Köçkünlərin duasını qazanan şəxsiyyət – Eldəniz Mehdiyevin insanlıq missiyası 

Köçkünlərin duasını qazanan şəxsiyyət – Eldəniz Mehdiyevin insanlıq missiyası 
Yazarlar 17 Aprel 2026 - 14:39
Cəmiyyətin yaddaşında iz qoymaq hər kəsə nəsib olmur. Vəzifə sahibi olmaq mümkündür, lakin insan olaraq ucalmaq, xalqın qəlbində yer tapmaq yalnız seçilmişlərin payına düşür. Bu baxımdan Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz Mehdiyev təkcə tutduğu mövqeyə görə deyil, daşıdığı mənəvi yükə, insani keyfiyyətlərə və milli dəyərlərə sadiqliyinə görə fərqlənən simalardandır.

Bu gün onun doğum günü münasibətilə deyilən hər söz, əslində illərin şahidi olduğu bir həqiqətin ifadəsidir – Eldəniz müəllim vəzifəsi ilə deyil, şəxsiyyəti ilə böyüyən insanlardandır. Onun qazandığı hörmət süni təriflərin, formal yanaşmaların nəticəsi deyil. Bu hörmət, minlərlə köçkün ailəsinin həyatına toxunan səmimi münasibətin, diqqətin və qayğının təbii nəticəsidir.

Kəlbəcərdən didərgin düşmüş insanların taleyi həssas yanaşma tələb edən bir məsələdir. Bu talelərlə işləmək sadəcə inzibati vəzifə deyil, vicdan işidir. Eldəniz Mehdiyev məhz bu məsuliyyəti dərindən anlayan, hər bir müraciətə insan taleyi kimi yanaşan, qarşısına gələn hər bir köçkün ailəsini diqqətlə dinləyən, onların sözünü yerə salmayan bir rəhbərdir. Bəzən imkanlar məhdud olsa belə, o, vətəndaşın problemini aidiyyəti qurumlara çatdırmaq üçün əlindən gələni edir. Bu isə artıq vəzifə çərçivəsindən çıxaraq, insanlıq missiyasına çevrilir.

Bu gün cəmiyyətimizdə təəssüf ki, vəzifəyə gələn kimi süni şəkildə tərif yağdırılan, lakin real həyatda insanlardan uzaq duran məmurlar da az deyil. Elə rəhbərlər var ki, kabinetlərindən kənara çıxmır, insanlarla canlı təmasdan yayınır, yalnız hesabat dövrlərində görüntü xatirinə müəyyən addımlar atırlar. Bu cür yanaşma cəmiyyətin etimadını zədələyir və dövlət-vətəndaş münasibətlərinə kölgə salır.

Eldəniz Mehdiyev isə bu stereotipləri qıran, xalqın arasında olan, dərdi dinləyən və ürəklə yanaşan rəhbər modelidir. Onun fəaliyyəti göstərir ki, rəhbərlik kreslosu məsafə yaratmaq üçün deyil, körpü qurmaq üçündür.

Unutmaq olmaz ki, bu fani dünyada hər birimiz köçərik. Lakin insanın özü ilə apardığı ən böyük sərvət onun nəcib əməlləri, qazandığı dualar və arxasında qoyduğu xoş xatirələrdir. Eldəniz müəllim məhz bu mənəvi sərvəti qazanan insanlardandır. Kəlbəcərlilərin gözündə onun böyüklüyü tutduğu vəzifə ilə deyil, göstərdiyi insanlıq nümunəsi ilə ölçülür.

Xalq arasında deyildiyi kimi, “ot kökü üstə bitər” – nəsildə, qanda, genetik yaddaşda olan dəyərlər mütləq bir gün özünü göstərir. Eldəniz Mehdiyevin davranışında, münasibətində bu köklərin, bu tərbiyənin izlərini aydın görmək mümkündür.

Müdriklər demişkən, alim olmaq asandır, insan olmaq isə çətin. Eldəniz müəllim bu çətin yolu seçərək, minlərlə köçkün ailəsinin hörmətini, duasını və sevgisini qazanmışdır. Bu, hər hansı vəzifədən daha böyük, daha dəyərli bir nailiyyətdir.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm, Eldəniz müəllim. Sizə möhkəm can sağlığı, uzun ömür, yeni yaşınızda bütün arzularınızın gerçəkləşməsini arzulayıram. Atacağınız hər addımda uğur sizinlə olsun.
Sizin haqqınızda yazılacaq sözlər hələ çoxdur. Lakin ən böyük qiyməti artıq xalq verib – bu isə ən ali dəyərdir.
Doğum gününüz mübarək olsun!


Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist, Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər