Şəhərin mərkəzindən xeyli uzaqda iki qardaş yaşayırdı. Ataları ölməmişdən
mülkü iki yerə bölüb, oğullarını yerləşdirmişdi. Böyük oğlanın adı Əli,
kiçiyininki isə Vəli idi. Yaşca Vəlidən xeyli böyük olan Əli sakit təbiətli,
işgüzar adamdı. Şəhərdə qızıl sexlərinin birində zərgər işləyirdi. Gözəl ailəsi
vardı. Amma evləndiyindən yeddi-səkkiz il keçsə də hələ övladı yox idi. Dəfələrlə
həkimlərə müraciət etsələr də, uşaqları olmamışdı. Həyat yoldaşı ilə bir-birlərini
çox sevdiklərindən ümidlərini Allahın köməyinə bağlayıb yaşayır, ayrılmaq haqda
düşünmürdülər.
Vəli də bığlı-saqqalı oğlan idi. Qardaşından fərqlənirdi. Ustalıq
edir, babat dolanırdı. O, bir qadınla hərdən görüşürmüş. Aralarındakı kiçik bir
toqquşma nəticəsində, Vəlidən hamilə qalan qadın qapıya qədər gəlib, olanları
söyləməsəydi, bu haqda heç kim, heç nə bilməyəcəkdi. Qadın Vəlidən hamilə
olduğunu söyləyəndə, indiyədək aralarında pərdə saxlayan qardaşlar bir-birlərinin
üzünə baxdılar.
Əli dedi:
– Qardaş, işdi olub, polisə şikayət edə bilər. Nə deyirsən, deyilənlər
düzdürsə, qadınla evlən, qurtarsın getsin. Vəli də heç bir tərəddüd etmədən
qadına qarşı meyli olduğunu bildirdi. Sevincək olan Əli qardaşını qucaqladı.
Tez ol evlən, ilk doğulan uşağı da bizə verərsən, xoşbəxt yaşayarsan,
– dedi.
Bir neçə həftədən sonra hər şey öz yolu ilə getməyə başladı. Vəlinin
arvadı Səfurə gözəl, boy-buxunlu, yaraşıqlı bir xanım idi. İlk baxışdan, ilk
görüşdəncə o, Vəliyə vurulmuşdu.
Vaxt tamam olanda Səfurə yükünü yerə qoydu. Bir oğlu oldu. Uşağa görə
hər iki ailə çox sevindi. Adını Rəsul qoydular. Günlər bir-birini əvəz etdi. Rəsul
bələkdən çıxanda gözəl bir oğlan oldu. O, hər iki ailənin övladı idi. Rəsul
altı aylıq olanda məlum oldu ki, Səfurə yenidən hamilədir. Bu xəbərə həm Əli, həm
də arvadı Gülsüm sevindi. Vəli evdə olanda çay süfrəsi ətrafında Əli qardaşına
dedi:
– Qardaş, əgər məsləhət bilsəniz, Rəsulu biz götürüb qayğısını çəkər,
böyüdərdik. Hamının üzü güldü, Vəli də Səfurə də razı oldular. Sənədləşmədə bir
çətinlik də baş vermədi. Uşağın yaş kağızında belə yazıldı: “Rəsul Əli oğlu Həsənli”.
Rəsul Əlinin evinə köçürüldü. Get-gedə böyüyür, yeriməyə başlayır, qırıq-qırıq
ata,ana da deyirdi.
Səfurə hamiləlik dövrünün son həftələrini yaşayırdı. Vəlinin birdən-birə
dəyişməsi, kobudlaşması, evə sərxoş gəlməsi onu üzürdü. Öz-özünə:
– Yoxsa bu kişi kiməsə uydu məndən üzmü döndərdi, mənə nifrətmi etməyə
başladı? – deyə düşünüb, narahat olurdu.
Axşamlar Vəli sərxoş olub yatanda ciblərində olan pulların sayına
baxdı. O bilirdi ki, Vəlinin əl qabliyyətinə qiymət verilir, yaxşıca pul
qazanır. Deməli burada nə isə bir dolaşıqlıq vardı. Səhər Vəli ayılıb işə getmək
istəyəndə Safurə qapıda onun qarşısını kəsdi.
– Vəli,
sən niyə belə dəyişdin? Daha məni sevmirsən? Anlaya bilmirəm, sənə nə oldu?
Vəli tüklü üzünü turşudaraq, hamilə Səfurənin qolundan bərk tutub
yana itələdi və çıxıb getdi. Həmin söz-söhbətdən sonra iki-üç gün evə gəlmədi.
Sonra yenə ləngər vura-vura qapının ağzında göründü.
