Özgə qapılarda (Hekayə)

Özgə qapılarda        (Hekayə)
Mədəniyyət 12 Dekabr 2024 - 10:57


 

 Valeh hərbi xidmətdən qayıtdıqdan sonra Yanğından mühafizə xidmətində işə düzəlmişdi. Öz-özlüyündə fikirləşirdi ki, yaşamağa bir ev əldə edərsə, özünə tay bir qızla evlənər. Rayonda yaşayan anası da onun ürəyincə olana yox deməzdı. İş yerindən aralı bir yerdə univermaq vardı. Özünə pal-paltar və başqa şeylər almaq üçün oraya baş çəkdı. Satış şöbələrində çiçək kimi qızlar işləyirdilər. Köynək satılan yerdə isə iki qız vardı. Görünür, bunun səbəbi həmin şöbədə alış-verişin çox olması ilə bağlı idi. Qızların sarıyanız, ucaboy olanı ilk baxışdan Valehin ürəyini ovsunlayıb, şirin baxışları ilə onu özünə çəkdi. Həmin gündən Valeh bir şey almasa belə, univermağa tez-tez gəlməyə başladı. Satıcıların dilindən eşitdi ki, qızın adı Yasəməndir. Yasəmən həqiqətən gözəl idi. Güləndə ordlarında çökək yaranırdı.

Oğlunun sevib-seçdiyi belə bir qıza heç bir ata-ana yox deməzdi. Yasəmənlə bir şöbədə işləyən qız isə qarabuğdayı, qabarıq sinəsi ilə adamı cəlb edirdi. Amma bir eybi vardı. Şöbə boyu hərəkət edən zaman ayağının birini çəkdiyi hiss olunmuşdu. Yeriyəndə əziyyət çəkirdi. Valehin tez-tez görünməsi qızların diqqətini cəlb etmişdi. Ona qarşı biganə deyildilər. Yasəmənin çox danışmaqla, gülməklə arası yox idi. Amma rəfiqəsi Gülzar əksinə, hər vəchlə özünü istətməyə çalışırdı.

Bu tanışlıq xeyli çəkdi. Valeh qızların birlikdə kirayədə qaldıqlarını öyrəndi. Ona bu bilgiləri əldə etməyə Gülzar kömək edirdi. Gülzar da özünə görə deyildi. Valehə göz qoymuşdu. İşin nə yerdə olduğunu tam aydınlaşdırandan sonra o, Valehə ünvanı, telefon nömrələrini söylədi:

– Bizə qonaq gələrsən, Yasəməni də görərsən – dedi. Valeh çox sevinirdi. Yasəmən onun xoşuna elə gəlmişdi ki, fikrində öldü var, döndü yox idi.

Münasib vaxt tapıb işdən sonra Valeh qızları görmək istədi. Onları bir-birindən seçməyərək iki dəstə gül, böyük bir şokolad qutusu aldı və həmin ünvana getdi. Beynində özünəməxus xəyallar qurdu.

...Anam Yasəməni görəndə, sevincək razı olacaq. Oğlunun seçimi xoşuna gələcək.

Onlar geniş həyətli bir evdə yaşayırdılar. Ətraf gül-çiçəklə dolu idi. Görünür, ev sahibi yaşıllığı sevdiyindən həyətin ortasında bir  yasəmən ağacı da əkmişdi. Həyətdə sakitlik hökm sürürdü. Sanki burda heç adam yaşamışdı. Valeh üstünə nömrə yazılmış qapının zəngini basdı. Qapını açan Gülzar oldu: 

     Xoş gəldin, səfa gətirdin. Keç, keç içəri.

Valeh gözünü gəzdirəndə, Yasəməni görmədi. Gülzarın dəvətinə itaət edərək yumşaq döşəkcəkdə oturdu. Gülzar ona şapşapı da verməyi unutmadı. Tələsik çay süzüb, mürəbbə gətirdi. Xeyli söhbətdən sonra Valeh Yasəməni soruşdu. Gülzar soyuqqanlılıqla:

– Mağazaya gedib, indilərdə gələr, – dedi.

Xeyli vaxt keçdi. Yasəmən gəlib çıxmadı. Valehin nigaran baxışları Gülzarı hərəkətə gətirdi:

– Ev nə yamn isti oldu, pencəyini çıxarsana. Rahatlan bir – deyərək, Gülzar əynindəki xalatın düymələrini açdı. Düymələr açıldıqca qızın cazibədar sinəsi, göbəyi,  par-par yanan dərisi göründü. Onun hərəkətlərinə hələ Valeh laqeyid idi. Çünki, o buraya Yasəmənə görə gəlmışdi. Gülzar da bilirdi ki, onları narahat eləyən olmayacaq. Yasəmən istədiyi oğlanla görüşə getmişdi.

Birdən səsini bir qədər ucaldan Gülzar:

– Bu canı yanmış harda qaldı, – deyərək, qəflətən Valehi qucaqlayıb, sinəsinə sıxdı. Dodaqlarını oğlanın dodaqlarına yapışdırdı, sonra barmaqlarının ucu ilə onun köynəyinin yaxasını açaraq, soyundurdu. Geniş sinəsini əlləri ilə tumarlayıb, özünü Valehin qucağına atdı.

Artıq oğlan da özünü ələ ala bilməyib, bədəninin bioloji tələbatına təslim olmuşdu. İlk dəfə idi ki, qadın cazibədarlığı Valehi yolundan azdırırdı. Damarlarında qanı cuşa gəldi. Qarşılıq olaraq Gülzarı elə orada döşəməyə sərilmiş xalçanın üstünə uzatdı. Hər kəs istədiyinə nail oldu. Beləcə xeyli hərəkətsiz qaldılar. Məst olmuş Gülzar özünü dünyanın ən xoşbəxti hiss edirdi. Ayağında olan qüsura görə heç bir oğlan cəsarət tapıb ona yaxın gəlməzdi. Ürəyində böyük narahatlıq keçirən Valeh Yasəmənin gəlməsindən, onları bu vəziyyətdə görməsindən qorxub, dikəldi. Köynəyini geyinib yaxasını düymələdi. Əlini Gülzarın çılpaq qoluna toxundurub:

     Oyan, birdən gələn, görən olar, Yasəmən gələr – dedi.

     Gülzar uzandığı xalçanın üstündə dikəlib oturdu. Dizdən aşağı əyri ayağını qolları arasına alıb:

     Yasəməni gözləmə, o gəlməyəcək, – dedi.

     Niyə, nə üçün? – deyə Valeh təəccüblə soruşdu.

     Ona görə ki, onun sevdiyi oğlan var. İndi onlar birlikdədirlər. Kim bilir, harada kef çəkirlər.

Valeh özünü həm alçalmış, həm də satqın kimi hiss etdi. Qurduğu xəyal dünyası uçub dağıldı. Gülzarla baş verənlərdən sonra xüdahfizləşib dərhal ordan ayrıldı. Artıq aylar keçmişdi. Yasəməni yadına belə salmayan Valeh təsadüfən univermağa gəlmişdi. Şöbəyə baxanda, Yasəməni tək gördü. Onun gözlərinin içinə baxdı. Gözlərdə ümidsizlik hökm sürürdü. Dönüb getmək istəyəndə, arxadan Yasəmən Valehə yaxınlaşdı:

– Məni bağışla, bu dünyada hərənin bir sevdiyi var. Bir də, bilirsənmi Gülzar hamilədir. Bu günlərdə yatacaq, – dedi və dönüb getdi. Eşitdiyi xəbər Valehin ruhunu sarsıtdı. Necə yəni hamilədi. Birdən bu qız məndən hamilə qalıbsa, sonu necə bitəcək? Məni işə salmayacaqmı? “Mənimlə evlən” deməyəcəkmi? O zaman bu məsələni öyrənən yaxınlarıma, əziz anama nə cavab verəcəm? Deməyəcəklərmi dünyanın gözünü kor edərək bir çolağa niyə ilişirdin!  Suallar Valehi didib-parçalayırdı.

Bir dəfə də univermağa girən zaman Yasəmən Gülzarın oğul anası olduğunu soylədi və yeni bir evdə yaşadığını dedi.

Axşamın qaranlığında Valeh ünvanı tapıb, oraya getdi. Qapını Gülzar açdı. O, artıq əvvəlki Gülzar deyildi. Valehi içəri dəvət elədi. Beşikdəki körpəni göstərib:

– Bu sənin oğlundu. Qorxub eləmə, boğazından asılmayacağıq. Səndən heç nə tələb etmirik. Oğluma ata tapmışam. O bizi olduğumuz kimi qəbul edərək, öz adını və soyadını uşağa vərəcək. Sənə həm təşəkkür edirəm, həm də bir deyəcəyim var. Bizi unut. Nə məni, nə də oğlumu xatırla, yeni ailəmi narahat eləmə - dedi və getmək üçün qapını göstərdi.

Valeh Gülzardan ayrıldığına baxmayaraq gözü həməşə onun yaşadığı küçədə olurdu. Onun yeganə təsəllisi doğma balasına uzaqlardan gizli-gizli baxmaq olmuşdu. Onu da  görmək mümkün deyildi. Uğursuz taleyimi, öz böyük səhvimi Valehi elə bir hala salmışdı ki, dərdini heç kəslə bölə də bilmirdi. Öz içini yeyə-yeyə qalmışdı. Günlərin birində yenə Gülzar uşaq arabasında körpəni havaya çıxartmışdı. Çox keçmədi ki, evdən bir yaşlı kişi çıxıb, onlara yaxınlaşaraq bir qolunu Gülzarın boynuna saldı və o biri əli ilə uşağın arabasını yelləməyə başladı. Yaşca Gülzardan xeyli böyük görünən bu kişinin qıvrım ağ saçları, qalın qaşları, bığı vardı.

Bu minvalla bir müddət keçdi. Valeh sonralar həmin küçədən keçəndə uşaqlı ananı görsə də, daha kişini görmədi. İlk sevdası olan Yasəmən də ailə qurmuşdu. Amma o, yenə univermaqda işləyirdi. Daha Gülzar və oğlu haqqında ən son xəbərləri Valeh univermağa gələndə Yasəməndən eşidirdi. Gülzarın ərə getdiyi adam vəfat etmişdi. Uşaq da böyümüşdü. Gülzar qapı ağzında dolabın üstünə satıla biləcək şeylər qoyub satırdı. Arabir də:

– Valeh, oğlum, bir yerdə dur – deyirdi.

Valeh elədiyi səhivin nə qədər böyük və acınacaqlı olduğunu get-gedə daha dərindən anlasa da, hər şey üçün artıq çox gec idi. Olan olmuş, torba dolmuşdu. Həm də nə olmuşdusa, elə onyn özünə olmuşdu. Hisslərini cilovlaya bilməməsi üzündən bütün gələcəyini, taleyini, övlad qayğısı çəkmək səadətini bədəninin beş-on dəqiqəlik bioloji təlabatının ödənməsinə qurban vermişdi. Qanından, canından olan, hətta adını daşıyan övladının gələcəyi üçün heç vaxt heç bir şey edə bilməyəcəyini, buna ixtiyarı çatmadığını düşündükcə, ürəyi qan ağlayırdı. Həqiqi ata ola-ola atalıq səlahiyyətindən məhrum olmuşdu.

Bəzən Valeh Gülzara o qədər qəzəblənirdi ki, bu qəzəb dönüb kəskin bir nifrət hissinə çevrilirdi. Az qalırdı, gedib onu yaşadığı evdəcə oğlunun gözləri önündə boğub öldürsün. Amma hələ ki, birtəhər qəzəbini cilovlayıb, özünü ələ alaraq, səbrli olmağa çalışırdı. Hissə qapılmağın bu dəfə daha böyük peşimanlıqla nəticələnə biləcəyindən qorxurdu Valeh. Bəzən də ürəyində Gülzara bəraət qazandırmağa çalışırdı daha böyük günahın əslində özündə olduğunu düşünürdü. Fikirləşirdi ki, axı, qadınlar daha çox emosional, hisslərə aldanan olurlar. Belə məqamlarda ilk növbədə kişi gərək daha iradəli olub, hisslərini cilovlaya bilsin. Bir anlq şəhvət duyğusuna aldanmasın.

Bax beləcə, sıxıntılı fikir və xəyallar, təəssüflər, peşimanlıqlar içində yanıb qovrula-qovrula qalmışdı Valeh. Dərddən – ələmdən başı ayazıyıb, nə evlənə, ailə qura, nə övlad sahibi ola bildi. Gülzarsa oğlu ilə xoşbəxt idi. Valehi əri öləndən sonra da qorxusundan uşağa yaxın buraxmırdı ki, oğlu böyüyəndə iki ata söhbətini bilər, anasından üz döndərər.

İllər beləcə ötüşməkdə idi. Nəhayət, günlərin birində hündür mərtəbəli bir binada yanğın söndürən zaman Valeh ehtiyatsızlıq üzündən oda düşüb yanaraq, dünyadan nakam getdi. Həyatda yeganə yadigarı, oğlu da özgə qapılarda qaldı, özgə atanın adını, soyadını daşıdı ömrü boyu...

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

 

reklamlar

Digər xəbərlər