Cəmiyyət
14:37, 09 May 2026
İnsan ömründə elə anlar olur ki, illərlə çəkilən ağrılar, içində susdurduğun həsrətlər, gecələrin səssiz duaları bir anda işığa çevrilir. 2014–2017-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunda doktorantura təhsili aldığım dövrdə test üsulu ilə keçirilən bütün imtahanlardan — ingilis dili, fəlsəfə və ixtisasım olan folklorşünaslıq fənlərindən 5 “əla” qiyməti almağım mənim üçün sadəcə akademik uğur deyildi. Bu, kiçik yaşlarımdan anasız böyüyən bir qızın illərlə içində daşıdığı səssiz mübarizənin, göz yaşlarının, sınmayan iradəsinin mənəvi zəfəri idi.
AMEA-da doktorantlarla keçirilən mövzu müzakirəsi zamanı böyük lövhədə doktorantların adları, dissertasiya mövzuları və verdikləri imtahanların nəticələri nümayiş etdirilirdi. Növbə mənə çatanda lövhədə öz adımı, imtahanlarımın qarşısında yazılmış “İngilis dili – 5”, “Fəlsəfə – 5”, “İxtisas — folklorşünaslıq – 5” və sonda böyük qürurla yazılmış “15” rəqəmini gördüyüm an ürəyimdən qəribə bir sızıltı keçdi. Həmin an sevinc və nisgil bir-birinə qarışdı. Sanki illərin ağrısı bir anlıq dayanıb mənə baxdı. O lövhə qarşısında təkcə mən dayanmadım… Mənə elə gəldi ki, kiçik yaşlarımda məni cismən tərk edib göylərə uçan anam da oradaydı.
Bir anlıq anamın gülümsədiyini hiss etdim. Sanki başı ilə sevincimə şərik olurdu. O baxışları, o duyğunu sözlə ifadə etmək çox çətindir. Çünki bəzi hisslər danışılmır, sadəcə yaşanır. Mən o gün anlayırdım ki, insan yalnız uğura doğru getdikcə zəhmətin necə müqəddəs hiss olduğunu dərk edir. Anamın illər öncə mənə söylədiyi arzuları həyata keçirməyə çalışmışam, bu gün də çalışıram və çalışacağam. Amma bir həqiqət var ki, bunu sənsiz yaşamaq çox ağırdır, anam… Ağır olduğu qədər də şirindir. Yetər ki, ruhunun sevindiyini hiss edim. Yetər ki, o müqəddəs ruhun mənimlə qürur duysun.
Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda “İnformatika” fənni üzrə doktorluq imtahanı vermək mənim üçün sadəcə növbəti akademik mərhələ deyildi. Folklorşünaslıq sahəsində çalışan bir doktorant üçün tamamilə fərqli istiqamətdə — dəqiq düşüncə, məntiqi analiz və yüksək elmi hazırlıq tələb edən informatika sahəsindən imtahan vermək olduqca məsuliyyətli və mürəkkəb bir sınaq idi. Xüsusilə də bu elm ocağına Azərbaycanın tanınmış alimlərindən biri, ciddi elmi-intizam prinsipləri ilə seçilən akademik Rasim Əliquliyev rəhbərlik edirdi. Belə bir mühitdə “əla” qiymət almaq təkcə biliyin deyil, iradənin, cəsarətin və özünə inamın göstəricisi idi.
O illərdə anlayırdım ki, insan yalnız öz sahəsində deyil, fərqli istiqamətlərdə də düşünməyi və öyrənməyi bacarmalıdır. Çünki elm sərhəd tanımır. Folklorun mənə verdiyi mənəvi dərinliklə informatikanın tələb etdiyi məntiqi dəqiqliyi bir araya gətirmək ilk baxışda mümkünsüz görünə bilərdi. Lakin həyat mənə öyrətmişdi ki, insanın qarşısına çıxan ən çətin baryerlər bəzən onun ruhunu daha da möhkəmləndirmək üçün yaranır. Mən o baryeri keçərkən sadəcə imtahan vermirdim — illərlə içimdə böyütdüyüm “bacararam” inamını sübut edirdim.
Bəzən bir insanın aldığı qiymətin arxasında görünməyən böyük bir həyat dayanır. Gecələr, yorğunluqlar, daxili savaşlar, itkilər və heç kimə söylənməyən ağrılar… Mənim üçün həmin “5” qiyməti sadəcə rəqəm deyildi. O rəqəmin içində uşaqlıq nisgilim, anamın həsrəti, həyata inadla tutunmağım və ruhən sınmamağım vardı. Buna görə də o sənədə hər baxanda təkcə akademik nəticə görmürəm. Orada insan iradəsinin səssiz qalibiyyətini görürəm.
Çiçək anam… Adın kimi ömrümə çiçək ətri bəxş edən gözəl anam… Kiçik yaşlarımda məni həsrətində qoyub getsən də, duaların, arzuların və mənə aşıladığın inam bu gün də yoluma işıq tutur. Bilirəm ki, haradasa göylərin sonsuzluğunda məni izləyir, uğurlarımla sevinirsən. Ruhun şad olsun, gözəl anam….