
Hava soyuq idi. Dənizdən əsən külək
getdikcə artır, sahil boyu əkilmiş bəzək ağaclarını fırfıra kimi oynadırdı.
Adamlar yavaş-yavaş oradan uzaqlaşırdılrar. Sahilə lap yaxın oturacaqların
birində əyləşmiş orta yaşlı nimdaş gödəkcə geymiş bir kişi cibində gətirdiyi qəzet
bükümünü çıxarıb yan tərəfinə qoydu. Qəzeti aralayıb, içindəki çörəkdən bir
çimdik qoparıb ağzına aldı. Qəzetin arasında dilim-dilim doğranmış kolbasa və
bir baş soğan vardı. O, soğanı ovcuna alıb sıxdı. Əzilmiş soğanı lay-lay
aralayıb ağzına aparmaq istədikdə bir qadın gəlib yanında əyləşdi. Başı
yaylıqla bağlı, əynində kişi paltosu olan qadın yazıq-yazıq onun ağzına baxmağa
başladı. Kişi qadının ac olduğunu gözlərindən oxudu. Olanından bölüb “qonağına”
uzatdı. Qadın çörəyi iki əlli qapıb ağzına soxdu. Onlar yeyib qurtarandan sonra
bir-birinin üzünə baxdılar. Qadın günlərlə su dəyməyən çirkli əlini kişiyə
uzadıb: – Adım Rimadır – dedi.
–
Mənim də adım Əlləzdir, tanışlığa görə şadam.
Taleləri, tələbatları, səfillikləri biri-birinə uyğun olan kişi və
qadın özləri haqında danışdılar. Məlum oldu ki, onların ikisi də məhbus həyatı
yaşayıb. Əvf fərmanı hər ikisini azad etsə də, həyatın amansız girdabına
atmışdır. Rimanın heç kimi, heç nəyi yox idi. Əlləzin şəhər kənarında
uçuq-salxaq bir daxması vardı.Yavaş-yavaş hava qaraldığından onlar daha
mehriban olub sevgililər kimi yaxın oturdular. Nə qədər olmasa Rimanın qadın
cazibadarlığı qalmışdı. Əlləzin təklifi ilə onun evinə gəldilər. Uzaqdan müqəvva
qaraltısı kimi görünən bu tanışlar yuyundular. Köhnə-kürüş yorğanın altına
girib ər-arvad kimi yatdılar. Səhər tezdən Rima durub qadın əlini işə salaraq
komanı evə oxşatdı. Çirkli nə vardısa, vannaya doldurub yudu. Bir sözlə həm ev,
həm də nigahsız ailə özünə gəldi. Günlər
keçdi. Əlləz hərdən köhnə paltar geyinib dilənçilik etdi.
Ona rəhmi gəlib, yardım edənlər çox olduğundan axşamlar xeyli pul gətirərdi.
Sonralar bu “asan üsul”dan hər ikisi istifadə etdiyindən, özlərini əməlli-başlı
düzəltdilər. Bir ildən sonra Rima doğum evində bir oğlan dünyaya gətirdi. Əlləz
çox sevindi. Uşağın bir yaşı olanda həm Rima ilə nigaha girdi, həm də oğluna
yaş kağızı aldı. İki il belə yaşadılar. Əlləz tüfeyli həyat yaşamaqdan əl çəkib,
maşın yuma sexində işə düzəldi. Cüzi də olsa, evə maaş gətirdi. İki yaşı olanda
qəflətən xəstələnən uşaq dünyasını dəyişdi. Onu gizli bir yerdə torpağı qazıb
basdırdılar. Bir il də keçdi. Bir oğulları da dünyaya gəldi. Ona da rəsmi
qaydada doğum haqqında şəhadətnamə aldılar. Təsadüf nəticəsində bu uşaq da iki
yaşı tamam olmamış xəstələnib, dünyasını dəyişdi. Bir-birinin üzünə baxıb kədər
içində olduqları zaman Əlləz beynində planlar cızırdı. Bir gün o dedi:
– Rima, bilirsən nə var? Görünür, məhbus həyatı bizim hər ikimizin
iliyinə işləyib. Onsuz da Allah əməllərimizi bağışlamır. Sənə sözüm budur ki,
uşaqların yaş kağızını xəlvət bir yerdə gizlət, itməsin, sonra mənasını
açıqlaram.
