QHT sədri zamanəmizin qəhrəmanı Hökumə Əliyevadan danışdı

QHT sədri zamanəmizin qəhrəmanı Hökumə Əliyevadan danışdı
Cəmiyət 07 Yanvar 2025 - 16:18

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri, Zekainfo.az portalının rəhbəri Cəmilə Çiçək Azərbaycan Hava Yolları (AZAL) şirkətinin əməkdaşı, təyyarə qəzasında həlak olan mərhum Hökumə Əliyeva haqqında danışıb.

Cəmilə Çiçək vurğulayıb ki, Hökumə Əliyeva misilsiz şücaət və peşəkarlıq nümayiş etdirərək zamanımızın qəhrəmanına çevrilib:

“Hökumə Əliyeva faciə anında öz peşəkarlığı və cəsarəti ilə yüzminlərin qəlbini fəth etdi. Təyyarə yerə çırpılmadan əvvəl sərnişinləri təmkinli olmağa çağıraraq, onlara 'Hər şey yaxşı olacaq' dedi. Öz yerini sərnişinlərə verdi, təhlükəsizliyini təmin etməyə çalışdı və son ana qədər vəzifə borcunu yerinə yetirdi. Bu hünər, Hökuməni milyonların qəhrəmanına çevirdi.”

Hökumə Əliyevanın həyatı və fəaliyyəti haqqında məlumat verən Cəmilə Çiçək bildirib ki, mərhum qəhrəman Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. Ailəsi Qarabağ müharibəsi səbəbindən məcburi köçkün düşərək müxtəlif yerlərdə məskunlaşıb. Hökumə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində təhsil almış, magistr və doktorantura dərəcələrini tamamladıqdan sonra AZAL-da çalışıb. O, əvvəlcə tərcüməçi, sonra isə stüardessa olaraq fəaliyyət göstərib. Yaxın vaxtlarda AZAL-da hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.

Cəmilə Çiçək qeyd edib ki, Hökumə Əliyeva yalnız peşəsinə deyil, həm də doğma vətəninə sadiq bir insan idi:

“O, həyatı boyunca doğma vətəninə və xalqına xidmət etməyə can atdı. Hökumənin hünəri onun yalnız ailəsi və yaxınları üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur mənbəyidir. O, faciə qurbanı olsa da, xalqın yaddaşında qəhrəman kimi qalacaq.”

Cəmilə Çiçək həmçinin Prezident İlham Əliyevin hadisəyə verdiyi dəqiq və ədalətli qiymətə də toxunub:

“Prezident İlham Əliyev hadisəyə obyektiv yanaşaraq, Rusiya tərəfindən vaxtında üzrxahlığın və ədalətli addımların atılmasının vacibliyini vurğuladı. Ölkə başçımızın qətiyyəti nəticəsində Rusiya tərəfindən etiraf və üzrxahlıq gəldi. Ancaq təəssüf ki, bu gec baş verdi.”

Hökumə Əliyevanın göstərdiyi qəhrəmanlıq xalqımızın yaddaşında əbədi olaraq yaşayacaq və onun fədakarlığı Azərbaycan gənclərinə nümunə olaraq qalacaq.

 

reklamlar

Digər xəbərlər