VƏTƏN DAŞI OLAN VƏTƏNDAŞ

VƏTƏN DAŞI OLAN VƏTƏNDAŞ
Qarabag Zəfəri 25 Oktyabr 2022 - 10:50

Yaxud susan poeziyanın "danışan dili”

Əsir düşmüş Kəlbəcərin şeirlə xəritəsini çəkən şair-həkim

Rasim Abdullayev həm də cəsur komandir kimi xatırlanır

Müstəqillik hər kəsin və xalqın haqqıdır. Bu, eyni zamanda insan azad­lığı da deməkdir. Bunun dadını insanların əlindən alıb, kölə, qul kimi işlədib əməyini mənimsəyən imperiya cəl­ladları son anda öz çirkin sifətlərini 20 Yanvar 1990-cı il tari­xin­də xalqımıza göstərdilər.

Tarixi torpaqlarımızı əlimizdən zorla, silah gücünə alıb özünün vassalına verərək haylara ərazilərimizdə ikinci bir Ermənistan da qurmağa çalışdı kökündən laxlayan imperiya. 30 ilə yaxın müddətdə xalqımız təhqir olun­muş halda yaşamağa məcbur oldu, nəhayət, müs­tə­qil­li­yi­ni qanı-canı bahasına bərpa edən xalqımızın cəngavər oğulları bu təhqirə dözməyib, ötən il başda Ali Baş Ko­mandan İlham Əliyev olmaqla, tarixi ərazilərimizi er­məni silahlı quldurlarından, işğalçı Ermənistandan azad etmək üçün 44 günlük Vətən müharibəsində özünü oda atdı.

Əlbəttə, bu yolda şəhidlik də var idi, qazilik də, qəhrəmanlıq da… Vətənpərvər oğullarımız bu döyüşlərdən kə­narda qal­madı. Belə oğullardan biri də haqqında söz açmaq istədiyimiz Rasim həkim idi. Belə oğullar könüllü olaraq cəbhəyə getdilər. Onların məqsədi adam öldürmək deyil, tarixi torpaqlarımızı azad edib, dövlətimizin sərhədlərini bər­pa etmək olduğu üçün Tanrı onlara yar oldu. Tariximizin şərəfli səhifəsini yazan Müzəffər Azərbaycan Ordusu cəmi 44 günlük Və­tən müharibəsində nəinki qarşısında duruş gətirə bil­mə­yib qaçan satqın, qorxaq erməni dığalarını gəldikləri ye­rə kimi qovdu, hətta bu döyüşlərdə imperiyaxis­lət­lilərə də öz yerlərini göstərdi.

Belə oğullardan biri polkovnik-leytenant Rasim Yaqub oğlu Abdullayevidi ki, 1975-ci il fevralın 21-də Kəlbəcər rayonunun Milli kəndində dünyaya göz açmışdı. 1982-1992-ci illərdə Kəlbəcər şəhərindəki 1 nömrəli orta məкtəbdə, 1992-1998-ci illərdə isə Azərbaycan Tibb Universitetində (ATU) təhsil alıb. 2000-ci ildə könüllü olaraq Azərbaycan Silahlı Qüvvələrinin tibb xidmətində hərbi tibb qulluqçusu vəzifəsinə başlayıb. İlk xidməti 2000-ci ildə Əhmədbəyli hospitalında olub. 2010-cu ildə müdafiə nazirinin müvafiq əmrinə əsasən "Qüsursuz xidmətə görə 3-cü dərəcəli", 2015-ci ildə isə "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medalı ilə təltif edilib. 2015-ci ildən 2016-cı ilin sonunadək Gəncədə yerləşən hərbi poliklinikada rəis vəzifəsində çalışmış Rasim Abdullayev 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında cəbhənin Tərtər və Cəbrayıl–Füzuli istiqamətlərində şiddətli döyüşlər zamanı qızğın nöqtələrdə yaralılara yerindəcə tibbi yardım göstərib.

Bu xidmətlərdən sonra 2016-cı ilin sonları, 2017-ci ilin əvvəlləri onun iş yeri dəyişdirilmiş və Rasim Abdullayev Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində tibb xidməti rəisi vəzifəsinə təyin olunmuşdu. 2020-ci ilin əvvəllərinədək bu vəzifəni yerinə yetirən Rasim Abdullayev Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində tibb bölüyünün komandiri vəzifəsinə təyin olunmuş və Vətən müharibəsi başlayana qədər bu vəzifəni yerinə yetirmişdir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən genişmiqyaslı təxribat törədiləndə cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqeləri və yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar və müxtəlif artilleriya qurğularından intensiv atəşə tutulmuşdu. Ermənistan silahlı qüvvələrinin döyüş fəaliyyətinin qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin Komandanlığı tərəfindən cəbhəboyu zonada hücum əməliyyatlarının başlaması barədə qərar verilmişdi. Qarabağ münaqişəsinə son qoyan, tarixə Vətən müharibəsi kimi yazılan bu hərbi əməliyyatlar zamanı polkovnik-leytenant Rasim Abdullayev də "N" saylı hərbi hissənin tibb bölüyünün komandiri kimi Hadrut istiqamətində gedən döyüşlərin ən qızğın nöqtələrində qalmış, yaralılara yerindəcə tibbi yardım göstərmiş və şəhid olduğu günə, yəni Vətən müharibəsinin son gününə qədər 100-dən çox yaralıya döyüş meydanındaca tibbi yardım göstərmişdi.

