İlk Məhəbbətin qurbanı (Hekayə)

İlk Məhəbbətin qurbanı  (Hekayə)
Mədəniyyət 06 Yanvar 2025 - 09:00


 

 

Ailədə uşaqların, istər oğlan olsun, isrərsə də qız, böyüyüb boya-başa çatanda özlərinə görə də həyatları olur. Oğlan böyüyür, diqqətin ona yönəlməsini, ata-ana qayğısının başqaları ilə bölünməz olduğunu düşünür. Qız da həmçinin. Bilir ki, ata-ana ürəklərinin ən dərin yerində qıza xüsusi bir guşə ayırır. Analar kiçik yaşlarından qızların adına cehiz toplamağa başlayırlar. Belə çıxır ki, ata oğlu üçün, ana qızı üçün çalışır. Amma hər iki övlad bütöv ailəyə məxsusdur.

 

Bu barədə Şölənin bəxti gətirmişdi. O, ailənin tək övladı olduğu üçün həm atasının, həm də anasının arzu və düşüncələri ona məxsus idi. Şölə böyümüş gözəllər gözəli bir qız olmuşdu. Təhsil aldıqdan sonra öz həyatını quracaqdı. Amma indiyədək ürəyinə yatan, könlünü almaq istəyən, dərdindən  dəli-divanə olan biri yox idi. Bu arzu bütün qızlarda olur.

 

Nəhayət günlərin birində Şölə işdən gələndə, arxadan onu çağırdılar. Əvvəlcə istədi dönüb baxsın, sonra fikirini dəyişib, yoluna davam elədi. Səsindən duymuşdu ki, çağıran oğlandır. Səsinə səs verilmədiyini görən oğlan cəld addımlarla qızın qarşısını kəsdi:

       Şölə xanım, sizi çağırıram, niyə cavab vermirsiniz?

       Məgər mən hər çağırana cavab verməyə borcluyam?

 

Şölə onu tanıyırdı. Bir ev aralıda yaşayan Cahangirin oğlu idi. İki sinif  Şölədən yuxarı oxumuş, Universitetə daxil olmuşdu. Orta məktəbdə oxuduğu illərdə müğənni kimi oxumağı da vardı. Şəhərdə olanlar  binanın eyni dəhlizində yaşasalar belə, çox vaxt bir-birini tanımır, tanımaq arzusunda olmurlar. Təkcə məktəbin köməyi ilə uşaqlar uşaqları, ailələr ailələri tanıyırlar.

 

Adı Faiq olan bu oğlanın nə istədiyi məlum deyildi.

        Şölə xanım, mən sizinlə tanış olmaq istəyirəm – deyəndə, Şölə  gülə-gülə:

        Bir məktəbdə oxumuşuq. Məgər məktəbdən məni tanımırdınız? – deyə soruşdu.

        Məktəbdən tanıyıram ey. İndi isə lap yaxından bilmək istəyirəm ki, Sizi görüşə dəvət edə bilərəmmi?

        Yox, mən o qızlardan deyiləm, görüşüb, görüşüb, saqqız kimi çeynəyib, sonra da atıb gedəsiniz.

 

        Siz elə bilirsiniz “saqqız almağı” nəzərdə tutmuşdum? Mən hələ məktəbdən sizi izləyirəm. Sizə qarşı niyyətim safdı. Amma heç vaxt cürət tapıb, yaxınlaşa bilmirdim. Artıq siz də ali təsillisiniz, mən də. Bir-birimizi daha yaxından tanıyırıq. Fikrimcə, bizim ailə qurmaq haqqında düşünmək vaxtımız çatıb.

 

         Bəli, tanımağına tanıyırıq. Hətta Puşkini də tanıyırıq. Puşkinin kim olduğunu, onun əsərlərini oxuyandan sonra bilirik. Və deyirik: bu, başqa məsələ. Puşkin böyük şairdir. İndiki oğlanlar min hiylə ilə qızlarla tanış olur, evlənir, sonra da gedib Rusiyada Puşkinlə “qohum” olurlar.

 

İndiyədək  Şölənin sözlərinə qulaq asan Faiq and içmək istədi:

– Yox, yox mənə ar olar sözümün üstündə durmasam. Bir qızın könlünü yaralayıb, atmaq, ən azı, alçaqlıqdır. Biz də körpə deyilik. Ali təhsilli adamlarıq. Yəqin ki, mənim sevgimdən xəbərsiz olduğunuz üçün belə danışırsınız.

 

Şölə yarızarafatla:

        Yaxş, yaxşı, gop elədin bəsdi, yaşayarıq, görərik – dedi və uzaqlaşdı.

Qızın sözləri Faiqin qəlbində ümid çırağı yandırdı. Öz-özünə təkrar etdi: “yaşayarıq, görərik”, yəni “etirazım yoxdur” deməkdir.

 

Bundan sonra Faiq işıq dirəyi kimi qızın yolu üstündə bitdi. Ertəsi gün gül dəstəsi ilə gəlmişdi. Gülü Şöləyə təqdim edəndə, qızın üzündə təbəssüm, gözlərində ümid qığılcımı parlasa da əvvəl utanb gülü götürmək istəmədi. Sonra Faiqin ondan qırılmaq istəmədiyini düşünüb, gülü aldı və tələsdiyini bildirərək Faiqdən uzaqlaşdı.

 

Faiq  Şölənin xoşuna gəlmişdi. Boy-buxunu ona yaraşırdı. Şölə ağsifət, sarışın olsa da, Faiq qarayanız idi. Lap “Çalıquşu”nun Kamranına bənzəyirdi. Həm də, özü qəsdən ona yaxınlıq vermir, əziyyət çəkməsini, sınaqdan keçməsini istəyirdi. Düşünürdü ki, bezərək yorulsa, onda demək sevmir. Yox, əgər sevirsə, günlərlə yolumu gözləməyə hazır olacaq.

 

Yavaş-yavaş Şölənin imtahanından keçən Faiq fikrindən dönmür. Sevdiyini həqiqətən sübut etməyə çalışırdı. Nəhayət bir dəfə Şölə imtahandan uğurla çıxan Faiqin təklifini qəbul etdi, onunla bərabər addımladı. Yolboyu Faiq özündən, ailəsindən danışdı. Şölə ilə olan münasibətini anasına söylədiyini dedi.

 

Şölənin də Faiqi sevdiyi məlum oldu. Daha onlar bir-birlərini görməyəndə darıxırdılar. Hər ikisi ayrı-ayrılıqda belə, gecə-gündüz xəyallar qurur, sevgi, sədaqət haqqında düşünürdülər. Üstündən bir neçə ay keçdi. Faiqin atası Cahangir yaxınları ilə birlikdə Şöləgilə elçi gəldi. İki sevən qəlbin məhəbbəti bu iki ailəyə qohumluq təklif etdi. “Hə” alındı. – Təki balalarımız xoşbəxt olsunlar – dedilər.

 

Şölə qismətinə çıxan, onu ürəkdən sevən Faiqə bir könüldən, min könülə ürəkdən, qəlbən bağlandı. Taleyindən razı qaldı. Faiqin ağıllı, sözünün ağası olması, kişilərə məxsus hərəkətləri ona ləzzət verirdi. Əlbəttə, Şöləyə görə kişi evdə, ailədə özünü əsl kişi kimi aparanda, ailənin bünövrəsi də möhkəm olur. Hər bir ailə qadını da çalışıb kişinin varlığına hörmət etməli, onu saymalıdır.

 

Demək olar ki, Şölə, Faiqlə quracağı ailənin modelini yaratmışdı. Onların ailəsi dünyanın ən xoşbəxt ailələrindən biri olmalıdır.

 

Faiq tələsirdi. Yolu keçməli idi. Yerüstü keçidsə xeyli uzaqda idi. “Piyadaların keçməsi qadağandır” nişanına məhəl qoymayan Faiq yolun kənarında olan baryeri aşaraq, maşın yoluna çıxdı. Maşınlar sürətlə şığıyıb keçirdilər. Uzaqdan ağır yük maşını gəlirdi. Faiq istədi bu andan istifadə etsin və  yolu tez keçsin. Qəflətən yük maşınının sol böyründən çıxan qara avtomobil Faiqi yolun ortasında yaxaladı. Sürücü əyləci basıb dayanmaq istəsə də, çox gec idi. Artıq Faiq təkərlərin altında qalıb, tanınmaz hala düşmüşdü.

 

Axşam Şölə istədi uzanıb yatsın. Anladı ki, uzun gecəni səhərə kimi yata bilməyəcək. Televizoru açıb, kanalları yoxladı ki, görsün baxmalı bir şey varmı? “Xəbərlər” başladı. Yollarda qəzaları göstərirdilər. Şölə son aylarda baş verən avtomobil qəzalarında sürücüləri günahlandıraraq, onların qarasınca deyindi: – Bədbəxtlər, elə bil, əzrayılla çilingağac oynayır, maşını sürətlə sürürlər. Birdən ekranda göstərilən şəxsiyyət vəsiqəsinə baxdı. Qəzada həlak olan Faiq Cahangir oğlu idi.

 

Şölənin gözlərinə qaranlıq çökdü, sanki başına göydən daş yağdı, donub yerində qaldı.

Faiqin ölümü Şölənin ürəyinə sağalmaz yara vurdu. Alnına yazılan bu qara bəxt onu sarsıtdı. Hələ əri olmayan, ər evinə köçməyən Şölə başına qara bağlayıb, matəm içində yaşadı. Qara bir kölgəyə döndü. Qıraqdan baxanlar qızın hərəkətini qınadılar. Daha duya bilmədilər ki, ürək də məzar kimidi. Ora düşən ilk məhəbbətin arxaya yolu yoxdur. Qızlarının sevgi yolunda cəfalar çəkməsi ata-ananı üzürdü. İkisi bir yerdə olanda qızdan xəlvət xısın-xısın söhbət edirdilər. Atası deyirdi:

– Ay arvad, qızı bu vəziyyətdə görənlər bizim evə yaxın düşməzlər. Bu nə bədbəxtlik idi, başımıza gəldi?...

 

Beləcə beş il keçdi. Şölə sevgilisini unuda bilməsə də, ona, olanlardan xəbərsiz bir oğlan elçi göndərdi. Toyları oldu. Oğlan ona sahib çıxdı. Təsadüfən bu oğlanın da adı Faiq idi. Ərinin adını çağıran zaman Şölənin ilk sevgisi yadına düşürdü.

 

Artıq onların bir oğlulları da vardı. Uşaq böyüyüb, dörd yaşına çatmışdı. Ana-bala evlərindən aralıda olan bağda idilər. Uşaq özü ilə gətirdiyi topla oynayırdı. Ana da oturacaqda oturduğu halda ötən günlərini xatırlayırdı. Top dığırlanıb yola tərəf getdi, uşaq topun arxasınca qaçdı, Şölə uşağın dalınca yüyürdü, amma artıq gec idi. Sürətlə gələn maşın uşağı da, ananı da haqladı. İlk məhəbbətin xəyalları ananı özü ilə apardı. Bədbəxt Faiq həkimlərin güclə sağalda bildiyi körpə balası ilə tək qaldı.

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər