Azərbaycan cəmiyyətində ictimai etimadı qazanan, vəzifəsini yalnız peşə borcu kimi deyil, həm də mənəvi missiya kimi dərk edən şəxslər xüsusi yer tutur. Belə simalardan biri də Kəlbəcərin yetirdiyi, həyat yolu ilə örnək olan ziyalı – Anar Nurəddin oğlu Əliyevdir.
Onunla bağlı xatirələrim təkcə rəsmi fəaliyyətlə məhdudlaşmır. Uşaqlıq illərimiz Kəlbəcərdə, eyni məhəllədə keçib. Ailəsi bizim yaşadığımız təzə məhəllədən torpaq alıb ev tikmişdi. Təəssüf ki, erməni vandalizmi bu arzuların davamına imkan vermədi, doğma Kəlbəcər işğal olundu, bizlər məcburi köçkün həyatına məhkum edildik. Lakin həmin dövrdə formalaşan insani münasibətlər, qonşuluq dəyərləri yaddaşımda bu gün də aydın və isti xatirə kimi yaşayır.
Anarın ailəsi – Nurəddin dayı və Ulduzə xanım yüksək mənəvi keyfiyyətləri ilə seçilən insanlar idi. Onların ailəsində hökm sürən tərbiyə, səmimiyyət və insanlara hörmət mühiti Anarın şəxsiyyətinin formalaşmasında həlledici rol oynayıb. Hələ kiçik yaşlarından fərqlənən bu xüsusiyyətlər onun sonrakı həyat yolunda daha da cilalanaraq müdrikliyə çevrildi.
Anar Əliyev 27 aprel 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1986-cı ildə Kəlbəcər rayon 1 nömrəli orta məktəbində təhsilə başlayıb. 1993-cü ildə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində məcburi köçkün düşərək Gəncə şəhərinə köçüb və təhsilini burada davam etdirib. 1997-ci ildə 4 saylı Kəlbəcər orta məktəbini bitirib.
Elə həmin il Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsinə daxil olub və 2003-cü ildə ali təhsilini başa vurub.
2003–2004-cü illərdə hərbi xidmətdə olub. Əmək fəaliyyətinə isə hələ tələbəlik illərində – 2002-ci ildə Dağ Mədən müəssisəsində menecer kimi başlayıb. Sonrakı illərdə “Təbib” təşkilatında müharibə iştirakçıları üzrə koordinator, Gəncə Dəmir Yolu Stansiyasında təhlükəsizlik üzrə rəis kimi məsul vəzifələrdə çalışıb.
2005–2006-cı illərdə Kəlbəcər Rayon İcra Hakimiyyətinin Yellicə kənd inzibati ərazi dairəsində baş mühasib vəzifəsini icra edib. Lakin onun peşəkar fəaliyyətində əsas mərhələ 2006-cı ildən başlayaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kəlbəcər rayonu üzrə Pensiya təyinatı sektorunun müdiri vəzifəsində uzunmüddətli fəaliyyəti ilə bağlıdır.
Məhz bu dövrdə onun insanlara münasibəti, xüsusilə həssas sosial qruplarla – əlilliyi olan şəxslərlə davranışı xüsusi diqqət çəkirdi. Mən bu proseslərin canlı şahidi olmuşam. Anarın hər bir müraciətə yanaşması sadəcə inzibati deyil, insani idi. O, vətəndaşı “iş” kimi deyil, taleyi olan insan kimi qəbul etməyi bacaran nadir idarəçilərdəndir. Bu keyfiyyət isə idarəçilikdə ən yüksək bacarıqlardan biri hesab olunur.
Onun davranış modeli göstərir ki, dövlət qulluğunda effektivlik yalnız normativ biliklərlə deyil, həmdərdlik, etik məsuliyyət və sosial həssaslıqla ölçülür. Anar Əliyev məhz bu balansı qoruyaraq fəaliyyət göstərib.
Bu gün onun millət vəkili Mircəlil müəllimin köməkçisi kimi fəaliyyət göstərməsi də təsadüfi deyil. Bu təyinat onun illərlə formalaşdırdığı qazandığı etimadın məntiqi nəticəsidir. Çünki insanlarla düzgün ünsiyyət qurmaq, onların problemlərini anlamaq və adekvat həll yolları tapmaq bacarığı hər kəsə nəsib olmur.
Anar Əliyev Kəlbəcərin saf mühitində formalaşmış, ailə tərbiyəsi ilə zənginləşmiş, həyatın çətin sınaqlarından keçərək kamilləşmiş bir ziyalıdır. Onun timsalında biz yalnız bir məmur deyil, həm də mənəvi dəyərləri yaşadan, cəmiyyətə faydalı olmağı həyat prinsipi seçən bir insan görürük.
Belə şəxsiyyətlər cəmiyyət üçün sadəcə nümunə deyil, həm də etibarlı dayaqlardır.
Bu mənalı ömür yolunun daha bir ildönümündə – Anar Əliyevin doğum günündə, ona ürəkdən gələn ən səmimi arzularımı çatdırıram. Həyatın çətin yollarından keçərək qazandığı müdriklik, insanlara verdiyi dəyər və qoruduğu mənəvi bütövlük daim onun yolunu işıqlandırsın.
Arzu edirəm ki, doğma Kəlbəcərin saf ruhunu özündə yaşadan bu ləyaqətli ömür yolu bundan sonra da uğurla davam etsin, gördüyü hər işdə xeyir-dua qazansın, insanların qəlbində qazandığı yer daha da möhkəmlənsin. Doğum gününüz mübarək olsun, Anar müəllim – ömrünüzə yaraşan ucalıq, adınıza layiq hörmət və qəlbinizə uyğun bir səadət sizinlə olsun.
Cəmilə ÇİÇƏK
Tədqiqatçı-jurnalist,
Zekainfo.az saytı üçün