...Rasim Abdullayevə 10 noyabr 2020-ci il tarixində – müharibənin son dəqiqələri, üçtərəfli bəyanat imzalanandan bir az əvvəl Şuşa istiqamətində qalmış yaralıların çıxarılması ilə bağlı komandanlıq tərəfindən tapşırıq gəlir. Rasim Abdullayev öz istəyi və bu tapşırığa əsasən hərbi tibb maşını ilə Hadrut–Şuşa yoluna çıxır. Xocalı rayonunun Çanaqçı kəndi istiqamətindən Şuşaya doğru irəliləyən sanitar-tibb maşını pusquya düşür. Bu zaman açılan atəşlərdən yaralanan Rasim Abdullayev şəhid olur. İgid komandir Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilmiş Rasim çox həssas, təvazökar və savadlı hərbçi, istedadlı qələm adamı, təcrübəli, peşəkar həkim, yolda gördüyü qarışqanı belə tapdalamayan kimi tanınmışdı.

Xatırlama: Bir gün işdən evə gələndə gördüm ki, xalam Sifai də bizdədir. Hal-əhvaldan sonra dedim:

– Xala, bu gün bir kəlbəcərli həkim görmüşəm,bir gözəl insan! Kəlbəcərin Milli kəndindəndir, ana tərəfimdən bizim-sizin qohumlardan imiş. Adı da Rasimdir. Bizi Ədalət həkim tanış eləyib. Aman, Allahım, belə insan indiyə kimi görməmişdim elə bil. Siması da, qəlbi də, xasiyyəti də elə gözəl... Onunla 5-10 dəqiqə tanış olmuşduq. Amma adama elə gəlirdi ki, illərdir onu tanıyırmışam. Belə istiqanlı gəldi mənə.

Mən Rasim həkimi belə tərifləyəndə xalam əllərini göyə qaldırıb dua elədi:

– Qızım, sənin ki, ürəyin belədir, səni görüm, səni görüm, elə Rasim kimi oğlana qismət olasan.Amin! Bəs elə o, Yeganənin qardaşıdır da. Srağagün Yeganəgilə getmişdim. Axı biz qohum-övladıq, ay bala...

Xalam Rasim kimi insanlara nümunə olan çoxlu müsbət keyfiyyətləri sadaladı. Onu da bildirdi ki, darda olan dostlarını köməksiz qoymazdı.

Daha sonra öyrəndim ki, o, dənizi, dağları, çayları sevən, ümumilikdə təbiətə bağlı bir insan imiş. Hər zaman döyüş yoldaşlarına təbiət mənzərələrinin gözəlliyindən, bacısı Aybənizin tələbəlik illərindən üzübəri bir ana kimi qayğı bəslədiyindənonun da həyat yoldaşı Adilin ona necə dəstək olduğundan danışarmış.

Rasim ruh insanı idi:incə qəlbli, incəruhlu. Başına gələn hadisələri qəlbindəki duyğulu hisslərlə öz şeirlərində əks etdirirdi. Şeirləri heca vəznində yazırdı...

Belə təsəvvür edilir ki, Rasim həyatda ən sevgi dolu insan olub. Özü deyirmiş ki, qazandığım uğurlara görə qəlbimdəki tükənməz sevgimə borcluyam. Məhz ona bu stimulu verən, ruhlandıran amillərdən biri bu olub. Bacısı deyir ki, özünü daim inkişaf etdirir və elmi kitablar oxuyurdu: "Təkcə öz ixtisası üzrə deyil, başqa-başqa sahələrdə də bacarıqlı idi. Hər zaman dinlə maraqlanan, ümumiyyətlə, Allaha bağlı biri idi. "Qurani-Kərim”in ayələrini və surələrini əzbər bilirdi”.

Rasim Abdullayev şeir yazmağı çox sevərdi. Onunmüxtəlif mövzuda 200-dən artıq şeiri var.Nümunə üçün bir qoşmasına nəzər salaq:


Bu da yol ayrıcı, bu da son vida…
İndi günəş soyuyacaq, tələsmə!
Ayrılıq gələcək əlində qılınc
Bizi qana boyayacaq, tələsmə!

Bir yer boş qalacaq burada bizsiz,
Arzular, ümidlər itəcək izsiz,
Eşqimiz susacaq səssiz, səmirsiz,
Körpə kimi uyuyacaq, tələsmə!

Həyat məni məngənədə əzdirib,
Ağrıları ürəyimdə gəzdirib,
Çox deyirdin: Fikir məni bezdirib,
İndi gözün quruyacaq, tələsmə!..

Rasim gözlərinə görünməyəcək,
Bu həsrət heç kimlə bölünməyəcək,
Xatirəm beynindən silinməyəcək,
Bir gün səni qınıyacaq, tələsmə!..

Şəhidin bacısı Aybəniz dərindən ah çəkib ötənləri xatırlamağa çalışır: "...27 may 1995-ci ildə böyük bacımızın oğlu rəhmətə getdi. O vaxtlar Rasim imtahanlara hazırlaşırdı. Başı biz bacılara qarışdı, mən də unutdum ki, axı Rasimin imtahanları yaxınlaşır. Bir müddət keçdi, gördüm ki, Rasim universitetə getmir. Bir gün dedi ki, bacı, mən iki-üç günlük rayona gedib qayıdacam. Atamgil Samux rayonunda məskunlaşmışdılar. Rasim getdi. Gedib-qayıtmağıon gün çəkdi. Bir gün axşam qapımız döyüldü. Rasimin qrup yoldaşı gəlib çox böyük təşvişlə dedi ki, imtahan başlayıb, Rasim universitetə gəlməsə, müəllimlər onu cəzalandıra bilər. Mütləq deyin ki, sabah universitetdə olsun.

O vaxtlar məcburi köçkünlük həyatı idi: telefon yox, bilmədim nə edim. Yeznəmizi taksi ilə Samuxa göndərib dedim ki, Rasimi təcili Bakıya gətir. Rasim gəldi, gördüm gülür, yaxasından tutub dedim ki, sən hardasan, niyə belə diqqətsizsən?! Bu cür savadlı oğlan, niyə belə edirsən?! Dedi ki, bacı, sakitləş, burda nə var kı? İmtahanlar bir gecənin işidi, öhdəsindən gələcəm, sən narahat olma, əsəbiləşmə...

Həqiqətən də belə oldu. Rasimin belə bir dərsə çalışmaq qaydası vardı: heç vaxt stol arxasında, divanda, kresloda yox, evin bir küncündə oturub dizlərini sinəsinə yığar, bu cür hazırlayardı dərslərini. Həm də uca səslə oxuyardı. O, ucadan oxuduqca sanki mən də onunla bərabər öyrənirdim. O qədər məlahətli səslə, qiraətlə oxuyurdu ki, dərslərini. Soruşurdum:Rasim, dərslərin hazırdımı?!

Cavabı məni sevindirirdi:

– Bəli, bacı, arxayın ola bilərsən. Mən dəsrləri əlli dəfə oxumuram ki... Bir dəfə baxdım, kifayət edir...

– Yaxşı, gedib rahat yatarsan, – deyirdim. Səhəri gün bu imtahana girəndə müəllimi onu əsəblə qarşılayar, təəssüfünu bildirər.

Rasim bildirər ki, "bacımın oğlu rəhmətə getmişdi, başım çox qarışdı, həm də bu üzdən bir az stresə düşüb özümü toparlaya bilmədim, üzrlü sayın”. Müəllim deyir ki, "...yaxşı, səni cəzalandırmıram, ancaq səndən bir xahiş edəcəm. Eşitdiyiməgörə, sənin vətənpərvərliklə bağlı çox gözəl şeirlərin var, istərdim ki, öz rayonunuz Kəlbəcərlə bağlı bir şeir deyəsən”.

Evə gəlib dedi:

– Bacı, boynuma belə ağır bir yük qoyublar. Kaş ki məni elə imtahanla cəzalandıraydılar, amma şeirlə yox, çünki mən belə bir vəziyyətdə özümü toplayıb öhdəsindən gələ bilməyəcəm. Dedim:

– Bu, mümkünsüzdü, çalış ki, şeiri yazasan.

İndi Rasim evin içərisində o baş-bu başa gəzir, mən də bunun yanında... Birdən dedi ki, mənə dəftər-qələm. Soruşdum ki, "ağlına gəldi bir şey?” Dedi ki, "hə”. O, haradasa yeddi-səkkiz bəndlik "Kəlbəcər” adlı şeir yazdı. Şeir çox gözəl alınmışdı. O şeirdə doğma Kəlbəcərimizdən necə qaçqın düşüb, köçkünlük həyatı yaşadıqsa, işğal ərəfəsində yaşlı insanlarımız, körpə fidanlarımız necə əsir düşmüşdüsə, hamısını orada olduğu kimi yaşayaraq canlandırmışdı.

