Hörmətli vətənimin hüquq işciləri!!
Sizə bu məktubumu xarici ölkədən yazıram. Əbdülova
Ceyran Həşim qızıyam. Amanın günüdür, məni xilas edin! Nadanlığım, gicbəsərliyim
üzündən bu cəhənnəmə düşmüşəm. Kaş o gün mənim başıma Allah özüm boyda bir daş
salaydı. Bu qələti eləməyəydim. Cavan ömrümü puç eləməzdim.
O zaman mən və mənim kimi çoxlu külbaş qız paytaxta
təhsil almağa gələn əcnəbi oğlanların ovuna çıxardıq. Elə zənn edirdik ki,
xaricdə yel əsib qoz tökülür. Ov elədiyimiz xarici oğlanlar cənnət bağında şirlər,
pələnglərdi. Hərəsi öz ölkəsində dövlətin şahzadəsidi. Gedən kimi başımıza tac
qoyub, bizi xanım edəcəklər.
Rəfiqələrim kimi arzular, xülyalar, boş xəyallar məni
də özümdən çıxardı. Hələ on yeddi yaşım tamam olmamış qaynar şəhərə düşdüm.
Qızlarla kirayə ev tutdum. Sonra da tarzan kimi yarımçilpaq küçələrdə veyilləndim.
Ətli əndamımı görənlər bəh-bəh, sən buna bax, görəsən
hansı pələngin şikarı olacaq, – deyə ağız büzürdülər. Biz qızlar eşitdiklərimizə
məhəl qoymaz, axtardığımızı axtaraırdıq. Xarici oğlanlar yaşayan yataqxananın
başına gündə min kərə pərvanə kimi dolanırdıq. Hörümçək toruna şikar salan kimi
biz də cəlbedici paltarların birini soyunur, o birini geyinirdik.
Paltar deyəndə, nə paltarlığı vardı. Kişi maykası
kimi bir şey idi. Üst tərəfdən açıq. Nə var, çöldə. Aşağı tərəfdə də dar, mini
yupqa. Baxan deyirdi bir də baxım. Bizi görənə, kişi demişəm, özünü saxlamağı
bacarsın! Hətta babam yerində kişilər baxıb, köks ötürür, ah çəkir,
umsunurdular.
Hərrə-fırra, axırda biri ilişdi. O nənəmin
geyindiyi qaloşdan azca fərqlənirdi. Qaloşun içində qırmızı parçadan içlik
qoyurdular. Bu seçdiyimin də yanaqları qırmızı, saçı qıvrım, burun pərləri,
dodaqları selikom vurduran müğənnilərin dodağı kimi kömbə.
Görəndə, dedim bundan dadlı yemək nəyimə gərək. Əsası
o idi ki, ovcunun içi kimi, dişi, dili də ağ rəngdə idi. Tək bizlərə bu iki əlamət
uyğun gəlirdi. Xəyalımda düşünürdüm ki, məni aparacaq sarayına, atası
ayaqlarımı yuyacaq, anası dolma, küfdə-bozbaş bişirəcək, ərim də çay qaşığı ilə
məni yedirdəcək, nazımı çəkəcəkdir.
Yoxsa öz kəndçimə ərə gedim? Qara Bayram traktor
sürüb, qapqara hisin-pasın içində mazutlu paltarlarını çıxarıb töksün üstümə
ki, yu, səhərə hazır olsun. Bundan başqa paltarım yoxdu. Anası da, oh-oh bilirsən
nədi?! Gün axşamacan gah bağda, gah tarlada bağ-bostan becərir. Üstümə qışqırıb
deycək:
– Nə durmusan, işləsənə! Qarnın burnuna dəyir.
Doğduğunu kim saxlayacaq, kim yedirdib, içirdəcək? İşlə-işlə, axşam da ləyəndə
su gətir. Əvvəl qaynatanın, sonra qaynananın, ərinin ayaqlarını yu, qurula. Nə
var – nə var, mən də evə gəlin gəlmişəm.
Ölüncəyə qədər bunların quluyam. Qaynana da
od-alovdu. Adama sözü deməmiş gözlərini elə bərəldir ki, elə bil gözlər pırtıb
bu dəqiqə ovcuna töküləcək. Amma insafən axşam süfrəsi açılanda, mizin üstündə
hər şey; hər yemək, hər xörək bol-bol olur. Düşüncəsi olanlar, insan belə
yaşamalıdır, deyirlər. Birgə əkib – becərmək, birgə də oturub yemək. Düşüncəsizlər
işdə, evdə hər kəslə dalaşır, ağız-burnunu turşudur, hazır-halvadan yeyib
yaşamaq istəyirlər. O da ömründə mümkün olan iş deyil.
Xülasə, sevib-seçdiyim, ümid bəslədiyim,
arzularımla yaşayacağım oğlana bənd oldum. Bilmirəm, bizim millət onu necə
adlandırır. Neqr, zənci, ərəb, qara, necə adlandırılsa belə, mənə qəbuldu. Təki
arzularıma çatım. Xoşbəxtlikdən universiteti qurtarıb, diplomu ilə yanaşı,
xaricə getmək üçün mənə də pasport aldı. Yığışıb, uçduq onun “cənnət” vətəninə.