Sonra yenə Səfurə artıq tam əmin olmuşdu ki, əri kiminləsə kənarda
yaşayır. Qapını onun üzünə çırpdı. Vəli var gücü ilə qapıya bir dəpik vurdu. Hələ
də qapının arxasından baxan Səfurə gözlənilməz zərbədən qapı bərabəri arxası
üstə yerə yıxıldı. Hamilə qadının başı qapının yanındaki “ceyran” peçinə dəyib
yarıldı. Qan fışqırmağa başladı. Əli hələ işdən gəlməmişdi. Səs-küyə yetişən
Gülsüm gördüklərindən dəhşətə gəldi. Tez əlindəki telefonla təcili-yardım
çağırdı. Bir qədər ləng gələn təcili yardım işciləri qan içində olan Səfurənin
başını qaldıranda gördülər ki, özündə deyil.
Götürüb xəstəxanaya apardılar. Hadisədən on-on beş dəqiqə keçmiş polislər
evi əhatəyə alaraq, Vəlinin qandallayıb
maşına mindirdilər.
İki adam öldürdüyünə görə məhkəmə
Vəliyə iyirmi beş il iş verdi.
Hadisə eşidənləri məyus etdi. Ən çox qəm-kədər içində olan Əli idi. O
özünü günahkar bilirdi. Canbir qardaşının tərbiyəsi ilə məşğul olmaması, onu
özbaşına buraxması böyük qardaşa ağır gəlirdi.
İllər keçdi. Daha Rəsul böyümüş, beş yaşı tamam olmuşdu. Vəli də həbsxanada
özünü asıb, öldürmüşdü. Həyatını, sevincini uşağa verən Gülsümün Rəsula məhəbbəti
isə daha da artırdı. Əli də onun hər bir istəyini yerinə yetirir, nazı ilə
oynayırdı. Velosiped istəyirdi, alırdı. Maşın istəyirdi, alırdı. Bir sözlə, Rəsul
evin yeganə və ərköyün uşağı idi. Əli Gülsümə deyirdi:
– Narahat olma, böyüyəndə hər şey qaydasına düşəcək. Mənim oğlum
yaxşı bir kişi olacaqdır. Gülsüm də gülümsəyib:
– Qoy sən deyən olsun. Sən inanırsansa, mən də inanıram. Kor nə istəyir,
iki göz, biri əyri, biri düz.
Amma Gülsüm ürəyinin dərinliklərində küskün idi. Ömür-gün yoldaşı Əlinin
gözəl insan olması ürəyincə idi. Doğma övladlarının olmaması onun ürəyini
parçalayırdı.
Rəsulun hər dəfə ona, anacan – deyə müraciət etməsi Gülsümə ləzzət
verir, onun yarasını sağaldırdı. Rəsula şeirlər əzbərlədir, hərflər öyrədirdi
ki, məktəbə gedəndə hazırlıqlı olsun.
Rəsul birinci sinfə ayaq basanda, ata-ana məktəbdə idilər. Məktəb
forması Rəsula elə bir görkəm verirdi ki, elə bil indidən o, hüquq işcisi idi.
Qayğılar daha da çoxaldı. Gülsüm uşağı yedirir, içirir, tezdən məktəbə aparır,
məktəbdən gətirirdi. Gün ərzində vaxtının çoxu Rəsulun qayğılarına həsr
olunurdu. Əli də Rəsula olan münasibətdən fərəhlənir, həvəslə işə gedir,
qazancla evə qayıdırdı. Ailə firavan yaşayırdı. Günlər, aylar nəfəs dərmədən
ötüb keçirdi.
Rəsul artıq yeddinci sinifdə oxuyurdu. Özü də əlaçı idi. Sinifdə
onunla dostluq edənlərin sayı çoxalmışdı. Hətta bərabər dərs hazırlamaq adı ilə
evlərinə gələnlər də vardı. Rəsul evlərindən bir az aralıda yaşayan bir qızla
tanış oldu. Daha doğrusu, məktəbdən qayıdanda qız özü Rəsula girişdi. Əvvəlcə
özünü mələk kimi göstərdi. Onunla dost olmaq istədiyini bildirdi. Onun adı Sima
idi. Bu yaxınlıq bir ildən çox çəkdi. Bir gün onlar xəlvət bir guşəyə çəkilib
skamyada oturanda, Sima Rəsulu qucaqlayıb, bağrına basdı və öpməyə başladı. Belə
şeylərə yad olan Rəsul özünü itirdi. İlk öpüş onun xoşuna gəlmişdi. Dönüb o da
qızı öpdü. Sanki bu tanışlıq kiminsə planlaşdırdığı bir ssenari idi. Daha Rəsul
Simanı ardıcıl görür və öpüşürdülər. Olanlardan Gülsümün xəbəri yox idi. Rəsul
bəhanələr gətirib aradan çıxırdı. Bir gün oturduqları zaman Sima çantasından
papiros qutusunu çıxarıb, birini damağına qoydu və yandırdı:
– Ləzzət
verir. İstəyirsən birini də sənə verim. Rəsul çiyinlərini çəkdi:
– Bilmirəm
– dedi. – Atam papiros çəkmədiyi üçün mənim anlayışım yoxdur.
– Al, al,
pis deyil, dadına bax, ləzzət verəcək.
Rəsul papirosu ağzına qoyanda, Sima alışqanla onu yandırdı. Tüstü ciyərinə
gedəndə, bərk öskürdü. Sonra sakitləşdi. Gözləmədiyi hal yaşadı. İndi qəh-qəhə
çəkib gülən Sima onun gözünə dörd görünürdü.
O gündən sonra Sima ilə birlikdə vaxt keçirən Rəsul məktəbdə bir bəhanə,
evdə başqa cür bəhanə gətirir, dəhşətli bir vərdişin aludəçisinə çevrilirdi. Bu
“məhsulu” Simaya verənlər də əvəzində pul tələb edirdilər. Simada da o pullar
yox idi. Atası əyyaşın biri olduğundan anası da kiminlə düşdü gününü keçirirdi.
Uşaq da belə.
Bir gün yenə Sima Rəsula dedi:
– Əzizim,
sevgilim, mən xoşuna gəlirəmmi?
– Əllbəttə – deyə Rəsul cavab verdi.
İndi onu bil ki, istifadə etdiyimiz “məhsul”un sahibi pulunu istəyir.
Pul da məndə yoxdu. Sənin atan zərgərdi. Pulunuz çox olmalıdır. Bəhanə elə, bir
az pul qopar.
Bu minvalla evdən verilən xərclik kifayət etməyəndə, məcbur qalan Rəsul
atasının cibindən pul oğurlayıb Simaya verirdi. Belə əhvalatlar dəfələrlə təkrar
olundu. Nə atanın, nə də ananın xəbəri vardı. Onlar Rəsula o qədər inanırdılar
ki, belə şeyləri ağıllarına gətirə bilməzdilər.
Bir gün Əli evə gələndə Gülsüm onun çay içməzdən əvvəl əlində gətirdiyi
qutunu kitab rəfinin üstünə qoyduğunu gördü.
– O
nədir? – deyə soruşdu.
– Heç, qızıl sırğa və üzüklərdi üzərində işləyib, təmir etməliyəm.
Müştəri bir iki günə gəlib aparacaq. Söhbəti kənardan Rəsul da eşitdi. O, gecə
ata-anası yatdığı zaman qutunu götürüb, həyətə düşdü. Daşların arasında ağıla gəlməz
bir yerdə gizlədib üstünə də iri bir daş qoydu və gəlib yatağına uzandı. Yuxuya
getdi. Yuxuda gördü ki, saqqallı yaşlı adamlar yanlarında olan yarım çılpaq
qadınlarla oynaşır, kef edirlər. Çəkdikləri papiros tüstüsündən heç nə
görünmür. Rəsul əlində qutu qapıdan girəndə, bir ağızdan qışqırdılar:
– Afərin
sənə, oğul belə olar. Sənin kimilərə aramızda hörmət – izzət var – dedilər.
Səhər tezdən Rəsul oyanıb məktəbə qaçdı, daha bilmədi evdə nə həngamə
qopdu.
Gülsüm səhərə süfrəni hazırlayıb, ərini gözlədi. Əli səliqəli adam
idi, çox yatmaqla işi yox idi. Oyanıb əl-üzünü yudu, dəsmalla qurulanıb onu
gözləyən həyat yoldaşına baxdı. Əyləşib, çay-çörəyini yeyib qalxdı. Kitab rəfinə
doğru gedib, qutunu götürmək istədi. Qutu yerində yox idi. Təəccüblə:
– Gülsüm,
ay Gülsüm, qutu hanı?
– Nə
bilim hanı, əlimi də vurmamışam.
Dünya Əlinin başına fırlandı.
Bircə onu deyə bildi ki:
– Mən müştəriyə nə cavab verəcəyəm?! Arxası üstə yerə yıxıldı. Təcili
yardım gəlsə də, artıq gec idi, faydası olmadı.
Beyninə qan sızmışdı...
Cəmilə ÇİÇƏK/zekainfo.az
Prezident
təqaüdçüsü,
AYB və
AJB-nin üzvü