Rasimin bütün şeirləri məndə vardı. Nədənsə həmin şeirini sonralar tapa bilmədim, yoxa çıxdı. Rasim səhəri gün aparıb şeiri həmin müəllimin stolunun üstünə qoyar. Müəllim şeiri oxuyub həyəcanlanar. Deyər ki, "Əhsən sənə, şeirdə əsir düşmüş Kəlbəcərin lap xəritəsini çəkmisən”.

Öz işini çox sevirdi, arzusu Kəlbəcərimizə dönüb fəaliyyətini orada davam etdirmək idi. Təəssüflər olsun ki, arzuları yarımçıq qaldı. Mən bir şəhid bacısı kimi dövlət başçımızdan xahiş edərdim ki, Kəlbəcər rayonunda şəhid qardaşım Rasimə öncə onun layiq olduğu Milli Qəhrəman adını versinlər. Adının əbədiləşdirilməsi üçün ya bir məktəb, hospital, ya bir şəfaxana adı verələr. Onsuz da o öz əməli ilə sağlığında iz qoyub, sonra da şəhidlik zirvəsinə ucaldı. Rasimin daxilində rəngbərəng – gözəl bir aləm vardı: o, zahirən ciddi biri olsa da, ruhən çox şən idi. Uşaqlauşaq, böyükləböyük idi. Hətta o, uşaqların məsləhətini oturub dinləyər, ondan bir nəticə çıxarardı. Bu o demək deyil ki, o, mənim doğma qardaşım olduğu üçün onu belə qiymətləndirirəm, əsla. Mən Rasimi bir kəlbəcərli qeyrətli, savadlı vətən övladı, həkim, şair və gözəl insan kimi görürdüm.

2015-ci ildə Moskvadan Bakıya yığışmışdıq, qonaqlarımız vardı. Qonaqlarımızdan biri Mamedov Çingiz Mustafa oğlu idi. Mənim həyat yoldaşım Adil Rasimi ona təqdim edib dedi ki, məhz sizin hərbi həkiminizdi. Çingiz müəllim Rasimin ad-soyadını eşidən kimi onunla ikiəlli görüşdü və ona təriflər yağdıraraq dedi ki, mənim Abdullayev Rasim haqqında məlumatım var və bilirəm ki, o, çox istedadlı, savadlı, öz işinin öhdəsindən gələn bir həkimdi. Hətta bunu da qeyd edib dedi ki, mən şadam ki, Azərbaycan bu cür oğullar yetişdirib. Öz ayağının üstündə dayanaraq bilik və bacarığı ilə universitetə daxil olub və bu cür gözəl ziyalılıq mərhələsinə gəlib çatıb.

...Rayonumuz işğal edilərkən kəndlər boşaldılırdı. Kənddən Qəhrəman kişinin avtomobilinə bizim də ailə yığışar, atama yer olmaz. Sonra soraqlaşarkən mənə dedilər ki, Gəncədə "Gülüstan” deyilən bir qərargah var (əvvəllər Azərbaycan Texnologiya Universitetinin yataqxanası olub), Kəlbəcər əhalisinin əksəriyyətini ora gətiriblər, orada məskunlaşdırıblar. Gördüm ki, qarşısında xeyli qadın toplaşıb. Çox gəzib sorub-soruşdurdum. Millinin obiri üz obasından Əminə xalanı tanıdım, dedim ki, mən Yaqubun qızıyam, bilmədiniz, atam gəldimi? Dedilər ki, yox, girov qaldı. Bu sözü eşidən başqa bir qadın dedi:

– Yox, qızım, sənin atanı Murovdağda gördük, bizimlə bərabər Gəncəyə gəlib, çiynində də belə bir kisə vardı. Elə həmin kisənin üstündə otura-otura, yata-yata gəlib çıxıb Gəncəyə.

Çevrilib atamı bizdən bir az aralıda axtaran Rasimi sevincimdən ucadan çağırdım:

– Rasim, ay Rasim, ay Rasim, atamız sağdı, gəlib çıxıb.

Gəncədə o birisi bacımla ikimiz də sevincimizdən ağlayırdıq, az qalırdıq şad xəbəri verən bu qadının əllərindən öpək. Soruşduq ki, bəs atamız Gəncədə hara getdi, bilmədiniz? Bildirdilər ki, kəndimizdə (qonşuluğumuzda) Qəhrəman adlı bir kişi vardı. Atamgil də onlarla birlikdə Samux rayonunun Qırmızı Samux kəndi var, ora gediblər. Sonra qardaşımla məsləhətləşdik ki, nə edək, neynəyək? İndi də Samuxa getsək, vaxt itəcək, çünki mən iki körpə uşağımı evdə qoyub çıxmışam, Rasim də günlərdi universitetdən, dərsdən qalır. Çünki Rasim universitetdən icazə almamış çıxıb, mənim də körpə uşaqlarım qalıb sahibsiz. Belə qərara gəldik ki, qayıdaq Bakıya.

