Əsgər gedən şəxslərə bu halda təzminat ödənilə bilər... - SON DƏQİQƏ

Əsgər gedən şəxslərə bu halda təzminat ödənilə bilər... - SON DƏQİQƏ
Xəbər 11 Aprel 2026 - 19:33

Azərbaycanda hərbi xidmətə çağırılan vətəndaşların sosial və əmək hüquqlarının qorunması daim diqqət mərkəzində olan məsələlərdəndir. Xüsusilə, rəsmi əmək müqaviləsi ilə çalışan şəxslər üçün bu prosesdə iş yerinin saxlanılması, vəzifəyə geri qayıtmaq imkanı və maddi təminat kimi məqamlar böyük əhəmiyyət daşıyır. Mövcud qanunvericilik bu sahədə müəyyən təminatlar versə də, praktikada bəzi suallar aktuallığını qoruyur.

Bəs rəsmi işləyən şəxs hərbi xidmətə çağırıldıqda onun əmək hüquqları necə tənzimlənir?

Zekainfo.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən hüquqşünas Tural Həsənli bildirib ki, rəsmi iş yeri olan şəxs müddətli həqiqi hərbi xidmətə çağırıldığı halda onun əmək hüquqları qanunla tənzimlənir.

Onun sözlərinə görə, hərbi xidmətdən buraxıldıqdan sonra vətəndaşın əvvəlki iş yerinə qayıtmaq hüququ var:

“Əgər şəxs müddətli həqiqi hərbi xidmətə çağırılıbsa, o, xidmətdən buraxıldıqdan sonra 60 təqvim günü ərzində əvvəlki və ya ona bərabər vəzifəyə qayıda bilər. Müəssisənin ləğvi istisna olmaqla, işçinin müddətli həqiqi hərbi xidmət keçdiyi dövrdə iş yeri və vəzifəsi saxlanılır. Bu qayda müəssisənin mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq tətbiq edilir.”

Tural Həsənlinin sözlərinə görə, bəzi hallarda əmək müqaviləsinə xitam verilə bilər, lakin bu zaman işçinin maddi təminatı nəzərə alınmalıdır:

“Əgər hərbi xidmətə çağırılma ilə əlaqədar əmək müqaviləsinə xitam verilərsə, işçiyə orta aylıq əmək haqqının azı iki misli miqdarında müavinət ödənilməlidir.”

Qeyd edək ki, bu normalar hərbi xidmətə çağırılan vətəndaşların sosial müdafiəsinin təmin olunmasına və onların əmək bazarına geri dönüşünün asanlaşdırılmasına xidmət edir.

reklamlar

Digər xəbərlər