Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA 

Bu evləri nə satmaq olur, nə də içində yaşamaq - AÇIQLAMA 
Cəmiyyət 22 Aprel 2026 - 21:00

Paytaxtın daşınmaz əmlak bazarında uzun illərdir davam edən “həyət evi” ənənəsi, son zamanlar yerini daha ehtiyatlı və rasional yanaşmalara buraxır. İnsanların təbiətə yaxın olmaq, öz kiçik bağçasında dincəlmək arzusu artıq infrastrukturun dözümlülüyü və mənzilin hüquqi təminatı kimi mühüm suallarla qarşı-qarşıya qalıb.

Xüsusilə son həftələrdə ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti və intensiv yağışlar, bir çox fərdi yaşayış evinin mənzərəli görüntüsünün arxasında gizlənən texniki çatışmazlıqları gün işığına çıxardı. Bu vəziyyət təkcə mənzil sahiblərinin rahatlığını pozmadı, həm də bazarın nəbzini və alıcıların seçim meyarlarını köklü surətdə dəyişdi.

Zekainfo.az xəbər verir ki, Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Demokrat.az-a açıqlamasında bildirib ki, paytaxt Bakı şəhərində daşınmaz əmlakların satış qiymətlərində ciddi artımlar müşahidə olunur:

“Bu səbəbdən vətəndaşların böyük bir hissəsi Bakıətrafı ərazilərə üz tutur. Xüsusilə paytaxtda aparılan söküntülər nəticəsində evləri sökülən sakinlər, onlara verilən kompensasiya hesabına Bakıətrafı ərazilərdə daha geniş sahəyə və daha çox otağa malik fərdi yaşayış evləri əldə edə bilirlər. Fərdi yaşayış evlərinə tələbat hər ilin mart ayının sonundan başlayaraq avqustun sonuna qədər davam edir. Bu dövrdə torpaq sahələrinə və fərdi yaşayış evlərinə maraq artdığı üçün onların satış qiymətlərində də yüksəliş müşahidə olunur. Lakin son həftələrdə yağan güclü yağışlar Bakı və Abşeron ərazisində bir çox yaşayış massivində subasmaya səbəb olub. Nəticədə yüzlərlə fərdi yaşayış evi su altında qalıb, bu isə həm tikililərə, həm də təmirə ciddi maddi ziyan vurub”.

O deyib ki, bu vəziyyətə görə subasmaya məruz qalan ərazilərdə yerləşən evlərin böyük hissəsi satışa çıxarılıb:

“Təklifin artması fonunda isə bu tip əmlaklara tələbat azalıb. Ümumiyyətlə, torpaq sahələrinə və fərdi yaşayış evlərinə tələbat daha çox çıxarışlı əmlaklara yönəlir. Çıxarışı olan əmlaklar adətən bütün əsas kommunikasiya xətləri ilə təmin olunmuş ərazilərdə yerləşir. Hazırda Bakı və Abşeron ərazisində yüz minlərlə, bəzi hesablamalara görə isə 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi mövcuddur. Bu tip əmlaklara çıxarış verilməməsinin müxtəlif səbəbləri var. Tələbatın daha aşağı olduğu seqment məhz çıxarışsız fərdi yaşayış evlərinin yerləşdiyi ərazilərdir. Bu ərazilərdə kommunikasiya xətləri də digər yerlərlə müqayisədə daha zəif inkişaf edib. Bu səbəbdən fərdi yaşayış evi və ya torpaq sahəsi almaq istəyən şəxslər daha çox çıxarışlı əmlaklara üstünlük verirlər. Yeni qaydalar, son yağışlardan sonra yaranan subasma riskləri və kommunikasiya problemləri də çıxarışsız əmlaklara olan tələbatın azalmasına təsir göstərir”.

Yəni, paytaxtda mənzil bazarının bahalaşması vətəndaşları fərdi evlərə yönəltsə də, sənədləşmə problemləri və infrastrukturun təbiət hadisələrinə qarşı zəifliyi bu mülklərə olan marağı xeyli azaldıb.

reklamlar

Digər xəbərlər