
Üz-üzə olan iki evi aralarından axan çay ayırırdı.
Evlərdən birində Ziya, o birində isə Qəmər yaşayırdı. Onlar axşamlar heç kəsin
ağlına gələ bilməyən bir üsulla görüşürdülər. Ziya eyvanda oturub, Qəmərə baxan
zaman hər iki eyvanda işıqlar dənizçi mayakı kimi, gah sönər, gah da yanardı.
Bu görüşün uzun çəkməsinə də ehtiyac yox idi. Bircə
dəfə Ziyanın böyüklərinin Qəmərin ailəsinə elçi gedib, qızı Ziya üçün istəməsi
kifayət edərdi. Bu elçilik kənddə əhlinin
hamısının ürəyindən olardı. Axırda hamının dediyi, istədiyi oldu. Ziyanın
qohumları Qəmərin elçiliyinə gedərək, onları nişanladılar. Bir qız, bir
oğlanındı məsəli həyata keçdi – Qəmər Ziyanın oldu. Bu andan etibarən iki qonşu
evdə işıqlar səhərə kimi yandı. Hər iki gənc evlənəcəkləri günü gözləyirdi.
Vaxt tapıb, dərədə-təpədə, bulaq başında görüşən zaman Qəmər Ziyanı tələsdirdi.
Artıq səbrim qalmayıb, istəyirəm toyumuz tezliklə olsun – deyib, qoşa hörüyünü əlləri
arasında oynadır, qara qaşları altından gözlərini süzdürürdü. Ziya isə günahkar
kimi deyirdi:
– Əzizim, bilirsən ki, çoxuşaqlı ailəyik. Hələ toy
etmək, gəlin gətirmək imkanımız yoxdur. Məni gözlə, gedim şəhərdən işləyim, ev
alım, sonra toy edək.
Belə qısa görüşlərdə Ziya da əziyyət çəkirdi.
Sonuncu görüşdən sonra o, şəhərə getdi. Az müddətə ucuzvari bir ev tapıb aldı.
Sevincindən təcili kəndə qayıtdı ki, sevgilisini sevindirsin. Ziya kəndə
çatanda gördü adamlar xısın-xısın danışır, arabir dönüb Ziyaya baxırlar. Evlərinə
tələsdi. Anası eyvanda oturub sanki Ziyanı gözləyirdi. Xoş-beşdən sonra Ziya
gördü anası qaşqabaq içindədi.
– Can ana, şəhərdən
ev də aldım. Sevinmək əvəzinə niyə qaşqabağını tökürsən? – deyəndə anası suala
sualla cavab verdi:
–
Oğul,
sən o evdə kiminlə yaşayacaqsan?
–
Necə
yəni kiminlə?! Nişanlımla evlənəndən sonra köçüb, o evdə yaşayacağıq – dedi.
– Görüm sənin nişanlının üzünü mürdəşir yusun! Belə
bəxti qara olsun! Xoş gün görməsin!
–
Ana,
ana, dayan görüm. Qız sənə nə edib ki, ona qarğış yağdırırsan?
– Əcəb eləyirəm?! Bu qarğışlar hələ onun üçün
azdır! Qancıq tanımadığımızın birinə qoşulub qaçıb.
–
Necə
yəni qaçıb?!
–
Qaçmaq
necə olur! Oğlan onu qoltuğuna vurub, tıpış-tıpış aradan çıxıb.
Xəbər Ziyanı sarsıtdı. Dünya başına fırlandı.
Aldığı ev sanki başına uçdu. Qurduğu xəyallar alt-üst oldu. Havalı kimi başını
götürüb doğulduğu kənddən də, doğma vətənindən də ilim-ilim itdi... Daha iki
qonşu evin eyvanında işıqlar qoşa yanmadı. Qəməri götürüb qaçan oğlan qızı şəhərə
gətirmişdi. Rəşid adlı gəncin gecəqondu məhlələrin birində darısqal bir otağı
vardı. O, Qəmərlə ata tərəfdən qohum idi. Qızın nişanlısını atıb belə tez ər
tapmasının səbəbi çoxlarına məlum olmasa da onun kimi gənc qızlara məlum idi.
Yalnız qızlar bilirlər ki, yetişmiş almanı ağac başında saxlamaq mümkünsüzdür.
Alma yerə düşən kimi ayı da olsa, onu qapıb yeməlidir.
Rəşid sürücü işləyirdi. Yuk maşını sürürdü. Elə
qızı da yük maşını ilə qaçırmışdı.
İllər ötüb-keçmişdi. Qəmərgilin yaşayışları, güzəranları
olduqca çətinləşmişdi. Dalbadal dünyaya gətirdikləri beş övladın əyin-başı,
yeyib-içməyi xeyli xərc tələb edirdi. Rəşid ailənin tələbatını ödəmək üçün
özünü oda-közə vururub, gecə-gündüz çalışsa da, çox kasıb yaşayırdılar. O,
tez-tez rayonlara gedir, yük aparır, yük gətirirdi. Bəzən maşına vurulan yük o
qədər ağır olurdu ki, “yazıq” maşın zorla hərəkət edirdi.
Qaranlıq bir gecə idi. Üstəlik maşının qabaq
işıqları da əzilmiş olduğundan, Rəşid yola çıxan inək və camışları görmədi.
Heyvanlar təkərlərin altında qaldığından maşın aşaraq, dərəyə yuvarlandı. Rəşid
bax, beləcə həlak oldu. Qəmər qəm-qüssə içində qaldı. Məcbur olub, gecə növbəsində
işə düzəldi. Uşaqlar da hələ həddi-buluğa çatmamışdılar. Qəmər artıq əvvəlki Qəmər
deyildi. Tək qalmaq onu üzürdü. Hərdən eyvanda işıq yandırması, Ziyaya eşq-məhəbbət
oxuduğu günlər yadına düşürdü. Üzə vurmasa da, için-için ağlayıb, ilk məhəbbətinə
etdiyi xəyanətdən üşüyürdü: – Yazıq Ziyanın nə günahı vardı. Mən onu oda
saldım. Görəsən indi haradadır? – deyə düşünüb, köks ötürür, göz yaşları
tökürdü.
Qəmər Ziyanın hirsindən, vətəni tərk edib, Rusiyaya
getməsini eşitmişdi...
Zeynəb Xanlarovanın oxuduğu bir mahnını xatırladı:
İndi xoşbəxsən, ya bədbəxt bilmirəm,
Sən mənimlə daha xoşbəxt olmalıydin,
olmadın.
Ziyanın məhəbbətinə xəyanət eləməsini özünə
bağışlamırdı. Ziya isə kənddən o gedən getmişdi. Sibirdə hansısa bir şəhərdə işə
düzəlib işləyirdi. Başqa yerlərə nisbətən bu şəhərdə yaşamaq çətin olsa da, əmək
haqqı yüksək idi. Canla-başla işlədiyindən tez bir zamanda Ziya hörmət qazandı.
Bacarıqlı işci olduğu üçün on, on beş adamdan ibarət briqadaya başçı qoyuldu.
Elə həmin idarədə işləyən Zina ilə tanış olduqdan iki ay sonra onunla evləndi.
Ziya yavaş-yavaş köhnə yarasını unudur, arvadı ilə xöşbəxt ömür sürürdü. Amma nə
qədər olmasa yenə hərdən Qəmər gözləri önünə gəlir, boynunda iki əli ilə
tutduğu güllü şalı yelləyə-yelləyə Ziyanın gözləri qarşısında xəyalən rəqs
edirdi.
Deyirlər, ilk məhəbbəti unutmaq olmur. Onu da
deyirlər ki, hər bir oğlanın ilk sevgisi özgənin evində yaşayır. Elə ki,
Ziyanın Zinadan bir oğlu, bir qızı oldu, O, özünə söz verdi ki, daha Qəmər
haqqında düşünməyəcək...
Ərinin ölümü Qəməri tamamilə üzmüşdü. Uşaqları təkbaşına
böyütmək çox çətin olduğundan özünü itirmişdi. Hər kəsin bir talismanı, onu
qoruyan, dadına çatan bir qüvvəsi var. Qəmər də elə zənn edir di ki, günlərin
birində Ziya qapıdan girib gülər üzlə deyəcək:
– Qəmər, sən mənim ilk məhəbbətimsən. Nə olub,
olub, gəl yenidən birlikdə olaq. Yaxşı gündə də, pis gündə də bir-birimizin
qayğısını çəkək.
Daha, bədbəxt Qəmərin xəbəri yox idi ki, Ziyanın
normal ailəsi, həyat yoldaşı, gül kimi balaları var.
Qışın soyuq günlərindən biri idi. Güclü əsən şimal
küləyi yağışın suyunu adamın üzünə çırpırdı. İki addımlıqda qabağı görmək
olmurdu. Qəmər enli asfalt yolu keçib, evinə getməli idi. Şütüyüb keçən
maşınlar gölməçələnən suyu təkərləri boyunca qaldırır, keçmək istəyən adamlara
mane olurdu. Üz-gözünü su keçirməyən dəsmalla bağlayan Qəmər ona yaxınlaşan
maşını görmədi. Sürətlə gələn avtomobil beş uşaq anasını vurub, yerlə-yeksan elədi.
Yuvada ac olan balalarına yem gətirən quşun ovçu gülləsinə tuş gəldiyi kimi, Qəmərin
həyatı burda söndü. Bəxti qara gəldi. Canından xeyir görmədi. Üzünü mürdəşir
yudu. Bir ana ona bu cür qarğışlar eləmişdi. Həmin qarğışlar tutdu Qəməri. Necə
qarğamayaydı axı, ananın xonçaları bağlı qaldı. Üzü gülmədi. Qapıbir qonşusu ilə
ömürlük düşmən oldu. Oğlu başını götürüb itdi bu dünyadan.
Ziya Zina ilə qurduğu ailədə də xoşbəxt olmadı. İş
yerində işçisinin həyatını təhlükədən qurtaran Ziya sağ ayağını itirdi. Onu təcili
yardım maşınla mərkəzi xəstəxanaya çatdırdılar.
Həmin gündən Zinanın Zinalara məxsus tələbləri
başladı. Onlar Qafqazlı ilə evləndikləri ilk gündən özlərini elə göstərirlər
ki, möhkəm sevirlər. O vaxta qədər ki ərin sağlığı, pulu sənəti işi olur, təmtəraqlı
ev qurur, ən əsas, övladı dünyaya gəlir... Bunlar yerbəyer olandan sonra kişini
burunlayırlar. Ona görə ki, alimenti, evi, uşağı ərin əlindən alandan sonra istədikləri
kimi yaşamaq hüququ qazanacaqlar. Bu əhvalat Ziyanın da başına gəldi. Naəlac
qalıb, vətəninə döndü. Qəmərin, artıq bu dünyada yaşamadığını öyrəndi. Nəhayət
saqqalına dən düşən Ziya bir vətən qızı ilə yenidən ailə qurdu. İndi onun orta
məktəbdə oxuyan iki oğul balası böyüyür.
Cəmilə
ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az