Zekainfo.az-ın baş redaktoru, tədqiqatçı-jurnalist Cəmilə Çiçək qurultayda iştirak edib
Oktyabrın 16-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilib. Qurultayda Zekainfo.az saytının baş redaktoru, tədqiqatçı-jurnalist Cəmilə Çiçək də iştirak edib.
Qurultayda Azərbaycan Mətbuat Şurasının hesabatları dinlənilib, media sahəsindəki aktual məsələlər müzakirə olunub, Şuranın yeni İdarə Heyətinin tərkibi müəyyənləşdirilib və sədr seçkisi keçirilib.
Səsvermənin nəticələrinə əsasən, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Azərbaycan Mətbuat Şurasının yeni sədri seçilib. İdarə Heyətinin 23 nəfərdən ibarət yeni tərkibi formalaşdırılıb.
Qurultayın diqqətçəkən məqamlarından biri də «Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları»na edilən dəyişikliklər olub. Sənədə süni intellektdən etik istifadə ilə bağlı ayrıca prinsip əlavə edilib. Yeni müddəalar süni intellekt alətlərindən istifadə zamanı jurnalistin peşə məsuliyyətinin qorunmasını, məlumatların etibarlılığına diqqət yetirilməsini və məzmunun təqdimatında şəffaflığın təmin olunmasını gündəmə gətirir.
Bununla yanaşı, şəxsi həyatın toxunulmazlığı və şəxsiyyət hüquqlarının müdafiəsi ilə bağlı etik qaydalara da dəyişikliklər edilib. Qurultayda qəbul olunan qərarlar müasir informasiya mühitində jurnalist məsuliyyətinin və peşə etikası prinsiplərinin əhəmiyyətini bir daha ön plana çıxarıb.
Müasir dövrdə medianın qarşısında duran əsas vəzifələrdən biri operativ informasiya yaymaqla yanaşı, onun dəqiqliyini və etibarlılığını təmin etməkdir. Xüsusilə süni intellekt texnologiyalarının informasiya istehsalına təsirinin artdığı bir şəraitdə faktların yoxlanılması, müəllif məsuliyyəti, şəxsi məlumatların qorunması və Azərbaycan dilinin düzgün istifadəsi jurnalistikanın keyfiyyət göstəriciləri kimi xüsusi əhəmiyyət daşıyır.
Zekainfo.az hesab edir ki, peşəkar jurnalistikanın inkişafı, etik normalara riayət olunması və milli dilimizin media məkanında qorunması etibarlı informasiya mühitinin formalaşmasının mühüm şərtlərindəndir.
Səfər Şakiroğlu
Tədqiqatçı-jurnalist