Gülbəniz xanımın, qardaşın Kənanın, onun ailəsi - qız balamız qədər sevdiyimiz Günay balamızın və onun da balası, şipşirinimiz ÜMİDimizin əzizisən! Sən dostların, yaxın-uzaq qohumların sevimlisisən!

 

 Əxlaqın və haqq yolunda olmağın Tanrıya məlumdir. Tanrı səni bu il sevdana, yarına qovuşdursun, arzularına çatasan. Səni sevənləri sən də sevindirəsən, qız istəməyə, HƏ deməyə, nişana yollayasan, toy edəsən, dostların da sənin kimi, toyunda əziyyət çəkələr -yeyib-içib, oynayalar.

 

Bax, Bu günlərini səbirsizliklə gözləyirik. Bu şeiri isə ata hədiyyəsi kimi qəbul elə, bala.... Səni xoşbəxt olasan!

 

 

Yolunu sal, oğul, doğma dağlara,

Doyunca zirvələr gəz, qadan alım.

Haray sal çiçəkli göy yaylaqlara,

Bir dəstə bənövşə üz, qadan alım.

 

 

Özünlə götürüb əsil dostları,

Dolan təpələri, qalx dağa sarı.

Yayın ortasında görəndə qarı,

Götür yaz bir qatar söz, qadan alım.

 

 

O bulaq, bu tala, o da ki meşə,

Bulud aralansa, düşmən təşvişə,

Tələsik əmlikdən kabab çək şişə,

Sönməmiş ocaqda köz, qadan alım.

 

 

İldırım şaxıdı zirvədə bayaq?!

Yatma səngərində, oyaq ol, oyaq!

Bürün yapıncıya sən çoban sayaq,

Borana, çovğuna döz, qadan alım.

 

 

İçməmiş keçməzsən Şirinbulaqdan,

Çıxammazsan bu tənədən, qınaqdan.

Çiçəklərin rəngi süzsün yanaqdan,

Doysun bir ömürlük göz, qadan alım?!

 

 

Yenə gül açıbmı Dikyurd dərəsi?

Dərmandı çiçəyin burda hərəsi.

Çörəyə yaxılsın yağın kərəsi,

Dolçaya ayranı süz, qadan alım.

 

 

Məhəmməd çalardı sazda “Yurd yeri”,

Dönsün karvanımız, köç üzügeri.

Qopar ayağımdan qıfıl, zənciri,

Düşmənin başını əz, qadan alım!

 

Bakı, 20 iyun 2020-ci il

 

 

Məhəmməd Nərimanoğlu/zekainfo.az

 
reklamlar

Digər xəbərlər