Folklorşünaslığın müasir istiqamətlərinə yön verən alim – Hikmət Quliyev

Folklorşünaslığın müasir istiqamətlərinə yön verən alim – Hikmət Quliyev
Yazarlar 13 Aprel 2026 - 19:00

Bu gün Hikmət Quliyev – Azərbaycan elmi ictimaiyyətində öz dəst-xətti, dərin elmi yanaşması və təşkilatçılıq bacarığı ilə seçilən görkəmli alim, filologiya elmləri doktorunun doğum günüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna rəhbərlik edən Hikmət Quliyev uzun illərdir ki, milli-mənəvi irsimizin öyrənilməsi, qorunması və yeni elmi yanaşmalarla təhlili istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir. Onun rəhbərliyi ilə folklorşünaslıq sahəsində aparılan tədqiqatlar yalnız akademik çərçivədə qalmır, eyni zamanda müasir dövrün çağırışlarına uyğun şəkildə yenilənir, zənginləşdirilir və beynəlxalq elmi müstəviyə çıxarılır.

Alimin doğum günü münasibətilə paylaşdığı fikirlər də göstərir ki, o, bu günü yalnız şəxsi bayram kimi deyil, eyni zamanda mənəvi və elmi hesabat kimi dəyərləndirir. Bu yanaşma, əslində, onun həyat və fəaliyyət fəlsəfəsinin əsasını təşkil edir. Elmi əməkdaşlıqların genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi və folklorşünaslığın müasir inkişaf istiqamətlərinə uyğunlaşdırılması onun prioritetləri sırasında xüsusi yer tutur.

Hikmət Quliyevin fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri də kollektiv düşüncə və birgə yaradıcılıq prinsipinə verdiyi önəmdir. Bu, həm institut daxilində sağlam elmi mühitin formalaşmasına, həm də daha geniş miqyasda milli elmi potensialın gücləndirilməsinə xidmət edir.

Bu əlamətdar gün münasibətilə Hikmət Quliyevə möhkəm cansağlığı, yeni elmi uğurlar, həyata keçirdiyi layihələrdə davamlı nailiyyətlər arzulayırıq. İnanırıq ki, onun rəhbərliyi ilə Azərbaycan folklorşünaslığı bundan sonra da yeni zirvələr fəth edəcək, milli-mədəni irsimiz daha geniş miqyasda tanıdılacaq və gələcək nəsillərə zəngin şəkildə ötürüləcək.

Cəmilə Çiçək

Tədqiqatçı-jurnalist, 

Zekainfo.az saytının baş redaktoru

reklamlar

Digər xəbərlər