Dedim:

– Rasim, bir neçə gün sən universitetə get. Sonra bir neçə günlük icazə alıb get Samuxa, atadan xəbər bil.

Belə də oldu. Rasim Gəncəyə, Samuxa, oradan da soraqlaşa-soraqlaşa Qırmızı Samux avtobusunu tapıb minir. Təsadüfən həmin avtobusda mənim kiçik qardaşım Əvəz də olar. İsti ocağından, ev-eşiyindən didərgin düşən, od-alovun içərisindən çıxıb gələrkən sarsıntılar keçirmiş Rasimlə Əvəz bir-birlərini tanımırlar. Əvəz Rasimin qolundakı saata zilləyər gözünü ki, görüm nə vaxta çatar avtobus Qırmızı Samuxa. Qırmızı Samuxa çatanda hər ikisi də dayanacaqda düşər, o an öpüşüb-görüşərlər.

...19 iyul 2019-cu il tarixində Tovuzun Əlibəyli kəndinə qohumumuzgilə yay istirahətinə, dincəlməyə getmişdik. Getdiyimiz evlə sərhədin arası beş yüz metr idi. Hətta əsgərlərin təlimləri eşidilirdi. Süfrəyə yenicə toplaşmışdıq ki, nahar edək, birdən davamlı atəş səsləri eşidildi. Qonşuluqdan möhkəm səs-küy gəldi, dedilər, bir əsgərimizi sərhəddə vurublar. Qanımız dondu, yemək də yemədik. Rasim getdi təciliyardım maşını gələnə kimi ona yardım elədi...

Mənim qardaşım Rasim bu cür insani keyfiyyətlərə malik bir insan idi...”

Rasim həkimin bacısı Yeganə qardaş itkisindən yansa da, onun vətənpərvərliyindən danışmaqdan yorulmur: "...Universitetəyeni qəbul olunmuşdu, yay tətilində Samuxda idi. Ağ rəngi xoşlayardı. Ona görə dəağ rəngli cəmi bir şalvarı, bir ağ köynəyi vardı, ağ ayaqqabı, ağ corab – dəst geyinirdi. Kasıbçılıq həyatı idi, yuyub ütüləmişəm ki, səhəri gün geyinib Bakıya gələcəkdi. Kirvəsi gecə bizi qonaq çağırmışdı, onlarda maraqlı keçdi qonaqlığımız. Gecəyarısı saat ikidə evə qayıdırıq, qaranlıqda göz-gözü görmür.

Rasim dedi:

– Ay Yegiş, burdan bir arx keçir, birdən ayağımız batar, şalvarım pis günə qalar, sabah nə geyinib gedərəm?

Biz də məcburi köçkün kimi klubda müvəqqəti məskunlaşmışdıq. Klubun ətrafı bağdı. Bağın da ağaclarının dibi dərin arxdı. Arxda su o qədər axıb ki, tamam çirkli bataqlığa dönüb. Küləksiz havadı, Rasim kibriti çəkib işıq salıb dedi:

– Yegiş, əvvəl sən keç.

Keçdim. Kibriti təkrar çəkdi ki, özü keçsin.

Dedi:

– Gör ayağımı düz atırammı?

Dedim, hə. Birdən bunun ayağı düşdü çirkli bataqlığa, məni gülmək tutdu. Özü acığından yerindən tərpənmir. Özünü qınayır ki, axı mən niyə ayağımı bataqlığa saldım. Mən də hey gülməkdən uğunub gedirəm. Evə çatan kimi paltarlarını yuyub, şalvar-köynəyini xlorla ağardıb, təmizləyib, ütüləyib səhərə hazırladım, geyinib çıxdı Bakıya...”

Gənclik illərində, daha doğrusu, 21 yaşında olan vaxtlar sevdiyi qıza Rasimin yazdığı sevgi şeirindən yadında qalan bir bəndi söylədi bacısı Yeganə:

Aman, Allah, nə cəzadı: günahsız

Rasim elə yar çağırır yaz-payız.

Sözüm çoxdur, bulaq üstə gəl, ay qız,

Mən gəlməyə anangilə qorxuram.

Asəf Məmmədov (Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın rəisi, tibb xidməti polkovniki):Rəhmətlik Rasim həkimlə 2015-2018-ci illərdə Gəncə Hərbi Hospitalında birgə xidmət etmişik. Rasim savadlı, işini bilən həkim olmaqla yanaşı, həm də xidmətinə məsuliyyətli, vətənpərvər zabit,eyni zamanda çox gözəl şeirlərində müəllifi idi. Həmişə şair Sücaətdən, Bəhmən Vətənoğludan, Dəmirçi Abbasdan, xüsusən də qoynunda doğulduğu Kəlbəcərə aid şeirləri deməyi çox sevərdi. Bir yerdə olanda söhbətlərimiz ancaq Laçından, Kəlbəcərdən, yurd həsrətindən gedərdi. Onunla həmsöhbət olmaq insana zövq verərdi. Çünki ziyalı şəxsiyyət, böyük insan idi.

Sonuncu dəfə Rasimlə 2020-ci ilin oktyabr ayında Cəbrayılda görüşmüşdük. Ordumuz sürətlə irəliləyir, torpaqlarımız azad olunurdu. Belə günlərin birində Rasimlə görüşməyimizə hər ikimiz həddindən artıq sevindik. Rəhmətliyin üzü yenicə gülürdü. Tezliklə Laçında, Şuşada, Kəlbəcərdə görüşmək arzusu ilə sağollaşdıq. Şəhid olduğunu Qubadlıda olanda eşitdim. Eşidənlər, onu yaxından tanıyanlar çox sarsıldı. İtiriləsi oğul deyildi. Çox heyif. Amma ən yüksək məqama yüksəlib. Ruhu şaddır indi. Çünki, əziz dostum Rasim, canından çox sevdiyin Vətənin, Qarabağımız, o cümlədən doğma yurdun Kəlbəcər, doğulduğun Milli kəndi azaddır!

Ədalət Yusifov (ehtiyatda olan tibb xidməti polkovnik-leytenantı, həkim-cərrah):Mənim üçün Rasim Abdullayev haqqında danışmaq, yazmaq çox ağırdır. Çünki onun yoxluğunu əzizləri qədər mən də qəbul etmirəm. O, hər an, hər vaxt bizimlədir, sanki söhbətləşirik, fikir mübadiləsi edirik. Mənə yenə hörmət mənasında "xocam” deyə nəyisə soruşur.

2002-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasında tibbi hissə üzrə müavin vəzifəsində xidmət edərkən poliklinikanın terapiya bölməsinin ordinatoru vəzifəsinə cəbhə bölgəsinə on zabit təyin olunmuşdu. "Beşdəqiqəlik”də Rasim həkim özünü şəxsi heyətə təqdim etdi, qısaca özü barədə məlumat verdi. Çox əzəmətli, bir az qaşqabaqlı, qaşları çatılmş, lakin şirin danışıqlı idi, aram-aram danışır, fikrinin dinlənilməsini gözləyirdi...

Kəlbəcərin Milli kəndindən olduğunu söylədi. Sonralar uzun müddət birgə xidmət etdik. Terapiya bölməsinin rəisi vəzifəsinə təyin olundu, rütbəsi polkovnik-leytenanta kimi yüksəldi. Xatirəmdə çox savadlı, vətənini sevən, Kəlbəcər üçün qəlbi yanan bir şəxs kimi qaldı. Mən Rasimi ucaboylu gördüyüm üçün onu sanki Kəlbəcər hesab edirdim: yurdu kimi əzəmətli. Bütün kəlbəcərlilərin də onun kimi vüqarlı olduğunu düşünürdüm. Şəhərdə hündürmərtəbəli bina görəndə deyirdi ki, bu bina Kəlbəcərin özüdür.

Rasim həkim Xırdalanda ev tikdirmişdi. Mən də Xırdalanda yaşayırdım. Mənimlə həmişə işdən çıxıb Xırdalana bir avtomobillə getməyimizi xatırlayıram. Maraqlı söhbətləri var idi. Atası Yaqub kişinin çox sərt və sözübütöv, köhnə kişilərdən olduğunu deyirdi. Öz savadı ilə Tibb Universitetinə qəbul olunduğunu, maddi çətinlik çəkdiyini söyləyirdi. Kəlbəcərin işğalından sonra ailə üzvləri ilə bir müddət əlaqəsinin olmamasından danışır, onları Gəncədə axtardığını xatırlayanda gözləri yaşarırdı. İş yerində Rasim qayğıkeş, çox savadlı bir həkim kimi tanınırdı. Bölmədə tabeliyində olanın əksəriyyəti qadın idi. Onu çox sevirdilər. Hamının qayğısına qalırdı. Xəstə hərbçiləri öz şəxsi avtomobilində, hətta taksi ilə təcili hospitala apardığını dəfələrlə görmüşəm. Sonradan onların taleyi ilə maraqlanır, hətta zəng edib soruşurdu.

