Gələn ilin dövlət büdcəsi birinci oxunuşda Milli Məclisdə qəbul edildi

Gələn ilin dövlət büdcəsi  birinci oxunuşda Milli Məclisdə qəbul edildi
Siyasət 27 Noyabr 2024 - 09:29

Noyabrın 26-da Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin payız sessiyasında növbəti plenar iclası keçirilib. Hökumət üzvlərinin də iştirak etdiyi iclasda 2025-ci ilin dövlət büdcəsi layihəsinin dünən başlanan müzakirələri davam etdirilib.

Müzakirələrdə Milli Məclisin komitə sədrləri Anar İsgəndərov, Musa Quliyev, Şahin İsmayılov, Arzu Nağıyev, Səməd Seyidov, komissiya sədri Eldar Quliyev, deputatlar Azər Badamov, İlham Məmmədov, Sevinc Fətəliyeva, Əziz Ələkbərli, Əli Məsimli, Əminə Ağazadə, Vüqar İskəndərov, Soltan Məmmədov, Kamran Bayramov, Müşfiq Məmmədli, Ceyhun Məmmədov, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Nəsib Məhəməliyev, Arzuxan Əli-zadə, Aydın Hüseynov, Hikmət Məmmədov, Elman Nəsirov, Səbinə Xasayeva, Azər Kərimli, Səyyad Salahlı, Bəhruz Məhərrəmov, Samir Vəliyev, Novruzəli Aslanov, Azər Allahverənov, Vasif Qafarov və Sevinc Hüseynova çıxış ediblər.

Deputatlar çıxışlarında dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un Azərbaycanda yüksək səviyyədə keçirilməsindən və böyük uğurla başa çatmasından söz açıblar. Bildirilib ki, bəzi qüvvələr və beynəlxalq təşkilatlar COP29-un Bakıda keçirilməsini əngəlləmək üçün əllərindən gələni etsələr də, COP29-u öz siyasi maraqları üçün alət kimi istifadə etməyə çalışsalar da, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Bakıda dünyanı birləşdirməyə nail oldu. Bütün təxribatlara baxmayaraq, həmçinin maraqların toqquşduğu bir şəraitdə, yəni məsələ ilə bağlı inkişaf etmiş ölkələrlə zəif inkişaf etmiş ölkələrin ciddi fikir ayrılığı yarandığı bir mühitdə Azərbaycan Bakıda iqlim dəyişikliyi ilə mübarizə sahəsində önəmli təşəbbüslərə, mühüm nailiyyətlərə imza atılmasına nail oldu.


Cəmilə Çiçək

"Zəkainfo.az"


reklamlar

Digər xəbərlər