(Dövlət diqqətinə ünvanlanan bir təbrik və çağırış)
Azərbaycan muğamı xalqımızın ruhunun səsi, milli yaddaşımızın daşıyıcısı, tarixlə bu gün arasında körpü salan müqəddəs sənət yoludur. Bu yol isə təsadüfi addımlarla deyil, ömür boyu sədaqətlə xidmət edən sənətkarların fədakarlığı ilə yaşayır, qorunur və gələcəyə ötürülür. Belə sənətkarlarımızdan biri – ömrünün 40 ildən çoxunu muğamın tədrisinə, təbliğinə və yaşadılmasına həsr etmiş ustad xanəndə Sabir Abdullayev bu gün öz doğum gününü qarşılayır.
Sabir müəllim yalnız xanəndə deyil. O, bir məktəbdir. O məktəb ki, əsasında ustad-şagird ənənəsi, mənəvi məsuliyyət, sənətə sədaqət və milli vicdan dayanır. Onun yetirmələri bu gün Azərbaycanın müxtəlif səhnələrində, eləcə də dünya ölkələrində muğam sənətini təbliğ edir, milli musiqimizi layiqincə təqdim edirlər. Lakin acı həqiqət bundan ibarətdir ki, bu gənc sənətkarların bir çoxu bu gün onların formalaşmasında əvəzsiz rolu olan ustadın adını çəkməkdə tərəddüd edir. Halbuki onların sənət yolunun təməlində məhz Sabir Abdullayevin zəhməti dayanır.
Bu gün efirlərdə tez-tez sənət meyarlarından uzaq, müvəqqəti populyarlıq qazanan ifaçıların önə çəkildiyini, onların müxtəlif fəxri adlarla təltif edildiyini görürük. Halbuki ömrünü milli musiqimizin qorunmasına həsr edən, Qarabağ xanəndəlik məktəbinin ənənələrini yaşadan, bu sənəti ölkə hüdudlarından kənarda tanıdan Sabir Abdullayev kimi sənətkarların hələ də layiq olduqları qiyməti almaması düşündürücüdür.
Qarabağ torpağının yetirməsi olan Sabir müəllim, yalnız səhnədə deyil, pedaqoji fəaliyyətində də muğamın ruhunu yaşadıb. O, gənclərə muğamı sadəcə öyrətməyib – onu hiss etməyi, onu yaşatmağı, ona məsuliyyətlə yanaşmağı aşılayıb. Bu isə hər sənətkara nəsib olmayan ali missiyadır.
“Zəka İşığında Milli Dəyərlərin Təbliğinə Dəstək” İctimai Birliyinin təsisçisi və sədri, həmçinin peşəkar jurnalist olaraq təşkilatımızın adından Adil Kərimli və Azərbaycan Respublikası Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva diqqətinə hörmətlə çatdırırıq:
Sabir Abdullayevin 40 illik pedaqoji fəaliyyəti, muğam sənətinin qorunması və təbliğində göstərdiyi misilsiz xidmətlər dövlət səviyyəsində layiqincə qiymətləndirilməlidir. Onun fəxri adla təltif olunması yalnız bir sənətkara verilən dəyər deyil – bu, bütövlükdə muğam sənətinə, Azərbaycan - Qarabağ xanəndəlik məktəbinə və milli mədəniyyətimizə göstərilən ehtiramın ifadəsi olar.
Qeyd etmək lazımdır ki, Sabir müəllimin fəxri adla təltif olunması üçün dəfələrlə sənədlər hazırlanaraq aidiyyəti qurumlara təqdim edilmiş, tanınmış sənətkarların imzalı zəmanətləri əlavə olunmuşdur. Lakin bu günə qədər məsələ müsbət həllini tapmamışdır.
İnanırıq ki, cənab Prezidentimiz bu məsələyə diqqət ayıracaq, sənətkara qarşı olan bu haqsızlıq aradan qaldırılacaq və onun xidmətləri layiqincə qiymətləndiriləcəkdir.
Bu gün Sabir müəllimin doğum günüdür. Bu münasibətlə demək istəyirik:
Sənətkara dəyər vermək üçün onun yoxluğunu gözləmək olmaz. Dəyər sağlığında verilməlidir ki, sənətin də, sənətkarın da haqqı ödənmiş olsun.
Hörmətli Sabir müəllim,
Sizin muğam sənətinə verdiyiniz töhfələr, yetişdirdiyiniz sənətkarlar, qoruduğunuz milli irs heç vaxt unudulmayacaq. Siz bu sənətin sədaqətli keşikçisi, milli yaddaşımızın canlı daşıyıcısısınız.
Doğum gününüz mübarək olsun! Sizə möhkəm can sağlığı, uzun ömür və sənət yolunuzda yeni uğurlar arzulayırıq.
Dərin hörmət və ehtiramla,
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytının baş redaktoru