Rasim həm də məclis adamı idi: çox şirin şöhbətlər edirdi, axı o həm də şair idi. İncə sevgi şeirlərini xahiş edəndə söyləyir, məclisi rövnəqləndirirdi. Kəlbəcər aşıqlarından danışır, şair Bəhmənlə Sücaətdən çoxlu şeirlər bilirdi. Kəlbəcərli söz aşiqlərini çox sevirdi. Anası və qardaşı Əvəzlə bir evdə yaşayanda dəfələrlə qonaqları olmuşdum. Çox sadə və səmimi ailə idilər. Oğlanlarının kiçik toyunda da iştirak etmişdim. Balalarını çox sevirdi. Onlarla fəxr edirdi. Aybəniz adlı bacısından çox razı idi. Onu özünə arxa-dayaq bilirdi.

Sonralar Rasim həkim 230 nömrəli hərbi hospitalın poliklinika şöbəsinin rəisi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Poliklinikanın rəis müavini, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tibb xidməti rəisi və sonda 679 nömrəli briqadanın tibb xidməti rəisi vəzifəsində xidmət edib. Son dəfə 28 sentyabr 2020-ci il tarixdə onunla telefon əlaqəsinə girdim, mən Sarıcalı hospitalındayam,dedim.

O da məxfilyi qorumaq üçün qısaca dedi ki, "biz yoldayıq, o tərəflərə gedirik...”

Bu, bizim son telefon əlaqəmiz idi. Eşitdim ki, şəhid olub. Zəng etdim ki, bəlkə yalandı, ancaq telefon cavab vermədi. Heyif ki, düşmən belə igid, cəsur vətənpərvərlərimizi ilk hədəfə alırdı. Lakin onun kimi oğullar heç vaxt ölmürlər. Ölməzlikləri digərlərinə örnək olan bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik. Biz onlara həyatımızı borcluyuq.

Hüseynov Hamlet (tibb xidmətimayoru): Rasim Abdullayevi 2010-cu ildə Mərkəzi Hərbi Hospitalda hərbi həkim kimi çalışdığı vaxtdan tanımışam. 2015-ci ildən isə bir yerdə işləmişik. Heç vaxt yadımdan çıxmaz. Bakıda Hərbi Hospitalın terapiya şöbəsinin rəsi idi. Bir dəfə iş yerində adım hallandırılmışdı. Rasim həkim özü yanıma gəlib dedi ki, bilirəm, sən elə insan deyilsən. Mənim haqlı olduğumu üzə çıxardı. Onunla nə qohum, nə də həmyaşıd idik. Cəmisi bir ay idi bir yerdə işləyirdik. Əslində onun vəzifə borcu da deyildi, amma bu haqsızlığı aradan qaldırıb ədaləti üzə çıxardı. Bundan sonra onunla daha yaxın olmağa başladıq. 2018-ci ildə Hərbi Hospitalda rəis müavini vəzifəsində çalışmağa başladı. Rəhbərlik etdiyi işçilərlə münasibətdə çox sadə və səmimi idi.

2020-ci il oktyabrın 10-u ərəfəsi idi, ağır yaralanmışdım. Məni Füzuli hospitalına gətirmişdilər. Rasim Abdullayev gəldi, mənə baş çəkdi və bəzi iradlarını da bildirməyi unutmadı. Bu, əsl qardaşlıq-dostluq sədaqəti demək idi. İndi düşünürəm ki, kaş Rasim həkim sağ olaydı, mənə hospitalda verdiyi sualı mən də onun özünə verib soruşaydım: "Ay həkim, bəs sizin nə işiniz vardı orada?!” Ancaq düşünürəm ki, şəhidlik mərtəbəsində olmaq onun qismətində var imiş, ona görə də belə oldu. Özünü tanıyan insanlar heç vaxt ondan narazı qala bilməzdi.

Füzuli Sarıyev (leytenant, həkim): Rasim Abdullayev sonsuz dərəcədə vətənpərvər, xalqına, torpağına bağlı, vicdanlı bir həkim idi. Onunla döyüş vaxtı rəhbərliklə birlikdə Füzuli, Cəbrayıl və Xocavənd ərazilərində gedən döyüşlərdə yaralıların çıxarılmasında, təxliyyəsində, ilkin yardım edilməsində birgə iştirak etmişik. Füzulidə (Horadizdə) gedən döyüşlərdə çox böyük əməyi olub. Yaralı əsgərləri götürmək çətin idi. Sürünərək irəli gedib yaralıları çiyinlərində daşıyırdı. Belə ki, taktiki cəhətdən orada olan yaralı əsgərlərin hansı mövqedən götürülməsi, hansı preparatların təyin olunması, onların vaxtlı-vaxtında hospitala çatdırılması kimi tədbirlərin görülməsində əvəzsiz xidmətlər göstərirdi.

