Göylərin şahinləri: Fədakarlıq və qəhrəmanlıq dastanı- QHT sədri yazır

Göylərin şahinləri: Fədakarlıq və qəhrəmanlıq dastanı- QHT sədri yazır
Cəmiyət 07 Yanvar 2025 - 16:19

2024-cü ilin dekabr ayında baş verən və hər kəsi dərindən sarsıdan bir hadisə, bir tərəfdən faciə, digər tərəfdən isə qəhrəmanlıq dastanı kimi yaddaşlara həkk olundu. Bakı-Qroznı reysi ilə uçan "Azərbaycan Hava Yolları”na məxsus "Embraer 190" təyyarəsinin qəzası zamanı pilotlar, təyyarə heyəti və bələdçilərin göstərdiyi şücaət təkcə hadisənin şahidlərini deyil, bütün xalqı qürurlandırdı.

 

Pilotların şücaəti

Təyyarənin Qroznı üzərində zenit raketləri ilə atəşə tutulmasına baxmayaraq, pilotlar inanılmaz peşəkarlıq və cəsarət nümayiş etdirərək onu Xəzər dənizindən keçirib Qazaxıstanın Aktau şəhərinə çatdıra bildilər. Aviasiya ekspertləri Yakob Vert və Yulian Röpkənin fikrincə, bu qəza tamamilə məhv olmaqla nəticələnə bilərdi. Lakin pilotların qeyri-adi peşəkarlığı sayəsində təyyarə arxa hissəsinin nisbətən salamat qalması mümkün oldu və sərnişinlər xilas edildi.

 

Qəhrəmanlara dövlət səviyyəsində təltiflər

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla qəza zamanı şücaət və peşəkarlıq nümayiş etdirən şəxslər yüksək fəxri adlara layiq görüldülər. Kapitan İqor Kşnyakin və bələdçi Hökumə Əliyeva ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görüldülər. Təyyarənin ikinci pilotu Aleksandr Kalyaninov və heyət üzvləri də fərqli mükafatlarla təltif edildilər.

 

Hökumə Əliyevanın son sözləri: “Hər şey yaxşı olacaq”

Faciə zamanı öz vəzifəsini ləyaqətlə yerinə yetirən bələdçi Hökumə Əliyevanın dediyi bu son sözlər hadisənin simvoluna çevrildi. Onun qətiyyəti və sərnişinlərə olan qayğısı bir daha sübut etdi ki, qəhrəmanlar yalnız müharibədə deyil, həm də gündəlik həyatın ən çətin anlarında doğulurlar.

 

Xalqın qəlbində əbədi yaşayanlar

Bu qəhrəmanların fədakarlığı yalnız bu gün deyil, gələcək nəsillər üçün də nümunə olacaq. Onlar göstərdilər ki, insan həyatı, mənsub olduğu cəmiyyətə, xalqına xidmət edəndə əsl məna qazanır. Onların adları tarixdə əbədi olaraq qalacaq və nəsildən-nəslə ötürüləcək. Hər birimiz qəhrəmanlarımızın ruhuna dualar edir, onların ailələrinə və yaxınlarına başsağlığı veririk. Bu igidlərin şücaəti heç vaxt unudulmayacaq və onların göstərdikləri cəsarət hər zaman xalqımızın qürur mənbəyi olacaq.

 

 

Cəmilə Çiçək

"Zəka İşığında" Milli Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin sədri

reklamlar

Digər xəbərlər