İki ay keçməmiş Əlləz yaşadığı evini satıb şəhərdən aralı, gözdən-könüldən
uzaq bir yerdən yeni ev aldı. Və arvadına dedi:
– Rima, ölən uşaqlarımızın yaş kağızları və şəkilləri var. Hesab edək
ki, uşaqlarımız ölməmişlər. Hərəsinə oxşar bir uşaq oğurlayıb saxlayarıq. Plan
baş tutanda hər şeyi sənə açıqlaram. Ancaq bir şərtim var. Bu oğurluq işində sən
də mənə kömək etməlisən. Mən də qadın paltarı geyinərəm. Sən özünü qaraçıya bənzədər,
uşağımıza oxşar uşağı olan bir ananın falına baxmaq adı ilə başını qatarsan. Mən
fürsətdən istifadə edərək uşagı oğurlaram.
Əlləzinin planının sonrasından xəbərsiz Rima onun dediyi kimi sir-sifətini
bir az da qaraldıb, özünü qaraçıya oxşatdı. Onlar birlikdə həm dilənçilik etmək,
həm də fala baxmaq adı ilə “ova” çıxdılar. Uzun axtarışdan sonra bir yerdə həyətdən
kənarda oynaşan uşaqları gördülər. Rima oğluna bənzəyən uşağı görsədib dedi:
– Mən evə girib anasının başını qataram. Sən də dəsmala tökdüyün
bihuşdarını uşağın burnuna tutduqdan sonra çarşabın altına alıb aradan
çıxarsan.
Rima evin qapısını döymək istədi. Qapı açıq olduğundan:
– Ev yiyəsi, ev yiyəsi, Allah
adamıyam mənə bir içim su ver – dedi. Xalatının sinəsi açıq, saçları çiyninə tökülmüş
qadın əlində fincan dolu su ilə çıxanda gördü qaraçı arvadıdır. Əvvəl istədi
verməsin, ona yazığı gəldi. Qaraçı suyu qurtaqurtla içib, fincanı qaytaran
zaman dedi:
–
Ay gözəl gəlin, gəl sənin baxtına baxım.
–
Eh mənim nə baxım var ki, ona da baxasan.
– Yazıq bacım, sən düz yoldasan. Düşüncələrin gerçəkdir. Ərin özgə
qadınla əlbir olub, qazancını ona yedirdir. Sizi ac-susuz saxlayır. Hələ üstəlik
başqa bir qadının da onda gözü var. Aman, aman sizi fəlakətlər gözlədiyini
apaydın görürəm, – deyəndə qadın huşunu
itirdi. Vəziyyətdən istifadə edən Rima aradan çıxdı. Onların planı baş tutdu.
Uşağı öz oğullarının adı ilə Mahmud deyə çağırmağa başladılar. Əlləzin qurduğu
plana əsasən ikinci uşağa da əvəz tapmalı idilər. Mahmudu yedirdir-içirdir, özlərinə
uyğunlaşdırırdılar. Uşaq da pişik balası kimi “ata-anasının” sözünə baxırdı.
Artıq onlar ikinci uşağa da əvəz tapmış, onu da Əvəz adlandırmışdılar. Ata var,
ana var, sənəd var, sübut var. Əlləz bu evini də satıb, onu heç kəsin
tanımadığı bir yerə köçdü.
Hər iki uşaq – Mahmud və Əvəz böyüyüb dörd-beş yaşa çatmışdılar.
Tanınmaz olmuşdular. Rima hamam deyilən yerdə vanna qoyub Mahmudu çimizdirirdi.
Əlləz pıqha-pıqla qaynayan dolu çaydan əlində onların yanına gəldi. Yalandan
bir bəhanə tapıb, Rima ilə söz güləşdirdi. Guya hirsindən çaynikin lüləsini
uşağın sağ tərəfinə tutub suyu axıtdı. Vannada çimən Mahmud qaynar sudan göyərdi.
Demək olar ki, uşağın bir qolu, bir ayağı yanıb pörşələndi.