O, əsgərlərin qayğısını çəkən bir insan idi. Müharibə illərində qələbə üçün var gücünü səfərbər etdi. Döyüş meydanında yaralılara ilk yardımı, onların təxliyyə olunmasında, dərman təchizatında həmişə öndə olub. Yaralıların sağalmasında, döyüşə hazırlaşan əsgər və zabitlərin mənəvi cəhətdən dəstəklənməsində əvəzi yox idi. Hətta öz axırıncı tikəsini belə əsgərə verib, özü ac qalardı. Belə komandirlə birlikdə döyüşmək şərəfli idi. O, yalnız həkim deyildi, əsl döyüşçü kimi ön sıralarda olurdu...

Məqamı ucalıq olan şəhid-şair Rasim həkimə Allahdan rəhmət diləməkdən savayı əlimizdən nə gəlir ki?

Yalçın Hüseynov (ehtiyatda olan mayor):Mən Rasim haqqında nə qədər danışsam da, azdır. Çünki Rasim dərya kimi geniş qəlbə malik bir insan, savadlı və təcrübəli həkim idi. Mən "N” saylı hərbi hissə komandirinin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsində xidmət edirdim. Hal-hazırda ehtiyatda olan zabitəm. Rasim savadlı, bacarıqlı, işgüzar və ən əsası da həkimlik peşəsinin məsuliyyətini dərk edən bir mütəxəssis idi. Hərbi hissə müharibədən qabaq Pirəküşküldə, müharibə dövründə isə Füzuli, Xocavənd və Cəbrayılda yerləşirdi. Bilirdik ki, Rasim Kəlbəcər rayonunun Milli kəndində doğulub. Əlbəttə, ona görə də Rasim daha çox tələsirdi o yerlərə qayıtmağa.

Düzdür, Kəlbəcəri yenidən görmək ona qismət olmadı, şəhidlik zirvəsinə ucaldı. Lakin, şükürlər olsun ki, Qələbəni gördü. O öz uşaqlarının gələcəyi ilə bağlı danışardı. Həmişə təsəlli verib deyərdim ki, həkim, yaxşı olacaq, narahat olma. Vəzifəcə ondan böyük olmağıma baxmayaraq, aramızda böyük səmimiyyət vardı.

Rasim həkim Şuşa şəhərinin girişində sürücüsü ilə yaralıları çıxararkən erməni quldurlarının pusqusuna düşmüşdü. Sürücü ilə birlikdə şəhidlik zirvəsinə qovuşdular. Həmin gün Rasim həkimin başçılığı altında tibb bölüyümüz çoxlu sayda qruplara bölünmüşdü hospitalda. Füzuli Rayon Mərkəzi Xəstəxanasında, cəbhənin digər yerlərində səyyar tibb məntəqələri açılmışdı. Ona görə Qələbə Günü də döyüş meydanında yaralılar, şəhidlərimiz hələ var idi. 28 ildən sonra bu insanın öz doğma Kəlbəcərinə qayıdacağını biləndə sevincini təsəvvür etmək asan deyil. Dildə demək mümkün deyil. Döyüşün ilk günündən sonuna qədər yaralı təxliyyə etdi.

Rasim həkimlə çox şəkil çəkdirmişdik. Həmin telefon o, şəhid olanda üzərindən düşmüşdü. Amma müharibədən sonra şəkillərdən birini qardaşı Əvəz mənə göndərmişdi.

Rasimin ən böyük arzularından biri də Kəlbəcərə girəndə qurbanlıq kəsmək və atası Yaqub kişinin nəşini Kəlbəcərə, doğma kəndi Milliyə köçürmək idi. Danışardı ki, mən atamı dəfn edəndə demişəm ki, səni müvəqqəti dəfn edirəm. Mən qardaşı Əvəzə hələ Füzulidə olanda onun bu fikrini demişəm.

Şeirlərinin hamısı dərin mənalıdır. Şeirlərinin bəzisindən məlum olur ki, sanki o, şəhadətə yüksələcəyini öncədən görürmüş. Onun şeirlərinin hamısı xoşuma gəlir. "Yeridi” adlı şeirini Rasimin öz dilindən eşitmək daha maraqlı idi.

Baxsan ürəyimə, nələr taparsan, –

Ora sevdamızın ocaq yeridi!

Bizi istəməyən gözlərdən uzaq,

Əhdini qoyduğum bucaq yeridi!

Dedin eşqimizin yaman günüdü,

Can verir, gözünün yaman günüdü!

Toxunma köksümə, aman günüdü,

Ayrılıq vurduğu bıçaq yeridi.

Rasiməm, qoynumda ilan sürünüb,

Belə zülmət qəbristanda görünüb!

Yorğan əvəzinə kəfən bürünüb,

Yatağım həsrətin qucaq yeridi!

Cəmilə ÇİÇƏK

Tədqiqatçı jurnalist

Prezident təqaüdçüsü

reklamlar

Digər xəbərlər