Nazlının evi (Hekayə)

Nazlının evi  (Hekayə)
Mədəniyyət 25 Dekabr 2024 - 10:40


 

 

Hər bir zəmanənin üstün cəhətləri olduğu kimi yaddan çıxmayan, bağışlanılmayan yanlış tərəfləri də var. Çöx qəribədir ki, insanlar yoxsulluq içərisində yaşayanda, müharibə kimi amansız dəhşəti görəndə bir-birinə dayaq olur, daha da mehribanlaşırlar.

 

Amma nədənsə ayrı-ayrı adamlar varlandıqca daha varlı olmağa, başqalarının hesabına yaşamağa, onlara yuxarıdan aşağı baxmağa başlayırlar. Xüsusən də vəzifədə olan kişilər! Elə ki, hər hansı vəzifəyə irəli çəkildilər, əlləri özlərindən yuxarıda olanların ətəyindən bərk-bərk yapışır, ətraflarında dolaşan qohum-əqrabanı görən gözləri bağlanır.

 

Bir az da varlandıqdan sonra ya imarətlər qurdurmaq, ya da ikinci, üçüncü arvad almaq fikirinə düşürlər. Sizlərə danışmaq istədiyimiz bir qəhrəman haqqındakı söz-söhbətlər Çəmənli kəndində dildə-ağızda  gəzirdi.

 

Kəndin düz mərkəzində ağacdan tikilmiş kərtmə bir ev vardı. Evin sahibəsi həddindən çox gözəgəlimli idi. Onu görən çox kişilərin hiçqırığı içində qalar, uzaqdan da olsa, köks ötürə-ötürə baxardılar. Qadın evlərindən bir az aralıda  olan novlu bulaqdan su götürməyə gələndə elə yırğalanırdı ki, bədəninin əzaları gəl-gəl deyirdi.

 

Baxmayaraq ki, kişilərin gözlərini qaroy eləmişdi. Uşağı olmadığı  üçün əri evdən çıxıb getmiş, özünə uşağı olacaq birini tapmışdı. Ata-anası, ərdə olan iki bacısı başqa kəndlərdə yaşayırdılar. Qadının tək yaşaması çox kişilərə göz dağı olmuşdu. Adı da Nazlı idi.

 

Kənddə ötgün sözlü, qapaz vuran bir kolxoz sədri vardı. Adı Fəzli olan bu adamın bir kəlməsi iki ola bilməzdi. Hər kəslə hökmlə danışardı. Kimdən acığı gəlsə, kim qabağından qayıtmağa cürət etsə, camaat arasında ona heç nə deməz, acı-acı gülərdi. Gözləyərdi gecəni. Ay doğanda darvazası olmayan həyətdən keçib sakitcə qapını döyərdi. Elə ki, ev sahibi qapını açıb çıxdı bayıra, yapışar boğazından darta-darta xəlvət bir yerə aparardı. Özünəməxsus, “üsullardan” istifadə edərək, tənbehini verərdi.

– Bir də camaat arasında dikbaşlıq edərsənsə, ya səni yaşatmaram, ya da kəndin üzünə həsrət qoyub, köçürərəm – deyərdi.

 

O bədbəxt də həmin gündən dilini qoyardı qarnına, sədri görəndə, ilan vuran ala çatıdan qorxan kimi qorxardı. Onun qorxuları çoxlarına sirayət etdiyindən, hər kəs öz yerini yaxşıca bilirdi.

 

Nazlıya diqqət yetirən kişilərdən biri də kalxoz sədri Fəzli idi. Kabinetinin pəncərəsindən bulağa su aparmağa gələn Nazlıya gözdən itənə kimi baxırdı. Nazlını ələ keçirmək Fəzli üçün su içimi kimi bir şeydi. Əgər barmağını Nazlıya tuşlayıb, özünə doğru qatlasa, xalı-xalça ayaqları altında olardı. Fəzli bircə camaatın ağzına düşməkdən çəkinirdi.