– Vay, vay, mən nə etdim? – deyə Əlləz qışqırdı və uşağı mələfəyə
büküb xəstəxanaya apardı. Həkimlər yazıq uşağı ölümdən qaytardılar. Bir neçə
aydan sonra evə buraxılan Mahmud tamamilə tanınmaz olmuşdu. Onun bir qolu
bükülmüş, bir ayağı da qısalmışdı. Yeriyəndə əcayib görkəm alırdı. Sifətinin
parası şırımlanmış, qulağı da yanaraq qızıl gül kimi bükülmüşdü. Əlləz əməlindən
sevinirdi. Ona görə ki, Mahmud dilənəndə ona tamaşa edən hər kəsi məyus
etdiyindən başından pul tökəcəkdilər. Əlləz Əvəzin də sifətində çapıqlar
qoymuş, qıçınınsa birini sındırıb eybəcər hala salmışdı. Heç cür tanınması
mümkün olmayan uşaqlar axşamacan küçələrdə dilənir, yığılan pulların hesabına
Əlləzlə Rima kef çəkirdilər. Əlləz vaxtı ilə qurduğu planın məğzini söyləyəndə
Rima təcüblənmədi. O, ərinin ürəyindəkiləri bir qaraçı kimi çoxdan oxumuşdu.
Günlərlə uşaqlar küçələrdən yığılmır, dilənib iki cinayətkarı
yedirdir, içirdir, özləri isə qarın dolusu çörək yemirdilər. Onları gələn
pullar o qədər qudurtmuşdu ki, hər ikisi hər gün lülqənbər olurdular.
Artıq uşaqlar böyümüşdülər. Mahmudun on dörd, Əvəzin on üç yaşı
vardı. Peşəkar dilənçi olmuşdular.
– Nəhayət, günlərin birində “yetiməm, baxanım yoxdur, Allah rizasına
çörək pulu verin” deyib, dilənərkən polislər tökülüşdülər. Mahmudla Əvəz hərəsi
bir tərəfə qaçıb canlarını qurtara bildilər. Bundan sonra daha əvvəlki kimi
“qazana” bilmədilər. Vəziyyət tamam dəyişdi. Küçələrdə əməlli-başlı qayda-qanun
yarandı. Bir nəfər də olsun dilənçi qalmadı. Əlləz məsələni öyrəndi. Doğurdan
da şəhər dilənçilərdən təmizlənmişdi. Əvəz orda-burda işləyir. qəpik-quruş
qazanırdı. Mahmud hələ özünə iş tapmamışdı. Çöl tərəfdə pəncərənin altında
otururdu. Birdən “ata-anasının” söhbətini eşitdi. Rima Əlləzə deyirdi:
–
Acından ölməmiş
bir iş tap, işlə.
–
Hələ də dəm olan Əlləz onun ağzını əydi:
– Öz balalarımızı öldürdün. İndi mən küçədən oğurladığımız uşaqlramı
baxmalıyam? Burax, gedib hərə öz başına çarə qılsın.
Rima bir az da hündürdən:
– Sən bu yazıqlarda çarə qılmağa halmı qoydun. Birini yandırdın, o birini də topal-şil elədin!
Əlləz yerindən sıçrayıb Rimanı döyməyə başladı.
Mahmud heç nə eşitməmiş kimi evdən aralandı. Artıq üstündən neçə il
keçib, kimə şikayət etmək olardı? Necə sübut edə bilərdi? Yaş kağızında da adı
və soyadı Hacıyev Mahmud Əlləz oğlu yazılıb.
Uzun düşüncələrdən sonra Mahmud Əvəzi də bu cinayətkarlardan xilas eləmək
qərarına gəldi. Teleknala üz tutdu. O, Əvəzi olanlardan agah etmişdi.
Teleaparıcı onları qəbul etdi. Mahmudla Əvəzin başına gələn müsibətləri öyrəndikdən
sonra xalqa müraciətini bildirdi:
– On üç-on dörd il bundan qabaq kimin uşağı oğurlanıbsa, itibsə xahiş
edirik, bizə müraciət etsinlər.
Əlləz televizoru açanda Mahmudla Əvəzi ekranda gördü. Aparıcının
müraciətini də eşitdi. Rima ilə hər ikisi elədikləri cinayətə görə bir də məhbəsə
düşəcəklərindən qorxdular. Tələsik otaqdan çıxan Əlləzin hara getməsi Rimaya məlum
olmadı. Sonradan o biri otağa keçəndə gördüyünə inanmadı. Əlləz özünü asmışdı.
Qorxudan yerində donub qaldı. Nə etdiyini özü də anlamadan yerini bildiyi neftlə
dolu lampanı evə səpələyib, od vurdu. Şiddətli alovun içində Rima, özünü iplə
asdı. Ər-arvadın hər ikisi yanıb kül oldu.
Cəmilə
ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az