"Dəlidağın nəğmələri" təqdim edir

"Dəlidağın nəğmələri" təqdim edir
Mədəniyyət 22 Yanvar 2025 - 16:30
Söz-sözü çəkəndə...
Poeziyanın minarəli ünvanı
Əyalətdə yaşayıb, məmləkətdə sevilən şairlərimizdən biri də Minarə İsgəndərdir
Kamil insan sənət əsəri yarada bilər. Sənətin nə olduğundan xəbəri olmayanlara aid deyil bu. Bunu ulu söz sərrafları deyiblər. Əlbəttə, peşə və sənətlərdən fərqli olaraq, şeir yazmaq qeyri-adi istedada bağlıdır. Yəni şeir yazmaq nə peşədən asılıdır, nə sənətdən, nə də elmdən. Amma kamillik burada ilkin şərtdir. Şeirə bənzər o qədər cızma-qaralar yazılır ki, amma, onlar poeziya nümunələri kimi qəbul edilmir.
Şeir xiridarları - şeirsevərlər də (vaxtilə Kitabsevərlər Cəmiyyəti də var idi) var ki, bircə misra belə yazmasalar da, özlərini bəzi şair-yazıçı, ədib, nasir, ümumiyyətlə, qələm, söz adamı, yazar hesab edənlərdən daha çox duyurlar şeir-sənəti...
Əyalətdə yaşamaqla, dünyanı öz istedadına heyran edə bilərsən. Dünyanın tanınmış ictimai, siyasi, eləcə də ədəbi simalarının əksəriyyəti əyalətlərdən çıxıb, yaxud elə Vətənimizdə bu, belə olmayıbmı? Məgər Nizamimiz Gəncədən, Nəsimimiz, Sabirimiz Şamaxıdan, Üzeyirimiz Şuşamızdan, Məmməd Arazımız Naxçıvandan, Zəlimxanımız Borçalımızdan, Bəhmənlə, Sücaətimiz Kəlbəcərəmizdən... boy vermədilərimi?
Demək, şərt o deyil ki, mavi gözlü Xəzər sənin duyğularını ləpələndirsin, dalğalandırsın. Sən də hətta. Xalq şairi olasan. Tanrının verdiyi təb, istedad varsa, dağın zirvəsindən, qartallar yuvasından da qıy çəkə bilərsən, dünyanın o başında eşidilər.
Bu mənada əyalətdə yaşayıb-yaradanlarımızın ilahi təbi daha coşğun və real hiss olunur. Yəni, yalnız arzu olunanlar deyil, yaşananların ifadəsi olduğu üçün onlar daha inandırıcı və təsiredici olur.
Son 30-40 il ərzində ilahi təblə könlünün haray və pıçıltılarını nəzmə çəkən neçə-neçə qələm adamının lirik dünyasına boylanmışam. Mənə aydın olanlar budur ki, hər bir şairin lirik sevgi ruhlu şeirlərindəki səmimilik, re¬alizm və yüksək bədiilik, heç şübhəsiz, bu yaradıcılıq cə¬hət¬lərin¬dəndir.
Budur, yenə də poeziyada, ədəbi aləmdə öz dəst-xətti ilə seçilən bir söz adamının bədii yaradıcılıq nümunələri ilə baş-başayam. Onun şeirlərindəki səmimilik meylini artıran inandırıcılıq ona görə cəlbedici və estetik şəkildə ifa¬də olunur ki, burada bilavasitə kədər, qəm-qüs¬sə ilə yoğrulmuş bir qəlbin hərarətini, iniltisini hiss etmək müm¬kün olur. Hiss edirsən ki, şairin ifadə etdiyi hiss və emo¬siyalar, həmçinin estetik həyəcanlar heç də mücərrəd xa¬rak¬ter daşımır, onun bilavasitə ya yaşadığı, ya da şahidi olduğu hə¬yat hadisələrindən irəli gəlir.
Aranlı-dağlı məmləkətimizin hər guşəsində var ilahi təbdən qidalanan söz adamları. Onlardan biri də oxucularına iki kitabı (“Yadına düşürəmmi?”, “Dünya mənsiz qalanda...”) ilə tanış olan Minarə İsgəndərdir ki, aranda, Yevlaxda dünyaya göz açıb və doğma yurdda müqəddəs müəllimlik peşəsi ilə xalqa xidmətdədir. Arada daxili dünyasına da baş çəkir və içəridəki MƏN ilə dərdləşr ki, bu “söhbətlər” də poeziya nümunələrinə çevrilir.
