Xüsusi Təyinatlı Dəstənin döyüşçüsünü şəhidlik zirvəsinə aparan yol...

 Xüsusi Təyinatlı Dəstənin döyüşçüsünü şəhidlik zirvəsinə aparan yol...
Cəmiyyət 05 Fevral 2025 - 10:51

Murovdağ yüksəkliyinin alınmasında qəhrəmancasına döyüşüb, şücaət göstərən, Ülfət Rzayev

 

 

 

44

 günük Vətən müharibəsinin daha bir şəhidi, əslən kəlbəcərli olan  Rzayev Ülfət Novruz oğlu 11 fevral 2001-cı ildə Tərtər rayonunun Cəmilli kəndində dünyaya göz açmışdı.  2007-cı ildə Tərtər rayonundakı Ağkənd kəndində fəaliyyət göstərən 68 saylı tam orta məktəbin 1-cı sinifinə daxil olub, 2018-cü ildə 11-ci sinifini bitirib. 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırışçı olub. Ağcəbədi rayonundakı  ''N'' saylı hərbi hissədə xidmətə başlayıb. Burada Vətəni layiqincə qoruyacağına and icib və  öz istəyi ilə XTQ-yə  yazılıb.

 

Cəlilabad rayonunun Göytəpə şəhərciyində "N" saylı hərbi hissədə xidmətini davam etdirməyə başlayıb. Hərbi xidməti  bitrməyinə beş-altı gün qalmış, daha dəqiq desək, 27 sentyabr 2020-ci il tarixində İkinci Qarabağ müharbəsi başladı və o, döyüşlərə qatıldı. Ülfət buradan Ermənistanın işğalı altında qalan Kəlbəcərə doğru yola düşüb. Murovdağ yüksəkliyinin alınmasında qəhrəmancasına döyüşüb, şücaət göstərib.

 

Ülfət də digər silahdaşları kimi, düşməndən qisas almaq, torpaqlarımızı azad etmək üçün canından-qanından hər an keçməyə hazır idi. Ona görə də o, Murovdağın azad edilməsindən sonra döyüş yolu Xocavəndin, Hadrutun, Füzulinin, Cəbrayılın erməni daşnaklarından təmizlənməsindən keçdi. Son döyüşü Şuşada oldu. Şuşanı alınmaz qala hesab edən yağı düşmənin ağlına da gəlməzdi ki, cəsurlarımız onların canına vəlvələ salacaq. Qayadan-daşdan keçərək Şuşamızı azad edəcəklər.

 

Ülfət burada da özünün nəyə qadir olduğunu göstərib: döyüşlərdə yaralansa da, düşmənə layiqli cavablar verib. Qələbəyə üc gün qalmış, noyabr ayının 5-də axşam gedən döyüşlərdə Vətənə layiqli oğul olduğunu son dəfə təsdiqləyən Ülfət şəhidlik zirvəsinə ucalıb. İgid döyüşçümüz 13 noyabr 2020-ci il tarixində ailəsinin yaşadığı Tərtər rayonunun Cəmilli  kəndinin qəbristanlığında ana torpağa tapşırılıb.

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Rzayev Ülfət Novruz oğlu III dərəcəli “Rəsadət” ordeni, “İgidliyə görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına gorə”, “Şuşanın  azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

 

Rzayev Novruz Hüseyn oğlu səhid Ülfətin atasıdır. Onun dediklərindən bəzi məqamlara diqqət yetirək: “...Ülfət ailənin kiçik övladı olması ilə yanaşı, hamımız tərəfindən ən çox sevilən, həddindən  artıq vətənpərvər idi. Kəlbəcərimizlə bağlı daim bizə suallar verərdi. Biz də ona doğma yurdun təbiət gözəlliklərindən, təbii sərvətlərindən danışardıq. Ona görə də Qarabağımızı işğal edən ermənilərin vəhşiliyinə biganə deyildi. Mən bir ata kimi ondan həmişə razı qalmışam. Özünü, sözünü, hərəkətlərini bilən, yüz ölçüb, bir biçən idi balam. Oğlum olduğu üçün demirəm, verdiyim tapşırıqları, nəsihətləri, məsləhətləri heç vaxt qulaqardına vurmaz, layiqincə yerinə yetirərdi.

Ata oğlu ilə fəxr edirsə, deməli, o, vətənə gərəkli övlad olub! Mən də onun vətənimizin azad edilməsi yolunda şəhidlik zirvəsinə ucaldığı üçün qürur duyuram. Nə yaxşı ki, övladımız belə böyüyüb. Nə yaxşı ki, anasını, vətənini, torpağını qorumağı özünə borc bilən olub. Allah cəmi şəhidlərimizə rəhmət eləsin! O, yalnız ailəsinin yox, xalqımızın başını uca edənlərin sırasındadır. Bundan artıq fəxarət olarmı?!”

 

Bəsti xala Ülfətin anasıdır. Deyir ki, həmişə Ülfəti ürəyimdən, canımdan bir parça kimi hiss etmişəm: “Bir anaya övladını itirməkdən acı nə ola bilər ki? Ülfət çox zarafatcıl, qardaşları ilə münasibətdə mülayim və daha istiqanlı idi. Ən çox da bu səbəblərdən ailənin sevimlisinə çevrilmişdi. Elə bil ki, şəhid olacağını hiss edirdi. Əsgərliyinin 10-cu ayında məzuniyyətə gəlmişdi. Mənimlə birlikdə şəkil çəkdirdi.  Birdən qayıdıb nə desə yaxşıdı? “Ana, bu, mənim sonuncu şəklim olacaq, şəhidlik  ucalıqdır. O zirvəyə hər oğul ucala bilməz...”

 

Mən yazıq haradan biləydim ki, bu talesiz ananı o, belə tez, erkən, 19 yaşında tərk edəcək?! Bu acı xatirəni göz yaşlarımla yazıram. Balam torpaqla ülfət bağlayıbmış. Şəhid olacağını yəqin bilirmiş. Nə bilim vallah. Analar bala dağı görməsin! Bircə ona təsəlli tapıram ki, Ülfətimiz Vətən uğrunda canından keçib.  Bu da  onun ana Vətənə sədaqətli oğulluq borcu imiş”...

 

Qardası Rüstəm isə ailənin sevimlisinin bəzi xüsusiyyətləri ilə bağlı fikirlərini bölüşür: “Ülfət digər qardaşlarımdan fərqli davranışları ilə də seçilib. Bəzən çox tez-tələsik qərar qəbul edirdi. Hətta bizi bəzi məsələlərdə məzəmmət də edərdi. Ən çox sirrini bölüşdüyü mən olmuşam. Biz qardaşlıqdan daha çox, dostluq etmişik. O, mənimlə məsləhətləşsə də, sonda qərarı özü verirdi. Bu da onun qarşıdakı adamı dinləmək və ondan nəticə çıxarmaq kimi müsbət keyfiyyətlərindən idi. Ailəmiz üçün maraqlı idi. Qeyri-adilikləri ilə hər kəsi təəccübləndirməyi bacarırdı. Yaşından çox böyük görünürdü. Sanki hamıdan böyükdür. Ağsaqqalyana elə fikirləri olardı ki, sözümüz olmazdı. Ülfətimiz həm də, ən əsası, haqqın tərəfində olardı. Haqqı nahaqqa verənləri bağışlayan gözü yox idi.

 

İdmanı çox sevirdi, daha çox da futbol oynamağı vardı. Bəzən saatlarla məktəb stadionunda futbol oynayardı. Bacarıqlı və çalısqan idi. Kiçik yaşlarından böyüyəndə hansı peşə sahibi olacağını soruşanda, konkret olardı cavab: hərbçi.

