Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol
olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu
siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə
yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ
başladı.
Ölkə başçısının ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş
etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici
siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar
qazandırdı.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın
iqtisadi inkişaf strategiyasının 2003-cü ildən sonra uğurla davam etdirilməsi nəticəsində
ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın
diversifikasiyası həyata keçirilmiş, qeyri-neft sahələrinin və regionların
inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatları dəfələrlə artmış və ondan səmərəli
istifadə təmin olunmuş, sahibkarlığa dövlət dəstəyi güclənmiş, təhsil və digər
sosial sahələrin inkişafı davam etmiş və əhalinin rifahı davamlı olaraq
yaxşılaşmışdır. Ötən dövr ərzində Azərbaycanın beynəlxalq əlaqələri mühüm dərəcədə
genişlənmiş, beynəlxalq aləmdə nüfuzu güclənmiş və Cənubi Qafqazın lider dövləti
kimi öz mövqeyini qoruyub saxlamışdır.
Dövlət proqramlarının
icra olunduğu 2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən
qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə
1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində
ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox
müəssisə yaradılmış, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə
enmişdir.
Ölkə Prezident İlham Əliyevin qətiyyətli və məqsədyönlü fəaliyyəti nəticəsində
Azərbaycanın Müzəffər Ordusu 30 illik işğala son qoydu. Beləliklə, düşmənin illərlə
yaratdığı “məğlubedilməz ordu” mifi 44 gün ərzində bütün dünyanın gözü
qarşısında fiaskoya uğradı, Ermənistan ordusu darmadağın edildi və “Dəmir
yumruq” əməliyyatı Azərbaycanın Şanlı Qələbəsi ilə başa çatdı. Geniş
dünyagörüşünə, dərin və hərtərəfli biliyə, yüksək mədəniyyətə malik olan Ali
Baş Komandan İlham Əliyev müharibə dövründə onlarla müsahibələr vermiş, bəzi
ermənipərəst jurnalistlərin təxribat dolu suallarına tarixi faktlar və dəlillərlə
cavablandırmışdır.
Prezident İlham Əliyevin
rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin
islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan
sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi,
irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal
iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş,
dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Azərbaycan dövləti
postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030-cu
illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olub. Bu strateji dövrdə
yeni nəsil struktur və institusional islahatlar vasitəsilə iqtisadi artımın
müasir və dayanıqlı mənbələrinin hərəkətə gətirilməsi, milli iqtisadiyyatın
innovasiya yönümünün və maliyyə dayanıqlığının daha da gücləndirilməsi, ölkə
iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan
dövləti öz qüdrətini daha da artırmaqla, yüksək rifah cəmiyyətinin qurulması
istiqamətində yeni hədəfləri gerçəkləşdirmək əzmindədir.
Beləliklə, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin gələcəyə xidmət edən strategiyası sayəsində
regionun beynəlxalq statusu dəyişmiş və region ölkələrinin inkişafı üçün yeni
imkanlar açılmışdır. Münaqişənin həlli regionun təhlükəsizliyi və kommersiya cəlbediciliyi
baxımından strateji əhəmiyyətə malikdir. Qələbə nəticəsində işğaldan azad edilmiş
ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və
regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın
inkişafına böyük təkan verəcəkdir.
Bu gün artıq 21 ildir ki Azərbaycana Ulu Öndər Heydər Əliyev yolunun
layiqli davamçısı İlham Əliyev başçılıq edir. Ümummilli Lider Heydər Əliyev
siyasəti Azərbaycanda yaşayır və qalib gəlir. Azərbaycan xalqının iradəsini
ifadə edən Müzəffər Ali Baş Komandan İlham Əliyev müstəqil Azərbaycanın
prezidenti, dünya azərbaycanlılarının lideridir.