
Evimiz kəndin mərkəzinə doğru gedən yolun kənarında
yerləşir. Yazın ilk günləri idi. Küləkdən, yağışdan doqqazımız əyilmişdi. Həddini
aşıb yola doğru uzanan itburnu kolu da gəlib-gedənə ilişir, gediş-gəlişə mane
olurdu. Kolun aradabir keçən maşınlara sürtünməsindən əcaib səslər yaranırdı.
Bir gün atam dəhrə və baltanı götürüb kolun yanına gəldi. Xırda-para kömək üçün
məni də çağırdı. Köməkləşib zoğal ağaclarının da yola sarı əyilən budaqlarını
budadıq. Anam da bizə qoşuldu. Demək olar, yol kənarı səliqəyə düşmək üzrə idi.
Birdən yolla keçən bir qız ata-anamın diqqətini cəlb etdi. O, bir az getdikdən
sonra çox da aralı olmayan bir evə döndü. Bu evdə çox yaxşı bir ailə yaşayırdı.
Evin kişisi hündürboy, qırmızısifət bir adam idi. Onun ucaboy, ağbəniz, qəşəng
arvadı vardı. Gözəllikdə övladları da özlərinə oxşayırdı.
Hələ də qucağında şax-şəvəl tutan atam üzünü anama
tutub dedi:
–
Arvad, görərsən, bu qız axırda bu evdə arvad olacaq.
Doğrusu, ürəyimdə atamı qınadım. Məndən çəkinmədən
belə sözlər söyləməsi çox ağır gəldi. Bir də ki, atam olacaq məsələni hardan
bilirdi? Bəlkə onda öncəgörmə qabiliyyəti var idi?
Anam da susmadı.
–
A
kişi, dünyasında ola bilməz! Onlar mehriban, ləyaqətli ailədir. Bu qara fikir sənin
ağlına hardan gəldi?!
Atam sözünün qəribliyə düşdüyünü görüb:
–
Nə
deyirəm, bir sözdü də, ağlıma gəldi, dedim. Yaşayarıq, görərik, – deyib
qaşlarını çatdı.
Mənimsə fikrim ayrı yerdəydi. Doqqazımız çox səliqəli
görünürdü. Səhərisi məktəbə gedəndə gördüm o biri qonşular da atama baxıb, yol
kənarında səliqə-sahman yaradırlar. Bu məni sevindirdi.
Artıq böyümüşdüm. Məktəbin sonuncu sinfində
oxuyurdum. Bircə düşüncəm vardı: nə olur-olsun ali məktəbə girmək! Nəhayət,
arzuma çatdım. İstəklərim yerinə yetdi. Bakı Dövlət Universitetinin Filologiya
fakültəsinə daxil oldum. Qəbuldan sonra kəndə qayıdıb, qələbə sevincimi
ata-anamla bölüşmək istədim. Şəhərdən kəndimizə gedən avtobusa minib evə gəldim.
Avtobusdan düşər-düşməz eşitdiyim xəbər məni mat qoydu. Qonşumuz qırmızısifət
kişinin arvadı – o gözəl-göyçək qadın qəfil dünyasını dəyişmişdi. Evə gəldim,
anam məni qucaqlayıb, üz-gözümdən öpüb təbrik etdi.
–
Ana,
atam hardadı?
–
Atan
hüzr yerindədi, qızım. Ölən qadının bu gün üçüdü, nədənsə zəhərlənib deyirlər.
Anamın üzünə baxdım. Vaxtilə ana-bala ikimizin
yanında atamın dediyi sözləri xatırladım. Anam: – Nə bilim, ay qızım, Allahın
işidir, – deyib, mənə çay-çörək gətirdi – Yoldan gəlmisən, ye, iç, bir az dincəl.
Atam evə qayıdanda məni təbrik edib, qurbanlıq qoçu
kəsməyə getdi.
Qadının qırxı tamam olmamış kəndə xəbər yayıldı ki,
qırmızısifət kişi evlənib. Özü də vaxtilə atamın dediyi qızıla! Bu əhvalat kənd
adamlarına adi görünsə də, bizim ailəyə başqa cür təsir elədi. Axşam çay süfrəsi
ətrafında oturmuşduq. Anam dilləndi:
–
A
kişi!
Atam anamın üzünə baxdı:
–
Nə
olub?
–
A
kişi, sən bir dəfə doqqazı düzəldəndə bir söz işlətmişdin ha, həmin söz gəlib
öz yerini tutdu. Yoxsa səndə nəsə falçılıq, ya vergi var?
Atam güldü. Bir mənə, bir anama baxdı.
– Yox, arvad, mən nə mollayam, nə də falçı. Buna həyatın
hər üzünü görmək deyirlər. İnsanın səhv addımı hər zaman pis nəticələr verir.
Bu dünyada yaşayan canlılardan kimsə kiminsə yemidir. Biri ölməsə, başqası
dirilə bilməz. Ayaq üzü görməyən ayaqqabı heç kəsin dabanını döyənək edə bilməz.
İnsan gərək kiminlə oturub-durduğunu yaxşı bilsin. Rəfiqə adamın evini yıxar,
doğru yoldan azdırar, sevgilisini əlindən alar, həyatını cəhənnəmə döndərər.
“Ailə qaranlıq meşədir” kəlamında böyük həqiqət var. Kişinin qadın dostu yalnız
öz arvadı olmalıdır. Yaxud əksinə, arvadın yeganə dostu onun əridir. Hər bir
ailənin öz evi, öz hasarı var. Bu divar, bu çəpər insanları məkrli adamlardan
qorumalıdır.
Atam danışır, anam dinləyir, mən də atamın dediklərindən
özümə lazım olanını götürürdüm. Sanki
kişi üzünü mənə tutub, həyat dərsi keçirdi:
– Ay qızım, şəhərdə hər yetənlə oturub-durma. Mən
bu univermaq müqəvvasına aşiqəm demə. Təhsil al, sənə lazım olan həyatı öyrən.
Xoşbəxtlik qapından girəndə tüstü-dumanla yox, alovqarışıq gələcək. Bax, o alov
əsl məhəbbət alovudur.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az