Minarə xanımın şeirlərini oxuduqca belə qənaətə gəlirsən ki, ədəbi prosesdə mücərrəd xarakter daşımayan, ağlın, soyuq məntiqin qanunlarına uyğun olaraq oxucuda müəyyən hiss-həyəcan yaratmağa çalışan şairlərimiz az deyil.Yəni daxili ehtizazdan doğan hiss-həyacan təbii olaraq poetik ricətlərə çevrilir.
Bəzi şairlərimizin əsər¬lərinin reallıqdan, səmimilikdən uzaq olmalarının bir səbəbi də məhz onların qələmə aldıqları mövzuya tam olaraq hakim ola bilməmələri, hadisədən doğan hiss və həyəcanları şəxsən yaşamamalarından dolayı irəli gəldiyini söyləmək mümkündür.
Haqqında söz açılan poeziya nümunələri müəllifinin - Minarə İsgəndərin şeirlərini oxuduqca onun yaxından hiss etdiyi, cismən və bilavasitə yaşadığı kədər, sevinc dolu düşüncələri, dərin hiss və həyəcanları ifadə etdiyini görə bilərik. Şairin bu qə¬bil¬dən olan şeirləri dərin kədərin, qəm-qüssə dolu his¬slərin və duyğuların bədii ifadəsinin heç də yalnız əruzda olduğu kimi, klassik şeir formalarında deyil, eyni zamanda sərbəstdə, ozan-aşıq poeziyasına aid şeir növlərində də estetik təravətlə ifadə etdiyini görmək mümkündür:
Gözümü şəklinə dikib ağladım,
Bu dərdi qəlbimə əkib ağladım,
Soyuq torpağına çöküb ağladım,
Getdi uşaqlığın odu, ocağı,
Əli ətəyindən uzun gəlirdim,
Kəndə qayıdırdım bir axşamçağı.
Demək, şair poetik janrların estetik təbiətinə dərindən bələddir ki, bu da onun estetik dün¬yagörüşündə və poetik təfəkkürünün formalaşmasında də¬-rin izlər buraxıb.
Bu qəbildən olan şeirlərdə müəllif daha çox bitməyən həyəcanlar, dərin hissləri yüksək bədiiliklə ifadə edə bilir. Çünki belə şeirlərdə ifadə olunmuş dərin hisslər, həyəcan notları və emosiyalar olduqca təsirli və inandırıcıdır.
Zənnimizcə, hər bir sənət əsəri üçün mühüm olan səbəb də məhz hiss və həyəcanların sənətkar tərəfindən gerçəkdən yaşanması ilə əlaqədardır.
Bu hiss və duyğular nə qədər subyektiv xa¬rakter daşısa da, yalnız şairin özünə aid faciəvi, kədərləyici hadisədən irə¬li gəlsə belə o, heç də tamamilə subyektiv, digər in¬san¬la¬rın bu qəbildən faciəvi hadisələrə münasibətindən təcrid olun¬¬mamaqdadır. Unutmaq olmaz ki, hər bir normal hiss, duyğu orqanlarına malik insan ya¬xın dostunu, tanışını, dünyalar qədər sevdiyini itir¬di¬yi zaman, təbii olaraq, uzun zaman bu itginin təsiri altında qalır, çox şeyləri bir daha xatırlamağa, götür-qoy eləməyə çalışır, bu çıxılmaz vəziyyətdən çıxış yolu axtarır, dərin və mürəkkəb psixoloji anlar yaşamağa məcbur olur.
Sənət adamları bu sırada, xüsusilə də şairlər, bəstəkarlar, az da olsa, bu çıxış yolunu, təsəlli vasitəsini ortaya çıxmış dərin hiss və həyəcanların, emosiyaların səslərdə, sözlərdə mad¬diləşdirilməsində görə bilirlər. Bax, elə bu qoşmasında deyildiyi kimi, qüssə-kədər özü bir poeziya nümunəsidir:
Yüyürüb gələrdim gündə yüz kərə,
Orda “yox” deyərdim hər dərdi-sərə.
Üz tuta bilmirəm daha o yerə,
“Sən məni bağışla, a köhnə dam-daş”.
Atamın harayı, hayı yox indi,
Anamın çəkdiyi payı yox indi,
Ömrümün baharı, yayı yox indi,
“Sən məni bağışla, a köhnə dam-daş”.
Sanma uşaqlıqdan doyub getmişik,
Böyüyün sözünü sayıb getmişik.
Hər saflığı orda qoyub getmişik,
“Sən məni bağışla, a köhnə dam-daş”.
Könlümə düşürsən bəzən qar kimi,
Səndə xatirələr yadigar kimi.
Hər suçu unudan uşaqlar kimi,-
“Sən məni bağışla, a köhnə dam-daş”.
