Bir şairin qurbanı (Hekayə)

Bir şairin qurbanı  (Hekayə)
Mədəniyyət 07 Yanvar 2025 - 10:29

 


 

Onun şeirləri mənə çoxdan tanış idı. Amma özü ilə kəlmə kəsməmişdim. Bir gün nəşriyyatda rastlaşdıq. Otağıma dəvət etdim. Çay süzdüm. Çay içə-içə şirin söhbət etməyə başladıq. Lirik şeirlərlə məşhur olan bu şairənin sözrlərinə çoxlu sayda mahnılar yazılaraq, dillər əzbərinə çevrilmişdir.

Yaşı əllini adlayan şairənin gəncliyə məxsus hərəkətləri olsa da, saçları ağarmış, sifətində həm təbəsümlü, həm də kədərli cizgilər yaranmışdı. Nə qədər gülümsəməyə çalışsa da belə, gözlərindən kədər oxunurdu. Söhbət əsnasında dedim:

       Sevgi xanım, sizin şeirlərinizdə məhəbbət mövzusu çox güclüdür. Deyərsinizmi, bu qədər məhəbbət şeirləri sizdə hardandır? İndi nə gənclər, nə də orta yaşlılar məhəbbəti sizin qədər dərindən duya bilməz.

Sanki, onun yaralarının qərtməyini qoparmışdım. Gözləri yaşardı. Nəm çəkmiş yarpaqdan axan şeh damcıları kimi göz yaşları yanaqlarını islatdı.

– Üzr istəyirəm, yoxsa xətrinizəmi dəydim? – dedim.

-  Yox, yox, indiyəcən mənim dərdli ürəyimi dindirən olmamışdı. Mənim kimi yarımçıq məhəbbətin qurbanları çoxdur...

        Elə isə, danışın, ürəyiniz boşalsın.

- Uşaqlıqdan şeiri çox sevirəm. Əvvəllər uşaq şeirləri əzbərləsəm də, qızlar bulağından su içəndən sonra məni özünə cəlb edən məhəbbət şeirləri oldu. Bir şair vardı., əl boyda kitabı çıxmışdı. O kitabı sinəmdə, ürəyimin başında gəzdirirdim. Gecələr yata bilmirdim. Batareya ilə işləyən bir işığım vardı. Yorğanın altında onun işığında oxuyurdum. O qədər oxumuşdum ki, kitabdakı şeirlərin hamısını əzbər bilirdim. Əzbər bildiyim halda, yenə doymurdum, dönə-dönə oxuyurdum. Yeni kitab da tapa bilmirdim. Ucqar kənddə hər kitabı tapmaq olmurdu. Onda şairlərin kitabları da tez-tez nəşr olunmurdu. Yaxşı şairi elə bir kitabı, bir şeiri ilə tanımaq olurdu.

Bir dəfə şəhərdən məktəbimizə bizimlə görüşmək üçün şairlər gəlmişdilər. Məktəbin iclas zalında şagird və müəllimlərdən başqa şer həvəskarları da çox idi. Eşitdim ki, kitabını sevə-sevə oxuduğum şair də orada olacaq. Əvvəlcədən kolların dibindən tər bənövşə-nərgiz dəstəsi dərdim. Böyük bir dəstə olanda, adımı-soyadımı, telefonumu yazıb, güllərin arasına qoydum. Sevdiyim şairin şeirlərini əzbər deyəndən sonra yaxınlaşıb, gül dəstəsini ona verdim. Alqışları eşidəndə qan-tərə batdım. Keçib yerimdə oturaraq, onun gözlərinin içinə baxdım. Bilmirəm o məni görürdü, ya yox?! Tab gətirə bilməyib, bayıra çıxdım. Bircə ona sevindim ki, istədiyimə çatdım.

Şairlər bircə günün qonağı oldular. Axşam çağı onlar şəhərə yola düşdülər. Demək olar ki, yaşamaq mənə haram olmuşdu. Telefonu əlimdən yerə qoymurdum. Qulağım səsdə, gözüm yolda idi. Beləcə aylar keçdi, səs-soraq gəlmədi. Bircə məktəbi qurtarıb, paytaxta gedəndə, o şairi tapmaq arzusunda idim.

