Bir ömrün ilk muğamı – Səmralın 19 yaşına söz və sənət töhfəsi

Bir ömrün ilk muğamı – Səmralın 19 yaşına söz və sənət töhfəsi
Mədəniyyət 23 Oktyabr 2026 - 12:49

Doğma yurddan didərgin düşmüş bir ailənin övladı, milli musiqimizin gələcəyinə inamla addımlayan gənc xanəndə…

Azərbaycan torpaqlarının işğalı nəticəsində doğma yurdlarından didərgin salınan minlərlə ailədən biri də Laçından Bərdəyə pənah gətirən Səmral Səmədzadənin ailəsidir. Səmral 23 oktyabr 2007-ci ildə Bərdədə dünyaya göz açıb. Onun taleyi bir ailənin yurd həsrətini, eyni zamanda xalqımızın çətinliklərə baxmayaraq milli dəyərlərinə bağlılığını əks etdirir.

Erməni işğalının xalqımıza yaşatdığı ağrılar yaddaşımızdan silinməyəcək. Doğma Laçından ayrı düşmüş bir ailənin övladının bu gün Azərbaycan muğamına könül verməsi isə milli ruhun və mədəni irsimizin yaşarlılığının mənalı ifadəsidir.

Səmral 2013-cü ildə şəhid Binadar Əjdər oğlunun adını daşıyan məktəbdə təhsil almağa başlayıb, 2018–2022-ci illərdə Kolayır kənd uşaq musiqi məktəbində musiqi təhsilini davam etdirib. 2025-ci ildə Azərbaycan Milli Konservatoriyasının Vokal sənəti — xanəndəlik ixtisasına qəbul olunub. Hazırda II kurs tələbəsi olan gənc ifaçı muğam sənətinin sirlərini öyrənir və yaradıcılıq imkanlarını inkişaf etdirir.

Səmral artıq qazandığı nailiyyətlərlə seçilir. O, Respublika birincisi, Böyük Qafqaz Musiqi Kubokunun sahibi və respublika laureatıdır. Bu uğurlar onun sənətə bağlılığının, zəhmətinin və gələcək hədəflərinə doğru inamla irəliləməsinin göstəricisidir.

Səmralın sənət yolunda muğam müəllimi, Əməkdar müəllim, ustad sənətkar Qəzənfər Abbasovun xüsusi yeri var. Ustadın təcrübəsindən bəhrələnmək gənc xanəndəyə muğamın incəliklərini mənimsəmək, ifaçılıq bacarığını təkmilləşdirmək və milli musiqi ənənələrinə dərindən yiyələnmək imkanı yaradır. Belə ustad–şagird münasibətləri muğam sənətinin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.

23 oktyabr 2026-cı ildə Səmralın 19 yaşı tamam olur.

Əziz Səmral, doğum günün mübarək! Yeni yaşın sənə möhkəm can sağlığı, böyük uğurlar və sənət zirvələrinə aparan yollar açsın. Qoy səsin muğamımızın zənginliyini yaşatsın, ifaların dinləyicilərin qəlbinə yol tapsın, adın isə Azərbaycan musiqisinin uğurları sırasında çəkilsin.

Laçından Bərdəyə uzanan həyat yolu, oradan Azərbaycan Milli Konservatoriyasına və muğam sənətinə aparan istiqamət bir həqiqəti xatırladır: yurd həsrəti yaddaşlarda yaşasa da, milli ruh, istedad və sənət gələcəyə körpü salır.

Qoy Səmral Səmədzadə gələcəkdə yalnız qazandığı mükafatlarla deyil, Azərbaycan muğamına verdiyi töhfələrlə də tanınsın!

Doğum günün mübarək, Səmral! Sənət yolun açıq, səsin uca, uğurların davamlı olsun!

Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist,

Zekainfo.az saytının baş redaktoru


reklamlar

Digər xəbərlər