Yazarlar
12:36, 21 Aprel 2026
Media mühitində təsadüfi qarşılaşmalar bəzən yeni istedadların və böyük məqsədlərin üzə çıxmasına səbəb olur. SPASE TV-dən bir verilişdən çıxarkən qarşılaşdığım gənc musiqiçi Aytac Şahbazova da məhz belə simalardandır – sakit, lakin məqsədyönlü baxışları ilə diqqət çəkən, daxili potensialı ilə seçilən bir ifaçı.
Asəf Zeynallı adına Musiqi Kollecini uğurla başa vurmuş Aytac Şahbazova hazırda özünü daha yüksək akademik platformada görmək niyyəti ilə Azərbaycan Milli Konservatoriyasının bakalavr pilləsinə hazırlaşır. Onun əsas hədəfi yalnız şəxsi inkişaf deyil; bu yol həm də bir ana məsuliyyəti ilə yoğrulub. Fəxri adlı övladının gələcəyini təmin etmək, ona daha güclü həyat imkanları yaratmaq Aytacın əsas məqsədləri sırasında xüsusi yer tutur.
Söhbət zamanı məlum oldu ki, Aytac Şahbazova hazırda sənətkar pedaqoq, peşəkar ifaçı Zabit müəllimin rəhbərliyi altında hazırlıq dərsləri alır. Bu seçim təsadüfi deyil – Zabit müəllimin sənətə yanaşması, tələbələrinə verdiyi istiqamət və formalaşdırdığı peşəkar baza artıq bir çox gənc ifaçının inkişafında mühüm rol oynayıb. Aytacın səsindəki incəlik, musiqi duyumundakı zəriflik və intellektual yanaşması onun bu məktəbdə doğru istiqamətdə irəlilədiyini göstərir.
Gənc ifaçının simasında həm də müasir Azərbaycan qadınının yeni obrazı formalaşır – təhsilinə önəm verən, peşəkar uğur hədəfləyən və eyni zamanda ailə məsuliyyətini daşıyan güclü bir şəxsiyyət modeli.
Görüşümüzün sonunda televiziya binası qarşısında çəkilən xatirə fotosu bu qısa tanışlığın simvolik yaddaşına çevrildi. Bu, sadəcə bir foto deyil, həm də gələcəyə yönəlmiş bir yolun başlanğıc nöqtəsidir.
Aytac Şahbazova Azərbaycan Milli Konservatoriyasında ali təhsilini davam etdirmək yolunda uğurlar arzulayıram. İnanıram ki, düzgün istiqamət, peşəkar rəhbərlik və daxili inam bu gənc istedadı yaxın gələcəkdə daha böyük səhnələrə çıxaracaq.