 

Onsuz da o, hər kəsin dilinin altında özünə yer eləmişdi. Gözlər üzünə baxmasa belə, ağızlar ondan danışırdı. Zalımlığı, artıqtamah olması, yuxarıdan gələnlərin qarşısında beş qatlanması hamının gözü qarşısında baş verirdi. Özünü çox ciddi aparırdı. Elə ki, kənd klubunda “Böyük dayaq” filmi göstərilirdi, o saat keçib bəyəndiyi yerdə oturur Rüstəm kişiyə baxırdı.

 

Bəlkə də xəyalında onun kimi kolxoz sədri olmaq istəyi vardı. Amma ürəyindən keçən başqa şeylər də az deyildi. Neyləsin, necə etsin ki, səsiz-səmirsiz Nazlı ona yem olsun, heç kəs də bu haqda heç nə bilməsin?..

 

Bir gün axşamüstü buyruqçunu yanına çağırıb dedi:

        Get Nazlı xalanı çağır yanıma gəlsin, sözüm var. Buyruqçu gedib Nazlı xalanın qapısını döydü. Qapı açıldı. Nazlının par-par işıq saçan yarımçılpaq əndamı göründü.

        Hə balası, xeyir ola, nə istəyirsən?

        Fəzli əmi dedi ki, zəhmət olmasa idarəyə buyursun.

Gözlənilməz təklif  Nazlını çaşdırsa da, təqribən unadı ki, dəvəni nə üçün çağırırlar.

        Get, beş-on dəqiqədən sonra gələrəm – deyib Nazlı qapını örtdü.

 

Buyruqçu qayıdıb əmri yerinə yetirdiyini söylədi, və çıxıb getdi.

Fəzlinin kabineti böyük idi. Sağ tərəfdə bir otaq vardı. Adəti üzrə Fəzli gəlib-gedən yüksək ünlü qonağı bu otaqda qəbul edir, yaxındakı yeməkxanaya sifariş verdiyi kabablar birbaşa şişlərdə bura gəlirdi.

 

Özü qalxıb çay hazırladı. Şokolad qutusunu mizin üstünə qoydu. Nazlı nazlana-nazlana idarəyə doğru addımladı.

Kəndin simsiz teleqrafları işə düşdü. Əslində bu obada Nazlını görmək istəməyənlər yalnız qadınlar idi. Hər bir qadın bu ağır çəkili “bombadan” özünü xilas etmək üçün birləşmişdi. Bir yenilik olan kimi bir-birinə hasardan-hasara xəbər verirdilər. Nazlı sədrin qapısını döyən zaman Fəzli özü onu qarşıladı:

– Oo, Nazlı xanım, xoş gəldiniz, səfa gətirdiniz, həmişə siz gələsiniz. Lap tər gül kimisiniz. Ətirlənməsəniz də, siz həmişə təravətlisiniz, – deyəndə, Nazlı bir az da əzizləndi, pişik kimi xumarlanıb, yerində ləngər vurdu:

– Tərifə görə çox sağol, ay sədir. Məni çağırmısınız, xeyir ola? Məgər mən də bir dərdə dərman ola bilərəm?

 

        Əlbəttə, əlbəttə  – deyib. Fəzli yüngülcə Nazlının ətli qoluna toxundu:

– Deyirəm sizi də bir işə cəlb edək. Evdə tək-tənha oturub, dörd divar arasında solmayasınız.

– Məgər sizdə bacaracağım bir iş var?  Bax, onu bəri başdan deyim ki, məndən nə tarlada işləyən, nə də sağınçı ola bilər.

– Yox, yox! Nə danışırsınız! Mən razı olarammı ki, bu gözəllikdə incə barmaqları, belə gözəl biçimli ayaqları kolxoz yolunda sındırasınız. Sizi özümə sağ əl əvəzinə işə qəbul edəcəyəm. İdarənin sənədlərini yerbəyer edib, nizama salarsınız, qonaq-qara olanda da pürrəngi çay dəmlərsiniz, içərik. Vəssalam, şüttamam.

 

Nazlı da özünə görə deyildi. Bu təklifin arxasında nə durduğunu çox gözəl anlayırdı. Bir də ki, nə olsun adı Nazlıdı. Bu böyüklükdə kəndin ağası nəvaziş göstərir, elçi düşür, çörəyə çatdırır, niyə etiraz etsin.

 

Səhəri Nazlı işə başladı. Yeni təyinatdan çoxları xəbər tutdu. Sədrin əl qoyduğu yer sönmüş tonqal yeri kimidir. Daha Nazlıya kənardan baxmağa belə cürət edən olmazdı.

Kənddə erkək arvad sayılan Pəri qarı idarəyə iş üçün gəlmişdi. Nazlını idarədə görəndə təccüblə dedi:

        Bıy, başıma xeyir! Bu burda neyləyir? Ağız sən nə vaxdan vəzifə sahibi oldun?

        Oldum dəə, onu kolxoz sədri bilər.

– Hmm, məsələ aydındı, qızıl üzük barmaq üçün yaranıbdı – deyə Pəri qarı dodağını büzdü. Nazlının işə təyin edildiyini bütün kənd bildi. Ağızlar bağlansa da, qulaqlar açıldı, gözlər bərələ qaldı.

 

Fəzli də Nazlının “xəstəxanasına” ayaq açdı. Pünhan getdi, pünhan qayıtdı. Amma günlər keçdikcə, o həddini aşır, gündüzlər belə, Nazlının qonağı olurdu. Nazlı da Nazlı idi. Nazı-qəmzəsi ilə Fəzlini məftun eləyir, üzüm dənələrini onun dili üstünə incə barmaqları ilə qoyurdu. Fəqət kənd adamlarına bu qadının bir misilsiz xidməti oldu. Nazlı ilə oturub-duran, eyş-işrət içində ömür sürən Fəzli yumşalıb muma döndü. Daha heç kəslə kobud  davranmır, söyüş söymürdü.

 

Deyirlər qonşun paxıl olmasa, kor qız ərə gedər. Xəbərlər gedib Fəzlinin arvadı Fatmaya çatdı. Ey dili qafil, nə durmusan, ərin əldən gedir. Əvvəl inanmaq istəməyən  Fatmanı elə günə saldılar, Nazlının “nazından” o qədər danışdılar ki, biçarə Fatma inandı. O, Nazlının hansı yuvanın quşu olduğunu bilirdi. Qəm-qüssə içərisində oturub ağlayırdı. Oğlanları evə gələndə gördülər ki, anaları ağlar qalıb, soruşdular:

– Ana, sənin ki, qəmin-qüssən olmayıb, hamı sənə qibtə edir, kolxoz sədrinin arvadıdır, “bəxtəvərin qızı” deyirlər. İndi nə oldu ki, ağlayırsan?

 

        Nə olacaq, atanız kəndin Nazlısına uyub, yanına işə düzəldib, gecəsini də onunla yatır.

Oğlanlar bir ağızdan:

        Ana, bu, ola bilməz – dedilər.

        Vallah olub, bunu bütün kənd bilir.

 

İki qardaş məsələni dərindən öyrəndi. Nazlının evini nəzarətə götürdülər. Deyilənlər doğru çıxdı. Oğlanlar atalarından qisas almaq qərarına gəldilər. Uzun məşvərətdən sonra qisası necə alacaqları haqqında düşündülər. Son nəticədə qərara aldılar ki, ataları Nazlıyla bir yataqda yatan zaman Nazlının evini yandırsınlar.

 

Axşam saat on bir idi. Dənnələr dolu benzinlə gələndə, gördüklərinə mat qaldılar. Onlarsız Nazlının evi od tutub yanırdı. Qəribəsi o idi ki, heç kim alovu söndürmək haqqında düşünmək belə istəmədi. Hər kəs əlləri qoynunda durub baxırdı. Nazlının yanan evi yaxşı ki, Fəzlinin iki oğlunu ata qatili etmədi.

 

 

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.

reklamlar

Digər xəbərlər