Biz mənəvi ehtiyacdan doğan belə yaradıcılıq üsulunu bir qəbildən olan hissləri keçirmiş tanınmış sənətkarların yaradıcılığında görə bilərik. Bunlardan başqa, poeziya həm də sevgi, hicran, həsrət, vüsal misallı da olur. Dahi Nizaminin “Sənsiz”, “Sevgili Canan”, həmçinin Füzulnin bir çox lirik qəzəllərini misal gətirmək mümkündür. Dünya klassik ədəbiyyatında Hötenin “Verterin iztirabları” əsərində də xüsusi çəkisi olan nakam və əbədi sevgidən doğan dərin hiss və həyəcanların yüksək bədii ifadəsini xatırlatmaq mümkündür.
Minarə xanımın qələmindəki sevgi isə bu boyda-buxunda, bu biçimdədir:
Ona de ki, gedəndən,
Adım çıxıb yadımdan.
Gorsə, tanıya bilməz,
Çünki heç bir iz yoxdur,
O gördüyü qadından.
Ona de ki, ayrılıq,
Yandırıb yaxdı məni.
Görsə, özü utanar,
Bu qədər zülm olarmı?
İntizar yıxdı məni.
Ona de ki, bu həsrət,
Məni məndən alıbdı.
Görsə, inana bilməz,
Yaşamıram, ölüyəm,
Təkcə adım qalıbdı…
Minarə İsgəndərin yaradıcılıq nümunələrində poetik ovqat özü seçir janrı. Əruzdan başqa, demək olar ki, istər klassik, istərsə də modern şeir növləri xanım şairin hiss-həyəcanlarını ifadə edir. Qoşma, gəraylı, sərbəst vəznli şeirlərindəki ana xətt isə vətənpərvərlik, sevgi-məhəbbət, arxada qalan 30 illik Qarabağ ağrıları, bütöv Azərbaycan arzuları, daha sonra isə 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər salnaməyə çevrilir:
“20 Yanvar”a ünvanlı şeirində də həmin hiss-həyacan duyulur:
Gecənin sahibi
Duydumu bu ahları?!
Bizə miras qoyubdur,
Çox belə sabahları?!
O tökülən qanları,
O yumulan gözləri.
Görən kimlər eşitdi,
Deyilməyən sözləri?
Bəlkə də bir-birindən
Olmadı heç xəbəri.
Yaratdılar ölümlə
Neçə ölməz əsəri.
Biri dastan, əfsanə,
Biri yandı, kül oldu.
Onlar yatan hər məzar,
Döndü qərənfil oldu.
Minarə xanımı digər qələm adamlarından fərqləndirən üslubmu, özünəməxas cəhətmi deyim var. O, qələm dostlarının yaradıcılığına biganə qalandan deyil. Əksinə, ürəyinə yatan şeirlərə cavab yazmağı özünə bir yaradıcılıq üslubu seçib ki, bu da onu digərlərindən fərqləndirir. Bunu ona görə dedim ki, Minarə xanımın 30 şairlə 80-85 deyişməsi olub. Növbəti, çapa hazırlanan üçüncü kitabı da məhz deyişmələrdən ibarət olacaq. Elə yeri gəlmişkən, Ağalar Yusifoğlu ilə olan deyişməyə nəzər salsaq pis olmazdı:
Ağalar:
Bir qantəpər şəfalı,
kəklikotu ətirli,
Bir yasəmən qoxulu,
bir bənövşə xətirli,
Bir qələmə qamətli,
salxım söyüd çətirli,
Gözəl küsüb, ey, gözəl.
Minarə:
Bir gözləri yumulu,
bənövşətək yuxulu,
Bağrı lalə yanaqlı,
yarpız, nanə qoxulu.
Hərdən dönüb baxanda
şimşək kimi çaxılı,
Sən də baxıb gözünü
həsrətlə süzdürmüsən.
De, niyə küsdürmüsən?
Ağalar:
Hardadır durnaboğaz,
gözləri badam gözəl?
Badamı gözü görüb
məst olur adam, gözəl.
Bu intizar könlümə
tökülsün qadan, gözəl,
Gözəl küsüb, ey, gözəl.
Minarə:
Heç intizar çəkmisən,
ağlamısan gecələr,
Yuxuna gələr deyə,
yoxlamısan gecələr?
Ümidini səhərə
bağlamısan gecələr,
Gedib görüş yerini
inadla kəsdirmisən?
De, niyə küsdürmüsən?
Ağalar:
Ayağı torpaq üstə,
xəyalı göylər dələn.
