Azadlıq,
müstəqillik, Vətən!
Bir çoxları
bu üç məfhumun bir-biri ilə üzvü surətdə bağlılığını dərk edə bilməz. Bunun
üçün gərək canında, qanında olsun vətənpərvərlik.
Hər bir
xalqın müstəqil yaşamağa, yaratmağa haqqı var. Amma, təəssüflər olsun ki, bu,
çoxlarına qismət olmur. Azad, müstəqil yaşamaq heç də rahat əldə edilmir. Bu
gün heç bir maneə olmadan təhsil ala biliriksə, heç nədən qorxmadan övladlarımızı
cəmiyyətə buraxırıqsa, buna görə borclu olduğumuz şəhid ruhları var. Hansısa adları unutmamaq
və unutdurmamaq gərəkdi. Harada yaşamasından asılı olmayaraq, ömur boyu
qarşısında baş əydiyimiz şəhid və qazi valideynləri var. Cəmiyyət, millət,
müəllim, valideyn olaraq ən böyük borcumuz Vətən, bayraq, qeyrət, namus üçün
canından, sağlamlığından keçən oğul və qızlarımızı məktəblərdə, ailəmizdə və
cəmiyyətdə daima yaşatmaqdır. Çünki bir insan unudulan zaman ölər. Ona görə də
biz onların adlarını yaşatmağa borcluyuq. Vətən, sadəcə, qara torpaq parçası
deyil! Ölüm kimi nə qədər acı həqiqət olsa da, “Torpaq, uğrunda ölən varsa,
Vətəndir!” - deyiblər...
Belə vətəndaş və vətənpərvərlərimiz hesabına erməni
vandallarının dərsini verib, 2020-ci ilin payızında Qarabağda Qələbə çaldıq. 30
illik yurd-yuva həsrətinə son qoyuldu.
Həmin oğullardan biri də
Saməddin Şamil oğlu Əmrahov idi ki, 2 oktyabr 1978-ci ildə Kəlbəcər şəhərində
anadan olub. 1985-ci ildə Kəlbəcər şəhər 3 nömrəli orta məktəbin 1-ci sinfinə
qəbul edilib, 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən
Kəlbəcər rayonunun işğal edilməsindən sonra Əmrahovlar ailəsi Oğuz rayonunun
Calut kəndində məskunlaşıb. Ona görə də Saməddin 1993-cü ildə orta təhsilini
Calut kənd tam orta məktəbində davam etdirib.
1996-cı ildə məktəbi
bitirən Saməddin həmin ilin iyul ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış
üzrə Dövlət Xidmətinin Kəlbəcər rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə
çağırılıb. 1998-ci ildə müddətli həqiqi hərbi xidmətini müvəffəqiyyətlə
bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətini
davam etdirib. 1996-cı ildən 2020-ci ilin oktyabrın 4-dək Quru Qoşunlarda xidmət göstərib.
Azərbaycan Ordusunun
kiçik çavuşu olan Saməddin Əmrahov 2020-ci il sentyabrın 27-də Azərbaycan
Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad
edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən
müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib.
Saməddin Əmrahov 2020-ci ilin oktyabrın 4-də Murovdağ döyüşləri zamanı
qəhrəmancasına şəhid olub. Oğuz rayonunun Calut kənd qəbirstanlığında dəfn
edilib.
21-ci yüzillik olmasına,
hegemon dövlətlərin demokratiya, azadlıq, ədalət şüarlarına, çıxışlarına
baxmayaraq, Azərbaycanın Respublikasının başı bu əsrdə də bəladan qurtulmadı.
27 sentyabr 2022-ci ildə II Qarabağ müharibəsi başladı. İllərlə düşmən tapdağı
altında olan gözəl Qarabağımız, nəhayət ki, azad edildi. Çox təəsüf ki, ağır
itkilərimiz də oldu. Amma igid oğullarımızın, Müzəffər ordumuzun, Ali Baş
Komandanımızın müdrik siyasəti sayəsində ərazi bütövlüyümüzü bərpa etdik.
