Bu sənədsiz evlərə "Kupça" veriləcək - ƏHALİYƏ ŞAD XƏBƏR

Bu sənədsiz evlərə "Kupça" veriləcək - ƏHALİYƏ ŞAD XƏBƏR
Xəbər 11 Aprel 2026 - 19:00

Azərbaycanda uzun illərdir aktuallığını qoruyan problemlərdən biri də özbaşına tikilmiş fərdi yaşayış evlərinin hüquqi statusudur. Qeyri-rəsmi məlumatlara görə, ölkə üzrə 400-500 minə yaxın sənədsiz tikilinin mövcudluğu yüz minlərlə vətəndaşın mülkiyyət hüquqlarının qeyri-müəyyən qalmasına səbəb olur. Son illər bu istiqamətdə müəyyən addımlar atılsa da, problemin tam həlli hələ də açıq qalır.

Bəs, mövcud vəziyyətdə belə evlərin sənədləşdirilməsi realdırmı?

Zekainfo.az-ın məlumatına görə, mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 324 saylı sərəncam mövcuddur və 2015-ci ildə təsdiqlənmiş xüsusi siyahı tətbiq olunur.

“Məhz bu siyahıya daxil olan tikililər dövlət tərəfindən tanınır və çıxarışla təmin edilir. Son illərdə aparılan işlər əsasən həmin siyahının genişləndirilməsinə yönəlib. Bu isə təxminən 100 minə yaxın daşınmaz əmlakın leqallaşdırılmasına imkan yarada bilər. Ümumilikdə heç bir sənədi olmayan tikililərin leqallaşdırılması üçün ölkədə vahid və tam hüquqi normativ baza mövcud deyil. Bu da problemin geniş miqyasda həllini çətinləşdirən əsas amillərdən biridir”.

Elnur Azadov son günlər gündəmdə olan su basma halları ilə bağlı məsələyə də toxunub.

“Son açıqlamalara əsasən, kanalizasiya kollektorları üzərində 1600-ə yaxın qanunsuz tikili inşa olunub. Bu cür ərazilər yaşayış üçün nəzərdə tutulmadığından, həmin evlərin nə təhlükəsizlik, nə də hüquqi baxımdan leqallaşdırılması mümkün deyil”.
Ekspert əlavə edib ki, məhz belə riskli ərazilərdə yerləşən tikililərin sənədləşdirilməsi qanunvericilik baxımından mümkün sayılmır. Bu isə bir daha göstərir ki, problemin həlli üçün yalnız siyahıların genişləndirilməsi deyil, eyni zamanda qanunvericilik bazasının təkmilləşdirilməsi və nəzarət mexanizmlərinin gücləndirilməsi vacibdir.

reklamlar

Digər xəbərlər