Məcburi köçkünlərin hüquqlarında inzibati ziddiyyətlər: I dərəcəli əlil Səməndər İsbəndiyarovun işi sistemli problemi üzə çıxarır – deputat Mircəlil Qasımlıya açıq çağırış 

Məcburi köçkünlərin hüquqlarında inzibati ziddiyyətlər: I dərəcəli əlil Səməndər İsbəndiyarovun işi sistemli problemi üzə çıxarır – deputat Mircəlil Qasımlıya açıq çağırış 
Yazarlar 16 Aprel 2026 - 10:00
1993-cü ildə baş vermiş Birinci Qarabağ müharibəsi nəticəsində minlərlə Azərbaycan ailəsi kimi bizim ailə də doğma yurdundan didərgin düşərək Bakı şəhərində məskunlaşmışdır. O vaxtdan bu günə qədər məcburi köçkün statusumuz dövlət tərəfindən tanınmış, müvafiq vəsiqələr verilmiş və hər il aidiyyəti qurum tərəfindən təsdiqlənmişdir.

Lakin 2026-cı ildə baş verən bir hadisə göstərdi ki, illərlə formalaşmış bu sistemdə ciddi hüquqi və inzibati ziddiyyətlər mövcuddur.
Məsələ ondan ibarətdir ki, ailə üzvlərimizin məcburi köçkün vəsiqələrinin bütün səhifələri dolduğuna görə, Sabunçu rayonunda fəaliyyət göstərən məcburi köçkünlər sektorunun göstərişi ilə vəsiqələrin yenilənməsi üçün sənədlərimizi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim etdik.
Bu mərhələdə problem ailə üzvümüz – 02.02.1976-cı il təvəllüdlü, uşaqlıqdan I dərəcəli əlil, fəaliyyət qabiliyyətsiz və kənar şəxslərin daimi qulluğuna ehtiyacı olan qardaşım Səməndər İsbəndiyarov ilə bağlı yarandı.
Səməndərin vəziyyəti ilə bağlı bütün hüquqi sənədlər mövcuddur:
- onun I dərəcəli əlilliyi rəsmi tibbi sənədlərlə təsdiqlənib;
- fəaliyyət qabiliyyətsizliyi məhkəmə qətnaməsi ilə müəyyən olunub;
- mənim qəyyumluğum icra hakimiyyətinin sərəncamı ilə rəsmiləşdirilib;
- o, illərdir dövlət tərəfindən məcburi köçkün kimi sosial ödəniş alır.
Buna baxmayaraq, Komitə əməkdaşları sənədləri qəbul etməkdən imtina edərək əsas kimi onun hərbi biletində 02.02.1994-cü il tarixi ilə bağlı qeyd və möhürün olmamasını göstərdilər. Halbuki söhbət hərbi xidmətə yararlı olmayan, uşaqlıqdan ağır əlil olan bir şəxsdən gedir. Bu faktın özü belə göstərir ki, təqdim olunan arqument hüquqi məntiqdən uzaqdır.
Mən məsələni izah edərək Səməndərin uşaqlıqdan fəaliyyət qabiliyyətsiz olduğunu təsdiqləyən sənədlərin əslini təqdim etsəm də, Komitə əməkdaşları bu sənədlərin “onlara lazım olmadığını” bildirərək məni Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kəlbəcər bölməsindən arayış almağa yönləndirdilər.
Tələb olunan arayışı əldə edib yenidən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi-nə təqdim etdikdə isə, bu dəfə arayışda məhz 02.02.1994-cü il tarixinin “dəqiq formada qeyd olunmadığı” bəhanəsi ilə sənədlər yenidən geri qaytarıldı və açıq şəkildə bildirildi ki, bu səbəbdən Səməndərə məcburi köçkün vəsiqəsi verilməyəcək.
Burada artıq hüquqi ziddiyyət açıq şəkildə görünür: bir tərəfdən məhkəmə qətnaməsi, əlillik statusu və dövlət tərəfindən verilən sosial təminatlar tanınır, digər tərəfdən isə texniki xarakterli hərbi qeyd əsas gətirilərək həmin şəxsin fundamental hüququ – məcburi köçkün statusunun rəsmiləşdirilməsi inkar olunur.
Daha narahatedici məqam isə Komitədə çalışan bəzi əməkdaşların qeyri-rəsmi formada “müvafiq şəxslərlə razılaşmağın” tövsiyə olunması idi. Bu cür yanaşma dövlət idarəçiliyində şəffaflıq və qanunçuluq prinsiplərinə zidd olmaqla yanaşı, vətəndaşın hüquqi müdafiə imkanlarını da kölgə altına alır.
Məsələ ilə bağlı aidiyyəti şöbənin rəhbəri Sənən Hüseynov ilə əlaqə saxladım, sənədləri təqdim etdim, lakin mənə bildirildi ki, qərar aşağı səviyyəli əməkdaşların cavabları ilə müəyyən olunur.
Son çarə olaraq Komitə sədrinin müavini Fuad Hüseynov ilə əlaqə saxlamağa çalışdım. Telefon zənglərim cavabsız qaldığından ona mesaj vasitəsilə vəziyyəti bütün detalları ilə izah etdim: qardaşımın ağır vəziyyətini, onun gündəlik həyatını belə kənar kömək olmadan davam etdirə bilmədiyini, hüquqi sənədlərin tamlığını və tələbimin yalnız qanuni haqqın təmin olunması olduğunu bildirdim. Təəssüf ki, bu müraciət də cavabsız qaldı.
Hazırda mən rəsmi qəbul üçün qeydiyyatdan keçmişəm və məsələni birbaşa rəhbərlik səviyyəsində qaldırmağa çalışıram.
Lakin bu problem artıq tək bir ailənin problemi deyil. Bu, sistemli yanaşma probleminin göstəricisidir. Çünki hüquqi savadı və imkanı məhdud olan yüzlərlə məcburi köçkün ailəsi bu cür hallarda öz haqqını tələb etmək imkanından məhrum olur.
Azərbaycan Respublikasının Konstitusiyası və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanun açıq şəkildə göstərir ki, bu kateqoriyadan olan şəxslərin hüquqları dövlət tərəfindən təmin edilməli, inzibati prosedurlar isə onların vəziyyətini ağırlaşdırmamalıdır.
Bu baxımdan Milli Məclisin üzvü Mircəlil Qasımlıya müraciət edərək aşağıdakı məsələlərin nəzarətə götürülməsini xahiş edirəm:
- Səməndər İsbəndiyarovun işi üzrə yaranmış hüquqi ziddiyyətin araşdırılması;
- I dərəcəli əlilliyi olan məcburi köçkünlərin hüquqlarının qorunması üçün Komitəyə konkret tapşırıqların verilməsi;
- inzibati qərarların insan amili və sosial ədalət prinsipləri əsasında yenidən qiymətləndirilməsi;
- vətəndaşların incidilmədən, əlavə maneələr yaradılmadan hüquqlarının təmin olunması.
İllərlə köçkünlük həyatı yaşamış, onsuz da ağır sosial və psixoloji yük daşıyan ailələrin bu cür bürokratik maneələrlə üzləşməsi nə hüquqa, nə də ədalətə sığır.
Bu məsələ öz həllini tapmalıdır – qanun çərçivəsində, ədalətli və insan ləyaqətinə uyğun şəkildə.
Cəmilə ÇİÇƏK

Tədqiqatçı-jurnalist,

Zekainfo.az saytının baş redaktoru
reklamlar

Digər xəbərlər