Mən qardaşımla fəxr etmişəm və bu gün də onun ucalığına boylanıb baxıram, zirvədədir ruhu kimi. Vətənin azad səmasında ruhları dolaşanlar cənnətlik olur. Bizim şəhidlərimiz də o məkanı özləri qazanıblar. Onun qazandığı uğurlar bizim ailənin ən qiymətli sərvətidir...”

 

Qardaşı İsmət Ülfətin nümunəvi davranışlarından söz açan yazısında bildirir ki, onun o qədər xarakterik xüsusiyyətləri var idi ki, saymaqla bitməz: “...Məsələn, o, yaşından daha çox irəli getmişdi. Yaşca ailəmizdə hamıdan kiçik olsa da, onun dedikləri çox hallarda qanun kimi qəbul edilirdi. Mərd, böyüklə-böyük, kiçiklə-kiçik idi. Daim bizə müəyyən çətinliklərdə ürək-dirək verər, çıxış yolu göstərərdi.

 

Mübarzliyindən özünün də xoşu gəlirdi. “Nəyəsə nail olmaq üçün mütləq mübarizə aparmalı və qalib olmaq üçün taktiki gedişlər etməlisən, - deyirdi. Qardaşımın fikirləri idi bunlar: “Sanki şahmat oyunudur bu həyat, səni şah yox, piyada da vura bilər. Ona görə də ehtiyatı əldən verməməlisən”. Bu, dahiyanə fikir sahiblərinin sözləri idi, amma onu özününkü kimi qəbul  etdirirdi. Çünki haqlı idi. Savaşmağı sevərdi, lap uduzsa da belə, meydandan geri çəkilməyi sevməzdi.

Uşaqlıqdan sevdiyi peşəsinə bağlılığını sübut etdi. Sevdiyi peşəsinə yiyələnsə də, arzusu gerçəkləşsə də, buna qane olmurdu. Buna görə də Xüsusi Təyinatlı Dəstənin sırasına qoşulmuşdu. Ailəcanlılığı ilə  də seçilən qardaşım onu tanıyan və sevənlərin fəxri oldu. Ülfət qəlbimizdə məskən saldı, ən gözəl, şirin xatirələrimizdə yaşayacaq, xatırlanacaq. Qardaşım, XTD-nin döyüşçüsü Ülfət torpaqla ülfət bağladı...”

 

Cəlal Məmmədov Ülfət Rzayevlə döyüş yoldaşı olub. Onun söylədiklərindən bir daha şəhid igidimiz Ülfəti yaxından tanımaq imkanı qazanırıq: “Ülfət Rzayevlə Kəlbəcərə gedirdik, döyüş hələ yenicə başlamışdı. Nə baş verdiyini, hansı tarixi anlar yaşadığımızı tam olaraq anlamırdıq. Ülfət Rzayev arıq görünşə malik, fiziki və mənəvi cəhətdən isə  güclü bir igid idi. Döyüş yoldaşları ona həsəd aparıb deyirdilər: “Sən bu qədər sursatı necə daşıya bilirsən?!..”

Bir dəfə də olsun yorulduğunu büruzə verməz, yarıyolda dayanmazdı. Biz yorulub, yavaş getsək də, Ülfət cəld idi, daim hərəkətli olub, bir yerdə durmazdı. Axı, bu igidin qanında Kəlbəcər cəsurluğu, qarabağlı şücaəti var idi. Kəlbəcərə gedib görmək, onun havasından udmaq, dogma diyarını azad etmək Ülfətin uşaqlıqdan bu yana ən böyük arzusu idi...

 

Elə alındı ki, düşmən postlarını keçə bildik. Kəlbəcərə çatmağa az qalmışdı ki, dayanmalı olduq. İki-üç gün buz kimi çayın kənarında, soyuq, amma bizə isti gələn dağların ətəyində qaldıq. Aclıq bizi taqətdən salırdı, yeməyə heç nəyimiz yox idi. Ülfətdə azca konservləşdirilmiş düyü (aş), bir ədəd də dəmir qaşıq var idi. Aşı növbə ilə, bir qaşıq o, bir qaşıq da mən yedik.

Bu hadisə müharibənin ilk günlərinə təsadüf edirdi. O vaxta kimi biz həyatda aclığın nə olduğunu bilmirdik. Birdən bizə geri çəkilmək əmri gəldi. Ülfətə baxdım, onun qətiyyən geri çəkilmək fikri yox idi. Çünki o, evə, ata-anasına, qardaşına, bütün doğmalarına demək istəyirdi ki, mən doğma Kəlbəcərimizdəyəm.

 

Dayandığı yerdən kiçik bir daş götürüb dedi:

- Hmmm. Bu daşı ata-anama aparacam və deyəcəm ki, Kəlbəcər torpağındandır.

Biz geriyə, başqa istiqamətə yön almalı olduq. Günlərlə ac-susuz, meşələr, çaylar, dağlar keçərək dayanmadan irəlililəməyə başladıq. Cəbrayıla, sonra Füzuliyə irəlilədikcə, addımbaşı atışma ötüşdükcə, bir-birimizi axtarırdıq. İrəlilədikcə ac-susuzluğumuzu da unudurduq. Başımızı qaldırıb baxdıq ki, artıq Şusaya, oradan Laçın dəhlizinə kimi çatmışıq. Orada bir-birimizə söz verdik ki, özümüzü böyük Qələbə üçün qoruyacağıq.

 

Döyüşlərin bitməsinə lap az qaldığını hiss edirdik. Sözü bir yerə qoyduq ki, təminatdan az miqdarda qalmış şirniyyatı Şuşaya girən kimi aramızda bölüşüb, birlikdə yeyəcəyik. Artıq 4 gün idi ac idik. Şuşanın girəcəyində ermənilərin müdafiəsinin güclü olduğunu gördük, dayanmadan atırdılar. Oradan bir-bir çıxıb, döyüş mövqeyimizi yenidən dəyişməli idik. Qəfildən hərbi rabitə vasitəsindən dostum Ülfət Rzayevin şəhid olması xəbərini eşdəndə, donub yerimdə qaldım...

Ülfətlə bağlı deyəcəyim çox sözlər var, amma o anlar gözümün önündə canlanır, səsi bir an belə qulağımdan getmir. Həmin ağır günlərdə onun kimi əzmkar bir dostumun, qardaşımın olması yalnız bir möcuzə idi. Allah qardaşımıza rəhmət eləsin”!

 

Əziz Aydınlı (döyüş yoldaşı). Ülfətlə Vətən müharibəsi günlərində tanış olmasından  yazır: “...O, istər fiziki, istərsə də mənəvi cəhətdən olduqca dözümlü, iradəli, Vətənini, millətini sevən bir hərbiçi idi. Təlimlərdə hər birimizdən öndə gedər, bizə motivasiya verərdi.

Ülfət şəhid olduğu vaxt yanında olan üç nəfərdən biri də mən idim. Döyüş yolu, çətin olduğu qədər də, onun üçün qürurverici keçib. Ülfətin ali təhsili olmaya bilərdi, ancaq hərbi savadı, ən əsası isə ali insani cəhətdən yüksək keyfiyyətlərə, dərin düşüncəyə malik idi.

Dostluq, yoldaşlıq kimi mənəvi dəyərlərə xüsusi əhəmiyyət verən, ətrafındakı insanlara hörmət edən, komandirlərinə qarşı nəzakətli idi. Çətin anlarda əlavə bir motivasiyaya ehtiyac yox idi. XTQ-də öyrəndiyimiz fənləri mükəmməl şəkildə bilmək üçün xüsusi savad və bacarıq lazım idi. Bir çoxları çətinlik çəkirdi, amma onun gecəsini gündüzünə qataraq, oxuduğunun, öyrəndiyinin şahidi olmuşam. Döyüş vaxtı öyrəndiyi bu taktikalardan istifadə edirdi.