Zəfərin dadını illər sonra yeni yaşatdılar bizə igidlərimiz, canları-qanları
bahasına da olsa! Artıq başımız dik, üzümüz ağ deyirik: “Qarabağ Azərbaycandır!”
Bunun üçün isə şəhidlrimizə, onların ailələrinə borcluyuq.
Vətənimizin igid, cəsur,
düşmənə qan udduran oğullardan biri, Kəlbəcər rayonunun fəxri, şəhid Əmrahov
Saməddin Şamil oğlunun qardaşı ilə həmsöhbət olduq. Həqiqətən nə qədər
qürurverici olsa da, bir o qədər də mənim üçün çətin oldu. Doğmasını itirən
biri ilə danışmaq, şəhid haqqında olanları bölüşmək necə çətin bir an olduğunu
anlamaq yəqin ki, hamıya bəllidir. Amma hər kəsə nəsib olmur tarixdə adının
yaşaması, fəxrlə anılması. Bu isə şəhid ailələri üçün ən böyük təsəllidir.
“Vətən uğrunda”,
“Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərinə görə” medalları ilə
təltif edilib Saməddin. Şəhidimiz Saməddin ailəli idi. Bir oğlu və bir qızı
yadigar qalıb.. Aysu və Şamil Əmrahovlar. Aysu hal-hazırda ADDU–də tələbədir. Şamilin
isə 3 yaşı var.
Qardaşının və ətrafında
olanların dediklərinə görə o, çox qayğıkeş ailəbaşçısı olub. Həm qardaş, həm
yoldaş, həm dost kimi qüsursuz bir insan olub. Sanki şəhidlərimiz seçilmiş bəndələrimzdir. Ona görə də ən uca zirvədədir
şəhidlərimiz.
Ailədə 6 uşaq olublar.
Qardaşı Xəqani deyir ki, ən gözəl xatirələrim Saməddinə bağlıdır: həm dostum,
həm sirdaşım idi.
Yeri gəlmişkən, Saməddin
şəhid olan vaxtlar Xəqani Əmrahov da hərbi xidmətdə, döyüşdə olub. Özünün
dediyinə görə, qardaşı döyüş bölgəsində Murovdağda olmasına baxmayaraq, hər
telefon zəngində Xəqaniyə özündən muğayat olmağı tapşırırmış. Hər zəngdə
“inşallah yaxın vaxtda görüşərik, Kəlbəcərdə qeyd edərik qələbə sevincini”, -
deyərmiş.
Son telefon danışıqları 25 sentyabr
2020-ci ildə olub. Saməddin həmişəki kimi, qardaşına ehtiyatlı olmağı tapşırıb,
qələbəyə inandığını, hiss etdiyini deyib. Onu da xüsusi olaraq vurğulayıb ki,
“Vətənimizi bu dəfə düşmən tapdağından azad edəcəyik”.
Kaş ki, bütün şəhidlərimiz
qələbə sevincini, xəbərini özləri doğmalarına deyə biləydilər. Amma, çox
təəsüf! Şəhidlik, əslində, yalnız qəhrəmanlıq deyil, Allahın dərgahında ölümün
qəhrəmanlığıdır! Bizim müəllim olaraq borcumuz isə övladlarımıza və şagirdlərimizə
vətənpərvərlik hissini lap körpəlikdən aşılamaqdır. Çünki qəhrəmanları tək ailə
yox, cəmiyyət və məktəb yetişdirir. Allahdan bütün şəhidlərimizə rəhmət,
qazilərimizə can sağlığı diləyirik. Bir də onlarla bərabər, həyatı sönən, həyat
eşqi bitən, amma əzmlə, dözümlə ayaqda durmağa çalışan, bayrağını qucaqlayıb
övladının qoxusunu alan, “Vətən sağ olsun!” deməyi bacaran valideynlərə səbr
diləyirik.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az