Dediyim kimi də oldu. Məni Bakıya yola salan valideyinlərim dedilər:

– Qızım, özünü sına. Alınar-alınar alınmasa, qayıt evimizə. Qız uşağının böyük şəhərdə nə işi var?! Ay qayıtdım ha, – deyə düşündüm. Fikrim – zikrim şairlə olduğundan, qəbul imtahanlarını da  verə bilmədim. Ürəyimin başında gəzdirdiyim kitabı da götürüb, soraqlaşa-soraqlaşa bir redaksiyaya getdim. Qapıdan içəri girmək mənim üçün çox çətin idi. Gördüm hündürboy bir oğlan qapı yanında papiros çəkir. Ona yaxınlaşıb soruşdum:

       Müəllim, siz də burada işləyirsiniz?

Dedi:

       Bəli.

        Hansı şöbədə? – deyə əlavə etdim.

O,  şeir şöbəsində – dedi.

Kitabı çıxarıb, ona göstərdim:

        Bu şairi tanıyırsınızmı?

        Əlbəttə, kim onu tanımır ki? O mənim ən yaxın dostumdur. Bizim binada yaşayır. Apararam, görüşərsiniz – dedi.

        Yarım saatlığına bağda oturub, məni gözləyin, işimi qurtarım, gedək.

Gedib yaxındakı bağda oturdum. O boyda bağa sıgışmırdım. Sevincdən az qalırdım ağlayım. Kitabı çıxarıb, tanış sözləri, sətirləri oxumağa başladım. Birdən müəllim dediyim oğlan qarşımda dayandı:

        Hə, bu da mən.

Maşınını göstərib, gedək maşına – dedi.

Maşına oturub xeyli getdik. Sonra iki mərtəbəli bir evin qarşısında dayandı. Özü düşəndən sonra gəlib, nəvazişlə qapını açdı. Ürəyimdə xeyirxah adama rast gəldiyimə sevindim.

Birinci mərtəbədə dəhlizin sağ tərəfindəki qapını özü açıb, məni içəri dəvət etdi. İki otaqlı ev idi. Böyük rəfdə müxtəlif şairlərin kitabları vardı. Mənim görmək istədiyim şairin də təzə kitabını tapdım.

       Siz darıxmayın, mən gedib dostumu çağırıb gəlirəm – dedi. On-onbeş dəqiqədən sonra əlində yemək-içmək, müxtəlif sular, şirələr qayıtdı.

       Yəqin ki, siz də acsınız. Gəlin, o gələnə kimi bir tikə çörək kəsək.

 

Əvvəl razı olmaq istəmədim. Amma ac olduğumdan, qeyri-ixtiyari yeməyə başladım. Süzdüyü şirədən içdim. Bir az keçmiş başım hərləndi. Harada olduğumu bilmədim. Görünür, şirəyə nəsə qatmışdı. Ayılanda gördüm ki, məni soyundurub. Onunla bir yataqdayam. O, mənə sahib olmuşdu. Öz ayağımla gəlib, tora düşdüyümü anladım. Nə deyim, kimə şikayət edim? Kor-peşman oradan aralandım. Küçələrdə dolaşdım. İşə qəbul elanını oxuyub, işə girdim. İş yerinin yataqxanasında qalmalı oldum. Beləcə illər keçdi. Öz sevimli şairimi tapa bilmək üçün üstəlik namusumu da itirdim. İçimdə əvvəlcədən də şeirin ilk işartıları közərməyə başlamışdı.

Bundan sonra isə ciddi şəkildə özüm şeirlər yazmağa başladım. Şeirlərim, demək olar, bütün qəzet və jurnallarda çap olundu. Bircə o nadürüst işləyən yerə bir daha ayaq basmadım. Oxucular mənə məktub yazdıqca mən də onlara cavab yazmaqla başımı qatıb təsəlli tapdım.

 

Şeirlərimə görə sanballı bir redaksiyaya dəvət aldım, Sevdiyim şair də orada işləyirdi. Bir dəfə üz-üzə gəldik. Məni tanımadı. Ertəsi gün məqam tapıb, tanışlıq verəcəkdim. Əfsuslar olsun ki, bədbəxtliyimə səbəb olan şair elə ertəsi gün dünyadan köçdü deyə sevdiyim şairlə görüş baş tutmadı. Bütün şairlər kimi, mən də hüzürə getmişdim. Ağlayırdım. Göz yaşları tökürdüm. Daha bilən yox idi ki, kimin üçün, nə üçün ağlayıram. Bu sirri o alçaqdan, o nadürüstdən başqa heç kim bilmirdi. İndi bildim ki, o şair kim imiş!

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər