Yazarlar
12:37, Bugün
Sırağagün mayın 7-də günün sonunda çalışdığım məktəbdən çıxıb şəhərə doğru yol alarkən təsadüfən ustad xanəndə Sabir Abdullayevlə qarşılaşdıq. İllərin sənət yükünü ləyaqətlə daşıyan bu dəyərli insanla ayaqüstü başlayan söhbətimiz daha sonra səmimi çay süfrəsi arxasında davam etdi. Həmişə olduğu kimi, söhbətin əsas mövzusu yenə də muğam sənəti, milli musiqimizin gələcəyi və sənətə bağlılıq oldu.
Sabir müəllim danışdıqca hiss olunurdu ki, bu sənət onun üçün sadəcə peşə deyil, ömrünün mənası, həyat amalıdır. Azərbaycan muğamının yaşadılması, onun gənc nəslə ötürülməsi istiqamətində keçdiyi uzun və şərəfli yol bu gün artıq sənət tariximizin dəyərli səhifələrindən birinə çevrilib. Onun yetişdirdiyi sənətkarların bu gün ölkəmizdə və beynəlxalq səhnələrdə uğurla çıxış etməsi də müəllim əməyinin ən böyük göstəricisidir.

Söhbət zamanı qarşıdan gələn bir mühüm tarixə də toxunduq. İnşallah, gələn il ustad sənətkar Sabir Abdullayevin 70 illik yubileyidir. Bu yubiley təkcə bir sənətkarın ömür tarixinin qeyd olunması deyil, bütövlükdə Azərbaycan muğam sənətinə göstərilən xidmətlərin ehtiramla yad edilməsi deməkdir. Çünki Sabir Abdullayev illər boyu həm xanəndə, həm də pedaqoq kimi milli musiqimizin keşiyində dayanıb, sənətə sədaqətin canlı nümunəsinə çevrilib.
Ümidvarıq ki, dövlət başçımızın və Mədəniyyət Nazirliyinin diqqət və dəstəyi ilə ustad sənətkarın 70 illik yubileyi dövlət səviyyəsində yüksək şəkildə qeyd olunacaq. Eyni zamanda inanırıq ki, Sabir Abdullayevin illərdir gözlədiyi “Əməkdar müəllim” fəxri adı da məhz yubiley günündə ona təqdim edilər. Bu, yalnız bir sənətkara verilən qiymət olmaz, həm də ömrünü milli mədəniyyətimizin inkişafına həsr edən bütün sənət adamlarına böyük mənəvi dəstək və motivasiya mənbəyi olar.
Sabir müəllimin həyat yolu göstərir ki, sənətə sevgi, dövlətə bağlılıq və milli dəyərlərə sədaqət heç zaman itmir. Belə sənətkarlar xalqın yaddaşında daim yaşayır və onların zəhməti gec-tez öz layiqli qiymətini alır.