 

Bizim manqa komandirimiz Siyahım Əlizamin oğlu Dəmirov Ülfətdən bir həftə əvvəl şəhid oldu. Dəmirov şəhid olduğu ana qədər Ülfətin igidliyindən ağız dolusu danışardı. Keçdiyimiz döyüş yolu bizi Cəbrayıla, Füzuliyə, Xocavəndə, Kəlbəcərə və nəhayət, Şuşaya gətirdi. Təəssüflər, Ülfət Şuşanı 3 gün mühasirəyə aldığımız ilk gündə şəhid oldu. İlk güllə ağız, ikincisi isə ürək nahiyəsindən dəymişdi. Bizdən onun oradan çıxarılmağını istədi. Toğrul Azər oğlu Məlikov, Mirakif Rövşən oğlu Məmmədov, Fərid Rəcəbovla döyüş yoldaşımız Ülfəti atəş altından çıxarıb yolun kənarından arxa tərəfə gətirdik. Bacardığımız qədər sanitarla birgə ilk tibbi yardımı göstərsək də, Tanırı Ülfət qardaşımıza şəhidlik kimi şərəfli ucalığı nəsib etdi.

 

Şüşanın üzərində olan döyüş əməliyyatını bir epizodla izah etsək: torpağa düşən güllələrin sayı yerdəki daşlardan çox idi. Ayaqlarımız altındakı daşalara güllələr dəyirdi. Güllələrin havanın necə işıqlandırdığını, parıldatdığını gözlə aydın görmək olurdu. Çox çətin anlar idi.O anda hər birimiz şəhid ola bilərdik. İradə göstərərək Şuşanın Qala qapısına qədər gəlib çatdıq. Növbəti gün yenidən Şuşaya girdik. Həmin an biz Ülfəti arxaya çəkib, öz mövqeyimizi tutub, yanımızda saxladıq. Arxadakılara məlumat verdik, gəlib şəhidimizin cansız bədənini apardılar...

Hələ müharibənin əvvəlində keçilməyən ağır bir döyüş yolu vardı ki, biz o yoldan bir-bir addamalı olduq. Çünki artilleriya zərbələri çox güclü idi. Ülfətin yanına bir mərmi düşdü, üzərində olan çantanı qəlpələr sarıdı.

 

Xatırlayıram, bir dəfə də Füzulidə döyüşən zaman dağın başında tank bizi vurdu. Ülfətin çantası qəlpələrdən dəlik-deşik olmuşdu. Amma Tanrı onun şəhidlik arzusuna orada yox, məhz Şuşada, alınmaz - kecilməz qalada yerinə yetirdi. Bu da bir müqəddəslik, xoşbəxtlikdir, məncə...

Dostumuz Ülfət istər yaralıların çıxarılmasında, istər döyüş fəaliyyətində olduqca yüksək peşəkarlığa malik bir əsgər kimi tanınırdı. Soyuq, şaxtalı havalarda günlərlə ac-susuz qalmışıq, amma əlimizdə bir içim su, bir parça çörək olurdusa,o loxmanı, bir qurtum suyu qardaş, dost kimi aramızda bölüşərdik. Şəhid ola biləcək çox hadisələr, döyüş məqamları oldu, amma o vəziyyətlərdən cəsarətlə çıxdıq, sağ qaldıq. Bu üzdən Ülfətin şəhid olmasına inanmaq çətin idi.

Onunla bağlı çox xatirələrim var, hamısını söyləsəm bitib-tükənməz. Döyüş yolumuz çətin oldu, amma Ülfət o ağır yollardan şərəflə çıxaraq şəhidlik zirvəsinə Şuşada ucaldı”.

 

 

 

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər