Zəhərlənən uşaqlardan ikisi dövlət müəssisəsinə veriləcək 

Zəhərlənən uşaqlardan ikisi dövlət müəssisəsinə veriləcək 
Gündəm 06 Aprel 2026 - 19:00

Sumqayıt şəhər Hacı Zeynalabdin Tağıyev qəsəbəsində dəm qazından zəhərlənən ailənin 2 uşağı dövlət müəssisəsinə yerləşdiriləcək.

Bu barədə Zekainfo.az-a Sumqayıt Şəhər İcra hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, məsələ icra hakimiyyəti tərəfindən diqqətə götürülüb və aidiyyəti qurumlarla birgə araşdırılıb: “Aparılmış araşdırmalar nəticəsində müəyyən edilib ki, ailədə olan 8 azyaşlıdan 4-ü hazırda dövlət uşaq müəssisəsində təhsil alır. Digər 4 azyaşlıdan 2-nin də yaxın müddət ərzində dövlət uşaq müəssisəsinə yerləşdirilməsi nəzərdə tutulur. Qalan 2 azyaşlı isə valideynlərinin himayəsində olmaqla, mövcud vəziyyətlə əlaqədar olaraq xalasının yanında yaşayır.

Eyni zamanda, aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə ailəyə baxış keçirilib, mənzil-məişət şəraiti yerində qiymətləndirilib. Ailə üzvlərinə, eləcə də faktiki himayədə olan uşaqlara mütəmadi nəzarətin həyata keçirilməsi nəzərdə tutulub. Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən ailə nəzarətdə saxlanılacaq və zəruri tədbirlər davam etdiriləcək”.

Məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu da münasibət bildirib. Qeyd edilib ki, ailənin mövcud vəziyyəti qiymətləndirilib, uşaqların sağlamlıq durumu və sosial şəraiti ilə bağlı ilkin araşdırma aparılıb: “Hazırda zərərçəkmiş uşaqların müalicəsi tibb müəssisələrində davam etdirilir və onların vəziyyəti həkim nəzarətindədir. Eyni zamanda, baş verən hadisənin dəm qazından zəhərlənmə ehtimalı da araşdırılır və bu istiqamətdə müvafiq  yoxlamalar aparılır.

Aparılan araşdırmaların nəticələrinə əsasən məsələyə hüquqi və sosial qiymət veriləcək. Bununla yanaşı, valideynləri və ailə üzvlərini uşaqlara qarşı ümumilikdə daha diqqətli və həssas olmağa çağırırıq. Uşaqların təhlükəsizliyi, sağlamlığı və rifahı gündəlik qayğı və məsuliyyət tələb edir. Araşdırmaların yekunu ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

Xatırladaq ki, aprelin 1-də Sumqayıtda Xəzri bağları adlanan yaşayış massivində 9 uşaqlı ailənin 6 övladı dəm qazından zəhərlənib. Aprelin 4-də zəhərlənən uşaqlardan ən kiçiyi - 2 yaşlı Gülcənnətin həyatını xilas etmək olmayıb. Hazırda xəstəxanada müalicə alan 5 uşaqdan üçünün vəziyyəti ağırdır. Uşaqlardan birinin həyatını itirməsindən sonra onların atası Kamil Cəbrayılov “TikTok” platformasında canlı yayım açıb. Bu addım sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb və tənqidlərə yol açıb.

reklamlar

Digər xəbərlər