Vətən müharibəsinin igidlərindən biri kimi adı tarixə düşən şəhid Fuad Məhərrəmli də qanı ilə “Qarabağ Azərbaycandır!” yazdı.
Azadlıq,
müstəqillik, babalardan miras qalan torpaq uğrunda oğul-qızını şəhid verən xalq
xoşbəxtdir. Şəhidlik isə müqəddəs məqsəd üçün canından keçməkdir. Vətən uğrunda
oğullarımız məhz bu amal uğrunda
ömürlərini fəda etdilər.
Onlardan biri
də Fuad Məhərrəmli idi. Əslən Kəlbəcərdən olan Fuad daim Vətən sevgisi ilə
yaşayıb. Elə hərbi xidmətdə olarkən Vətən müharibəsinin başlaması da onun
ürəyincə olub. Cəbrayıl uğrunda gedən döyüşlərdə şücaət göstərib və həmin
istiqamətdə də şəhidlik zirvəsinə ucalıb. Anası deyir ki, o, Kəlbəcərdə,
Murovdağda döyüşmək və Kəlbəcəri azad edib şəhidlik zirvəısinə ucalmağı arzu
edirdi.
Şəhidlərimizin
örnək ömür və döyüş yolu gənc nəslin yaddaşına yazılır, əbədiləşdirilir. Onun
adına düzıldilən bulağın açılış tədbirində söylənilənlər də bir daha Fuadın
vətənpərvərliyini təsdiqləyirdi...
Maraqlıdır,
sanki şəhid anaları da övladları kimi, sayılıb-seçilirlər. Hər biri kasıb olsa
da, övladlarını necə çətinliklərə qatlaşaraq böyütdüklərini dilə gətirsələr də,
onlar ilk növbədə qürurları ilə yadda qalırlar.
Şəhidin anası Orucova Xurşud Həsən qızı balasının uşaqlığından, ailənin
kasıbçılığından söz açsa da, sonda vətəndaşlıq borcunu, vətənpərvərliyin
haradan qaynaqlandığını da dilə gətirdi: “Mənə
yüzlərlə insan sual verir ki, ehtiyacınız varmı? Deyirəm: mənim bir ehtiyacım
var, o da vətəndi, vətən... Ancaq elə ehtiyac içərisində yaşayan şəhid ailələri
var ki, illərdir böyüdüb, boya-başa çatdırdığı övladına bir cüt corab belə
almağa imkanı-pulu olmayıb. Mənim ailəm kimi, ehtiyac içərisində yüzmin
əziyyətlərə qatlaşaraq kasıbçılıqla böyüdüb övladlarını. Fuad 5-ci sinifdə
oxuyurdu. Bir gün gəlib dedi:
-
Ana, mənə 20 manat pul ver.
Soruşdum:
-
Neynirsən, nəyinə lazımdı, bala?
-
Dedi:
-
Karateyə yazılmışam, məşq üçün ağ rəngdə
bir dəst paltar sifariş vermişəm.
Dedim:
-
Ay bala, axı, yoxdu pulumuz.
Yazıq
balam, nə desə yaxşıdı:
-
Eh, necə anasan ki, 20 manatın yoxdu
verəsən?!
Almağa imkanımız
olmasa da, balamın istəyini yerinə yetirdik: borc-xərc edib, o paltarı alıq.
Həmin karate kostyumunu saxlamışam. Fikir verin, heç bir övladımın deyil, amma,
nədənsə, Fuadın kiçik yaşlarından pal-paltarlarının hamısını yığıb saxlayırdım.
Axı, haradan biləydim ki, o, böyüyəndə şəhid olacaq?! İndi isə həmin
paltarlarının iyini hər gün sinəmə cəkib, balamın qoxusunu onun əşyalarından alıram.
Bu ailənin də taleyinə
qaçqınlıq-köçkünlük yazılmışdı. Kəlbəcər rayonunun bir vaxtlar çal - çağırlı
olması ilə məşhur Qamışlı kəndindən perik düşüb, Bakı şəhərinin Suraxanı
rayonunun Yeni Ramana qəsəbəsində müvəqqəti məskunlaşmaqdan özgə çarəsi yox
idi. 10 nəfərlik böyük bir ailə burada müvəqqəti məskunlaşıb. Ailənin
sevimlilərindən biri olan İxtiyar Məhərrəmli ömrünün çiçəkli bahar fəslində,
2018-ci ildə avtomobil qəzasında həlak olub.
Ailənin digər oğlu Məhərrəmli Fuad
Füzuli oğlu isə 10 may 2001-ci ildə Tərtər şəhərində anadan olub. 2007-ci ildə
Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində
fəaliyyət göstərən Fərrux İsrafil oğlu Mehtiyev adına Qubadlı rayon
Qaralar kənd tam orta məktəbinin 1-ci sinifinə
gedib. Orta məktəbi bitirdikdən sonra, 2019-cu ilin iyul ayında
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon
bölməsi tərəfindən əsgərliyə çağırılıb. O, hərbi xidmətdə olduğu müddətdə öz
biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib.
Azərbaycan Ordusunun əsgəri olan Fuad
Məhərrəmli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən
Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və ərazi bütövlüyünün
bərpa olunması üçün başlanan Vətən müharibəsində Füzuli rayonunun Qaraxanbəyli,
Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı
və Nüzgar kəndlərinin azad olunmasında böyük şücaət göstərib.
Cəmi bircə gün...
28 sentyabr
2020-ci il tarixdə Cəbrayıl rayonunun Nüzgar kəndi istiqamətində döyüş
tapşırığının yerinə yetirilməsi zamanı qəhrəmancasına şəhid olmuş Fuad subay
idi.
Yenə də bir
gün sonra...
29 sentyabr
2020-ci il tarixini Fuad da silinməz hərflərlə hərb tarixinə yazdı. O, Göygöl
şəhərindəki Şəhidlər xiyabanında dəfn edildi. Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin müvafiq sərəncamı ilə F.Məhərrəmli ölümündən sonra “Vətən uğrunda” və
“Füzulinin azad olunmasına görə” medalları ilə təltif edildi.
44 günlük Vətən müharibəsində Şəhidlik zirvəsinə yüksəlmiş Məhərrəmli Fuad
Füzuli oğlunun xatirəsinə Suraxanı rayonunun Yeni Ramana qəsəbəsində inşa
edilən abidə - bulaq kompleksinin açılış mərasimi keçirilidi.
Tədbirin
təşkil olunmasında əməyi keçən, məzunu olduğu F.İ.Mehtiyev adına Qubadlı
rayonunun Qaralar, Kəlbəcər rayonunun 108 saylı tam orta məktəblərinin müəllim
və şagird kollektivi, bulağın tikilib ərsəyə gəlməsinə maddi dəstək göstərən
“APPRO” MMC Hospital rəhbərliyi, “Zəka işığnda” Milli Dəyərlərin Təbliğinə
Dəstək İctimai Birliyinin üzvləri, şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət
nümayəndələri iştirak ediblər.
Mərasimdə
çıxış edən Kəlbəcər RİH başçısının birinci müavini Eldəniz Mehtiyev Müzəffər
Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Vətən müharibəsində Azərbaycan
Ordusunun qazandığı böyük Zəfərdən danışıb. Prezident, Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-də başlanan və Zəfərlə başa
çatan Vətən müharibəsində qazanılan qələbənin tarixi əhəmiyyətindən bəhs edərək
vurğulayıb ki, şərəfli döyüş yolu keçən qəhrəman oğullarımızın əziz xatirəsi
heç zaman unudulmayacaq. Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyev və
Birinci vitse-prezident Mehriban xanım Əliyeva şəhid ailələrinin, qazilərin,
müharibə iştirakçılarının qayğılarını daim diqqət mərkəzində saxlayır.
Şəhidimizin
ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə,
Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə, bulağın
ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə
təşəkkürlərini bildiriblər.
...Bu da daha bir gəncin Vətən uğrunda canından
keçməsi, qısa müddətdə göstərdiyi şücaətliklərlə dolu qısa döyüş yolu. Nə yol
keçdi ki? Həyatı kimi, döyüş yolu da qısadan-qısa. Lakin nümunə, örnək,
çoxlarına dərs vermiş oldu.
Müqəddəs
yolun yolçuları, heç vaxt unudulmayacaqsınız! Yüzyaşlılar dünyasını dəyişir.
Ailəsindən, qohum-əqrabasından başqa onu tanıyan və yanan olmur. Amma sizin
yolunuz və ömür payınız mənalı, örnək və
əbədidir!
Əbədiyyətiniz
mübarək!
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az