İran Hörmüz boğazından keçməyə cəhd edən və “qaydalara əməl etməyən” daha 11 gəmini “qara siyahı”ya salıb. Bununla da “qara siyahı”ya daxil edilən gəmilərin ümumi sayı 56-ya çatıb.
Zekainfo.az xəbər verir ki, İranın Hörmüz boğazından keçidləri idarə etmək üçün yaratdığı “Fars Körfəzi Boğazı İdarəetməsi”nin (PGSA) yaydığı məlumata görə, “qara siyahı”ya alınan gəmilər gələcəkdə boğazdan keçməyə cəhd edərsə, cərimə, həbs və ya müsadirə ilə üzləşə bilər.
PGSA həmçinin “qara siyahı”ya salınmış gəmilərlə əməkdaşlıq edən digər gəmilərin də “qara siyahı”ya əlavə ediləcəyi barədə xəbərdarlıq edib.
Məlumata görə, “qara siyahı”da Birləşmiş Ərəb Əmirliklərində yerləşən “ADNOC Logistics”, onun törəmə şirkəti “Navig8” və Səudiyyə Ərəbistanının “Bahri” şirkəti ilə əlaqəli LNG, LPG və xam neft tankerləri, eləcə də, digər yük gəmiləri yer alır. Siyahıya Çinlə əlaqəli iki gəminin daxil edilməsi də diqqət çəkib.
Qeyd edək ki, İran avqustun 24-də “naviqasiya qaydalarını pozduqları”nı əsas gətirərək, 45 tankeri “qara siyahı”ya saldığını açıqlamışdı.