Kərim kişinin gəlinləri (hekayə)

Kərim kişinin gəlinləri  (hekayə)
Cəmiyət 11 İyul 2024 - 09:59


 

 

Kəndimiz dağların ətəyində, səfalı bir yerdə yerləşir. Bilmirəm gözəl təbiətdənmi, yoxsa insanlarıdanmı asılı olan bir mehribanlıq hökm sürür bu yerlərdə. Adamları o qədər mehribandı ki, qonşu kəndlərin sakinləri də bizim kəndi tərifləyirdilər. Burada hər kəs böyük-kiçiyin yerini bilər, bir-birinə qarşı hörmətlə davranardılar.

 

Onların arasında qonşumuz Kərim kişinin ailəsi, xüsusən oğlanları dildən- ağızdan düşməzdilər. Bunun səbəbi o idi ki, Kərim kişinin oğlanları orta məktəbdə yaxşı ad çıxarmış, əla oxuyaraq ölkənin ən yaxşı təhsil ocaqlarına daxil olmuşdular. Kiminsə uşağı zəif oxuyanda həm valideynilər, həm də müəllimlər deyirdilər:

       Halaldı Kərimin uşaqlarına!

        

Arabir qulağı xoş söz çalan Kərim kişi də qürrələnər, oğlanları ilə fəxr edər, sevinərdi.

İllər bir-birini əvəz etdi. Kərim kişinin oğlanları təhsillərini başa vurub atalarının yanına qayıtdılar. Fərəhi aşıb-daşan Kərim kişi artıq onları evləndirmək, halal süd əmmiş gəlinlər gətirmək arzusunda idi. Oğulları da oğul idilər ha. Çox mehriban, valideynləri öl desə ölməyə, qal desə qalmağa hazır idilər. Bir-biri ilə də çox mehriban dolanırdılar. Oğlanlar ən çox kənd arvadları və qızları arasında diqqət mərkəzindəydilər. Bir çox qadınlar,  bu ailəyə qız vermək arzusu ilə yaşayırdılar.

 

Deyir, sən saydığını say, gör fələk nə sayır. Bu minvalla xeyli vaxt keçdi. Günlərin birində kəndə doğru uzanan asfalt yolla üç xarici maşın irəliləyirdi. Onlar Kərim kişinin çox da geniş olmayan həyətində dayandılar. Maşından düşən oğlanların hərəsinin yanında bir qız vardı. Bir-birinə oxşamayan bu qızların üzündə şəhər soyuqluğu açıq-aşkar hiss olunurdu. Son dəblə bəzənmiş qızların ən çox cəlbediciliyi onların açıq-saçıq geyinmələrindən irəli gəlirdi. Görənlər bu xəbəri ildırım sürətilə bütün kəndə yaydılar.

 

Ən çox dərd-qəmə qərq olanlar öz qızlarını Kərim kişinin oğullarına vermək istəyən qadınlar idi, bir də Kərim kişinin özü. Oğullarını evləndirmək haqqında düşüncələrini yadına saldı. Hər üç oğlu qızı öz el-obasından seçəcəkdi. Axı, kənddə evində-obasında böyüyən qızların əsil-nəcabəti, mərifəti, qanacağı, namusu hər kəsə bəlli olur. Onun oğlanları isə özbaşına, xəbərsiz-ətərsiz evlənmiş, Kərim kişinin arzularını ürəyində qoymuşdular. Özünü o yerə qoymayan ata qəzəbini, hirsini büruzə vermədi.

 

Yaxınlarına göstəriş verdi ki, həyətdəki qoçların üçünü də kəssinlər. Qohum-qardaş, qonum-qonşu, Kərim kişinin hörmətini saxlayanlar dəvətsiz-filansız gəldilər, yedilər-içdilər, təbrik etdilər, amma ata ürəyindən keçən ağrıları duymadılar. İki gündən sonra bir yerdə gələn maşınlar bir yerdə də yola çıxdılar. Elə o gedən getdilər. Onları bir daha kənddə gördüm deyən olmadı.

 

Yel qanadlı illər bir-birini əvəz eləməyə başladı. Kənd əhlinin həmişə barmaqla göstərdiyi nümunəvi oğlanlar hansı səbəbdənsə, bir daha kəndə dönmədilər. Artıq Kərim kişinin nəvələri də dünyaya gəlmişdi. Deyilənə görə, nəvələr yayda kəndə Kərim kişinin yanına yox, ana babaları yaşayan bölgələrə üz tuturdular. Kərim kişi bunları ürəyinə salır, özünə dərd eləyirdi. Amma o da özünü sındırıb nəvələrinin görüşünə getmək istəmədi.

 

İndiyədək damağına papiros dəyməyən Kərim kişi papiros çəkməyə başlamşdı. Çəkdiklərini ömür-gün yoldaşı Xanımla da bölüşmək fikrində deyildi. O sadəcə, tək qalmamaq üçün arvadını qorumağa çalışırdı. Hətta papiros çəkdiyini də ondan gizlədirdi. Axşam evə dönəndə arvadı üst-başı papiros iyi verən Kərim kişiyə:

– A kişi, sən kiminlə oturub-durursan ki, iy verib iylənirsən? – deyirdi.

 

Kərim kişi isə onun ürəyini qırmamaq üçün həqiqəti gizlədərək:

– Vallah, heç özüm də bilmirəm, – deyib çıxıb həyətdə gəzişir, bəzən də evdən uzaqlaşırdı. Son zamanlar Kərim kişinin qaradinməz olduğunu dost-tanışları belə hiss etmişdi. Onu istəyən ürək-dirək verir, istəməyənlər “ağrım ürəyinə, bir vaxt forsundan papağı təpəsində gəzərdi. Amma indi papağı utandığından gözünün üstünə çəkir ki, nə o kimisə, nə də onu kimsə görsün” – deyə ağız büzürdülər.

 

Kərim kişi dünyagörmüş adamdı. Ona tuşlanan baxışları duyurdu. Bu tikanlı baxışlar yaz yağışı dərədə seli artıran kimi, onun beynini dağıdır, rahatlığını pozurdu. Bəzən özü də bilmədən həyətdə bağın ortasında çay içmək üçün düzəltdiyi stolun yanına gələr, çay içər, yerə xalça, mütəkkə, döşəkçə salıb  dirsəklənər, beləcə düşünərdi...

 

Təəssüflənərdi ki, heyif bu üç oğlun heç olmasa biri qız olmadı. Bir qızım olsaydı, indi atasını yad eləyərdi, bəlkə.

 

Hər dəfə şəhərdən gələn olanda oğullarından bir boxca söz gətirərdi. Elə bil Kərim kişi onları özünə vəkil tutub göndərmişdi. ...Oğlanlar bir-biri ilə dalaşıblar, küsülüdülər... daha  nələr, nələr. Ağızlarda gəzən bu söhbətlər qulağına çatanda Kərim kişi min dəfə ölüb-dirilərdi.

 

Günlər keçir, aylar ötür, fəsillər bir-birini əvəz edir, amma bu iki ahılı yada salan olmurdu.

 

 

 

Cəmilə ÇİÇƏK/zekainfo.az

Araşdırmaçı-jurnalist,

Prezident təqaüdçüsü 

reklamlar

Digər xəbərlər