Təyyarədən düşüb, üstü açıq, dörd təkərli arabaya bənzər
bir maşına mindik. Düzənliklər, dərə-təpələr olan bir yerə gəldik. Yol boyu əynində
abrını örtəcək yeganə şey bellərinə bağladıqları parça olan qapqara adamlar
günün od yağdırdığı istidə torpaqla əlləşirdilər. Bəziləri də nəhəng kaktus
ağaclarının altında gizlənsələr belə, xeyiri yox idi. Yarpağı olmayan kaktusun
başından süzülən günəş şüası zəncinin üstünə düşürdü. Bir də düşsün, ona neynəyə
bilərdi.
Sevgilim tutduğu bu maşın, səndemə, taksi imiş.
Qarşı tərəfdəki yeganə şüşənin üstündə “T” hərfi yazılmışdı. Nəhayət ki, biz
çatdıq. Yadımdan çıxdı demək. Məni aparan bu cəngavər, qara atlı, qara dərili
oğlan mənimlə rus dilində danışırdı.
Biz maşından düşdük. Maşın dövrə vurdu və çıxıb
getdi. Bu an arvadlı-kişili iyirmi-otuz adam növbəyə durub məni qucaqlayır,
kömbə dodaqları ilə üzümü, boynumu, sinəmi marça-marçla öpüşlərə qərq edirdilər.
Dərimin ağ olmasından istifadə edərək, çimdik alanlar da olurdu. Gözümü hərlədim
ki, baxım görüm bu yetimin sarayı görünürmü? Gördüm yox ey, nə saray. Səhra
ağaclarını karkas kimi ağacın qabığı ilə bağlayıb, üstünə də karton parçaları səriblər.
Yalnız bir ailəni o biri alaçıqda yatanlar görmürdülər.
Gün əyiləndə adamlar dairə vururdular.
Dambur-dumbur başladı, nə başladı. Yerlərində dingildəyib, “lo-lo” qışqırtıları
ilə bağırmaqları az imiş kimi, qolumdan tutub, məni də ortaya atdılar. Fırfıra
kimi fırlatmağa başladılar. O qədər fırlatdılar ki, huşumu itirdim.
Sən demə bu mənim toyum imiş. Ayılanda özümü otlardan
hazırlanmış, döşək adlandırmaq olarsa, döşəyin üstünə uzadılmış gördüm. Yanımda
da üzü-gözü, alnı qırışmışın biri. Elə gözlərimi təzəcə açmışdım ki, bu qoca
köpək məni qucaqlayıb, öpməyə başladı. Bu getdi, o biri gəldi. Daha öpülməyən
yerim qalmadı. Haçandan-haçana ərim gəldi yanıma.
Soruşdum:
–
Bu nə
işlərdi başıma gətirirsən?
O, kömbə dodağını yana dartıb:
– Bizim milli mentalitetimiz belədir. Oğul evlənəndən
sonra, qızın dadına birinci atası, sonra qardaşları varsa, qardaşları, hətta
bacıları özlərinə məxsus sevgilərini bildirirlər. Onlar bəyənərsə, xoşlarına gələrsə,
oğlanlarını o qadına qurban verirlər.
Öz özümə düşündüm: kül başına, a Ceyran. Şir
demirdin? İndi oldun əsil şir yemi.
Məsələ aydın idi, özüm özümü bəlaya saldığımı əməlli-başlı
anladım. Acmışdım, yemək-içmək də təklif eləyən yox idi. Birdən həyətdə “lo-lo”
eşitdim. Daha mən də onların geyimlərinə bənzər paltarda idim. Həyətin
ortasında böyük bir qazan asmışdılar. Biri əlində çömçə, barmaqları arasında
cam tutanlara bişirdiyindən çömçə-çömçə paylayırdı. Ərimdən soruşdum:
–
O
payladığı nədir?
– Xörəkdir – dedi. Təzə anakonda supudur. Ürəyim
ağzımdan gəldi. Qusmaqdan özümü zorla saxlaya bildim. İki yol vardı. Ya yeyib
öyrəşməli, ya da acından gəbərməliydim. Odur ki, supdan mən də daddım. Pis
deyildi. Bir, iki dəfə yeyəndən sonra beləcə vərdiş elədim.
Hər gün müxtəlif heyvanların – tısbağa, qurbağa,
ilan, daha tanımadığım heyvanların supunu yedim. Uyğunlaşdım. Onlardan biri
oldum. Bir ildən sonra bir oğlan uşağı gətirdim dünyaya. Oğlumun üç yaşı tamam
olanda, qonşu tayfalar müharibəyə başladılar. Onsuz da adam kimi yaşamayanları
qırıb-çatmağa başladılar. Ara yerdə ərimi və oğlumu da öldürdülər. Hərbiçilər mənim
başqa millətdən oduğumu görüb gizlətdilər. Salamat qaldım.
İndi şəhərə bənzər bir yerdəyəm. Ünvanımı sizə
yazıram ki, məni axtarıb tapasınız. Ümidim sizədir. Məni tapın. Əslimi-nəslimi
yanıma alıb, qələt eləmişəm ki, xaricə ərə gəlmək fikirinə düşmüşəm. Əgər xilas
oluna bilsəm, şəhərin küçələrini süpürməyə hazıram. Bəyənmədiyim kənddə yaşayan
nəinki, qaynatamın, qaynanamın, hətta onların bütün nəslinin ayağını yuyub,
suyunu içə də bilərəm.
Amanın günüdür, axtarın məni! Qoymayın itlərə yem
olum. Qul kimi alınıb-satılım. Əgər ölməli olaramsa, qoy öz vətənimdə ölüm.
Xudahafiz.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.