31 dekabr - Azərbaycan
xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günüdür. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini
nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan
etdi.
Dünya azərbaycanlılarının
həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan
Ulu öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və
ideoloji həmrəyliyinə müvəffəq olmuşdur. Dünya azərbaycanlılarının milli
birliyinin ideoloqu, təbliğatçısı və təşkilatçısı olan Ulu Öndər xarici dövlətlərə
səfərləri zamanı proqramının zənginliyinə, iş gününün gərginliyinə rəğmən həmin
ölkələrdə yaşayan, fəaliyyət göstərən həmvətənlərimizlə görüşlərə də mütləq
vaxt ayırır, onların problem və qayğıları ilə yaxından maraqlanır, daha sıx təşkilatlanmaları
üçün dəyərli tövsiyələr verirdi.
Ümummilli lider
31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xarici ölkələrdə
yaşayan soydaşlarımıza müraciətlərindən birində deyirdi: "Dünya Azərbaycanlılarının
Həmrəylik Gününün dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq
mübarizəsinin məntiqi nəticəsi olaraq artıq xoş ənənəyə çevrilmişdir. Qədim və
zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli
birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli
mübarizəyə səfərbər edən həmrəylik günü hər bir azərbaycanlı üçün inam və ümid
anıdır. Hal-hazırda dünyanın müxtəlif ölkələrində milyonlarla soydaşımız
yaşayır, işləyir, fəaliyyət göstərir. Buna baxmayaraq, onların milli-mənəvi
varlığını yaşadan yeganə bir dövlət var. Bu, müstəqil, suveren Azərbaycan Respublikasıdır.
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsasını da məhz Azərbaycan
dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri
dəyərlərə hörmət, onların daim qorunmasına, yaşamasına qayğı təşkil edir".
Dahi şəxsiyyətin
dünya azərbaycanlılarının həmrəyliyinin, birliyinin təmin edilməsi ilə bağlı
ideyaları bu gün də aktualdır. Ulu öndərin siyasi kursunun layiqli davamçısı,
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı müvafiq sərəncamlarla
Bakı şəhərində 2006-cı il martın 16-da Dünya Azərbaycanlılarının II, 2011-ci il iyulun 5-6-da III, 2016-cı il iyunun 3-4-də isə IV qurultayının
keçirilməsi diaspor quruculuğu işinə əsaslı töhfə vermişdir. Bu qurultaylar
dünya azərbaycanlılarının birlik və həmrəyliyinin təntənəsi baxımından mühüm
tarixi əhəmiyyət kəsb edir.
Artıq dörd ildir ki, Milli Həmrəylik Günü tamamilə fərqli, daha yüksək əhvali-ruhiyyə ilə qarşılanır. Torpaqlarımızın işğaldan azad olunması həm də milli həmrəylimizin təntənəsi, xalqımızın öz rəhbəri ətrafında sıx birləşməsinin təcəssümü oldu. Milli dövlətçilik tariximizdə və xalqımızın yaddaşında əbədi yaşayacaq şanlı Zəfər xalq-iqtidar birliyi, ordumuzun yüksək peşəkarlığı və gərgin siyasi-diplomatik fəaliyyəti sayəsində əldə edildi. Vətən müharibəsində dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılar da yüksək dərəcədə fəallıq göstərdilər, daha sıx birləşdilər. Vətən müharibəsi xalqımızın mübarizliyini bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bu savaşda xalqımız İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin ən mükəmməl nümunəsini yaratdı.Professor
Asəf Zamanov,
ADPU-nun elm və innovasiyalar üzrə prorektoru