Yanağına şeh düşmüş
qönçələr kimi gülən.
Gülüşündən könlümə
həyat nuru tökülən,
Gözəl küsüb, ey, gözəl.
Minarə:
Anıb hey gülüşünü,
xəlvəti heç gülmüsən?
Dediyi acı sözü
özünə dərd bilmisən?
Gözündən axan yaşı
yanağından silmisən?
Ürək-dirək vermisən,
hörmətlə susdurmusan?
De, niyə küsdürmüsən?
Ağalar:
Acıma şəkər qatıb,
halımı bilən küsüb.
Dilindən bal süzülən,
gözündən gülən küsüb.
Qəmimdən qübar tapan,
dərdimdən ölən küsüb.
Gözəl küsüb, ey, gözəl.
Minarə:
Acıları dəf edən,
şirin-şəkər, baldımı?
Səni dəli eliyən
üzündəki xaldımı?
O məhəbbət, o sevda
xəyalında qaldımı?
Ürəyində dəfn edib,
sevgini basdırmısan?
De, niyə küsdürmüsən?
Ağalar:
Yığılın, hal bilənlər,
tapaq, minnət eliyək.
Umu-küsü mülkünə
onu həsrət eliyək.
Suç olsun Ağaların,
danlaq, töhmət eliyək.
Gözəl küsüb, ey, gözəl.
Minarə:
Günahı kimdə görüb,
özünə dərd etmisən?
Bu həsrətdə, möhnətdə
ərimisən, itmisən.
Yığıb dostu, tanışı
heç dalınca getmisən?
Gözünü gözlərində
yumub da gəzdirmisən?
De, niyə küsdürmüsən?!
Əslində, mən Minarə xanımın şeirlərini oxuyub, bəzilərindən nümunə göstərmək istədim. Lakin şairə xanım, vallah, özü demişkən, bəndləri bir-birinə elə bənd edib ki, mən də bənd oldum ümumi ahəngə. Əlim gəlmədi ki, o bəndləri bir-birindən ayırıb yazımda nümunə göstərim. Sanki onda şeirin pərgarı, sözlərin düzülüşü, ifadəsi pozulardı. Tanrı heç kimin, heç nəyin pərgarını pozmasın.
Minarə İsgəndərin bir gəraylısında da bunu təsdiqləyə bilərik: bütün bəndlər bir-biri ilə sanki qucaqlaşıb, qol-boyundur, ayırmaq ananı baladan uzaq tutmaq kimidir:
Düzürəm sözü birbəbir,
Kimi gəlir, kimi gedir.
Hər yarımçıq ömrə qəbir
Qazanı varsa, mən kiməm?
Tanrı göndərir şimşəyi,
Səs titrədir yeri, göyü.
Özüm yazmadım taleyi,
Pozanı varsa, mən kiməm?
Dərdim dərdlər sırasında,
Ürəyimin yarasında.
Yerlə göyün arasında
Azanı varsa, mən kiməm?
Haqsızlıqdan gəldik dilə,
Nahaq haqqı “verdik” yelə.
Haqq işindən gilə-gilə
Sızanı varsa, mən kiməm?
Ay Minarə, söz balıymış,
Yazdığın ulduz falıymış.
Danışmağa dil lalıymış,
Ozanı varsa, mən kiməm?
Şair ürəyinin ağrı-acısı bambaşqa olur. Hər şey ona təsir edir. Bəhmən Vətənoğlu yazırdı:
Ay Zəlimxan, elə kövrək olmuşam,
Səhər-səhər meh də dəyir xətrimə.
Bezikmişəm suların da səsindən,
Çəmənlikdə şeh də dəyir xətrimə.
Şair bunu ötəri demirdi. Yəni ki, şairlərin ürəyinin səsini bir yaradan, bir özü, bir də qəlbində pıçıldadığı misralar, sətirlər bilir. Bu anlamda Minarə xanımın də ürəyinin səsi gəlir bu qoşmasında:
Boylanıb geriyə baxanda gördüm,
Özüm öz əlimlə yıxdım ürəyi.
Düşüb bu dünyanın qalmaqalına,
Fikirlə, xəyalla sıxdım ürəyi.
Heç eşitməmişdim kimsə bir belə,
Yükləyə çiyninə qəm şələ-şələ.
Yanıb çevrilibdir bir ovuc külə,
Alova, atəşə yaxdım ürəyi.
Dolanıb çölləri səfil, sərgərdan,
Bir ocaq qaladım, dedim: “Alış, yan!”
Gecə əzizlədim, söküləndə dan,
Dağlara, daşlara çaxdım ürəyi.
Dünyaya, Yaradana, cəmiyyətə, barışmadığımız anlara, məqamlara, dost-doğmalara da bəzən şikayətlənir şair ürəyi “Bu dünya” rədifli qoşmasında dediyi kimi, “gör neçə sevənə yardı bu dünya”:
Gör neçə sevəni yarımçıq qoydu,
Gör neçə sevənə yardı bu dünya?
Neçə min insanı başa yetirdi,
Neçə min insana dardı bu dünya…
İstərdim ki, şairin sevgi mövzusunda, sərbəst vəzndə yazdığı şeirlərindən də bir nümunəyə birlikdə nəzər salaq:
Məni səndən soruşsalar,
Söylə ki, bir yuxu imiş.
Ayıldım ki, çıxıb gedib.
Ondan mənə geri qalan
Bir naləymiş, ahı imiş.
O naləni, o “ah-vayı”,
Daşıyacam ömür boyu.
Sonunda da baş qoyaraq
O getdiyi yollarına
Öz-özümə deyəcəyəm,
“Sakit uyu”...
Məni səndən soruşsalar,
Deyərsən ki, görməmişəm.
Yox beləsi, nə vaxt gəlib,
Nə vaxt gedib, bilməmişəm.
Çox desəm də sənsiz ölləm,
O getsə də, həyat budur,-
Yaşayıram, ölməmişəm.
Amma heç kim qoy deməsin
O gedəndən göz yaşımı
Oğrun-oğrun, gizli-gizli
Yanağımdan silməmişəm…
Minarə xanımın ithafları da az deyil. Ramiz Rövşənlə Nüsrət Kəsəmənliyə həsr elədiyi şeirlər buna missal ola bilər. Şair bütün bu şeirlərində “ruh dili”nin ümumbəşəri mahiyyətini üzə çıxarır. Gözəl düşüncənin həyat ahəngi poeziyanın həyat semantikasını təyin edir. Gözəl düşüncənin ruh halı poeziyanın həyat, sənət dünyasına rəng qatır bu şeirlərdə.
Poeziyanın “ruh dili” insanın mənəvi varlığının həyati baxışını ifadə edir. Poeziyanın həyat semantikası özünəxas duyğusal hisslərlə yoğrulur daima. Bu da o demək ki, poeziyanın sənət dünyasında yeri insanın həyat obrazının canlılığı ilə bağlıdır. Çağdaş poeziyamızın sənət yolunda öz ədəbi-dəst xətti ilə seçilən şairlərimzidən olan Minarə İsgəndərin lirikasının həyat ekzotikliyi onun həyat lirikisanın fəlsəfi-həyat baxışının həssaslığından yaranır:
Sənsiz keçmir bu zaman, günüm, ayım dayanır,
Ürəyimdə “sən” adlı xatirələr oyanır.
Sanma sönüb bu ocaq, alovlanıb hey yanır,
Gecənin zülmətində görünürsən şux mənə,
Gəl, dayanaq üz-üzə, suss, danışma, bax mənə.
Sənsiz qısa olubdur baharım-yazım mənim,
Təkcə səni bilirəm hər an könlümə həyan.
Ayrılıb getmə məndən, ayaq saxla, bir dayan,
Bu arzunu, istəyi nolar, görmə çox mənə,
Gəl, dayanaq üz-üzə, suss, danışma, bax mənə.
Mən səni hiss eləyim, duyum,-deyə uzaqdan,
Gözümü zilləmişəm “mesajına” bayaqdan.
Sənsiz bu can yaşamaz, gedər əldən-ayaqdan,
Mən “yox-zad” anlamıram, bir də demə yox mənə.
Gəl, dayanaq üz-üzə, suss, danışma, bax mənə.
Vallah, istərdim ki, Minarə xanımın bütünlüklə yaradıcılığını bu məqaləyə sığışdırıb, hər sətrinə münasibət bildirim. Amma, məncə, bu dediklərim də şairin necə qəlbə-qələmə malik olduğunu təsdiqləyir. Yox, onun öz şeirləri təsdiqləyir ki, Minarə İsgəndər həm klassik, həm də modern ədəbi nümunələrin müəllifi kimi geniş oxucu auditoriyasının sevgisini qazanıb. Qazancınız bundan sonra da bol olsun, mənəviyyatımızın poetik düşüncəli “gözətçisi”-Minarə xanım.
Minarəli poetik ünvanınıza xoş gəlmişdik, xoş ovqatla da yola saldınız, daim qonaq-qaralı olasınız…
Məhəmməd Nərimanoğlu,
Bakı, 21 yanvar 2025-ci il.
reklamlar

Digər xəbərlər