
Sonuncu kursda oxuyurdum. Unverisidetdən çıxanda tələbə
təqaüdümü alıb Akademiyanın bağında ağacların kölgəsində oturacaqda əyləşdim.
Pulun çox hissəsini Məmməd Arazın çantdamda gəzdirdiyim şeirlər kitabının
arasına, qalanını da pul kisəsində ağzı düyməli, enlı çantama qoydum. Kölgəlik
olsa belə, istidən bağda oturmaq mümkün deyildi. Adamların çoxu yol kənarında çətir
altında dayanan su satanı dövrəyə almışdı. İstədim su alım, amma fikrimdən
daşınıb sürətli addımlarla “Elmlər Akademiyası” metrostansiyasının qarşısına gəldim.
Girişdə olanlar üst geyimləri qolları üstündə, çantalarının qayışını çiyinlərinə
aşıraraq surətlə aşağıya doğru hərəkət edirdilər.
Üzü aşağı enən eskalator hərəkəti nizamlayırdı.
Aşağıda həddindən çox adam vardı. Çətinliklə inkan tapıb vaqonların qapıları
açılacaq xətdə dayana bildim. Qatar qışqır-bağırla gəlib dayandı. Qapılar
taybatay açıldı, vaqondan çıxmaq istəyənlər belə çıxmağa macal tapmamış, əksəriyyəti
cavanlar, tələbələr olan insan dalğası qatara minmək istəyənləri arxadan içəriyə
itələyirdilər.
Qapının yanında dayanan cüssəli bir oğlan qolumdan
tutdu və məni özünə doğru çəkdi. Məndən sonra gələnlərin hərəsi bir tərəfə dəydi.
Səs-küyün qışqır-bağırın qalxmasına baxmayaraq, qapılar bağlandı. Qatar tərpəndi. Özümdən asılı olmayaraq xilaskarım
olan oğlanın qolları arasında sıxılmış vəziyyətdə qalmışdım. Utansam da
dartınmağın, çəkinməyin yeri deyildi. Yazıq bir göyərçin kimi qartal qanadlı
oğlanın sinəsinə sıxılıb, başımı aşağı salaraq dinməz dayanmışdım. Birdən özümdə
təpər taparaq qaşlarımı yuxarı dartıb, kipriyimin altından oğlana baxdım. Sanki
qatara mindiyimiz andan bu oğlan gözlərini qırpmadan mənə baxırmış. Qalın qara
qaşlı, zəhmli gənc gözümün içinə baxa-baxa sol əli ilə məni qucaqlamışdı.
Sıxlıqdan daha “səmərəli” istifadə edərək əlini belimə qoyub, barmaqları ilə
özünə doğru sıxırdı. İstəsəm də, istəməsəm də, tabe olmağa məcbur idim.
Oğlanın hündür boyuna, üzünün qız sifəti kimi göyçəkliyinə,
şax ütülənmiş ağ rəngli köynəyinə, qalstukuna diqqət yetirdim. Getdikcə onun həniri
bağrımı çatladır, ətli sinəmi yandırırdı.
Duyğulara qapıldım. Həyatda nə oğlan, nə də qız, kimsə bilməz ki, onun taleyinə
yazılan əsl məhəbbət nə vaxt, harada və hansı şəraitdə gələ bilər. Məhəbbətin gəlməyi
üçün yer-yurd önəmli deyil. Qızılquş qəfil şığıyıb şikarını caynaqlarına alan
kimi, məhəbbət də gələndə xəbərsiz-ətərsiz gəlir.
Neynəməliyəm?.. İndiyədək bütün həyatımı oxumağa, təhsilə
bağlamışam. Yalançı sevgilərdən uzaq olmuşam. Düşünmüşəm ki, artıq mənə layiq
bir oğlan rast gələrsə, “hə” cavabımı əsirgəmərəm.
Yaşlı, ailəli adamlar, həmişə “məhəbbətin gözü kor
olur” deyirlər. Bəlkə də bu cür yaxşıdır. Oğul ona deyirəm, elə gözüyumulu
halda gələcək taleyini bağlayacağı birini seçə bilsin. Qurduğum bu xəyal sarayında
qatarın qəfil dayanması sanki məni yuxudan ayıltdı. Yenə oğlanın qolları
arasında idim. Öz yuvasını tapmış quşcuğaz kimi sığınmışdım köksünə. Qatarın
necə getdiyini, harda dayandığını, hiss eləmədim. Hələ də vaqonun içərisində
adamlar bir-birinə sıxılmış vəziyyətdə idilər. “Gənclik” stansiyası elan
olundu. Vaqon boşalmağa başladı. Artıq mən də qara qaşlı oğlanın qolları
arasından xilas oldum. Qəribə bir mənzərə yarandı. Gözümün içinə baxa-baxa
oğlan durduğu yerdən aralanıb, vaqondan çıxdı. Mənim üçün bir qədər uzanan
vaxtda kəlmə belə kəsməyən, telofon nömrəsi verməyən cavan sürətli addımlarla
gözlərimin önündən bir anda itib yox oldu.
Saplağından üzülüb yerə düşən nar kimi partlayıb
yerə səpələndi qurduğum xəyallar. Sən getdin elə bil, dünyam boş qaldı – deyə
özümə təssəlli verdim. Bəlkə məni sınayır. Yəqin sonrakı günlərdə mindiyim
vaqonun qapısı ağzında eyni vaxtda yenə məni gözləyəcək. Əlində sevgi dolu gül
dəstəsi gələcək.
Adətim üzrə “Qara Qarayev” stansiyasında düşdüm. Hələ
də özümdə olmadığıma görə metronun içərisindəki boş skamyada oturdum. Düşdüyüm
hal ürəyimi göynədirdi. Ayaqlarım tutulmuşdu. Bir az özümə təsəllü verib, təskinlik
tapandan sonra metrodan çıxdım. Su satana yaxınlaşıb su almaq istədim. Pulu
vermək üçün çantamı açdım. İçərisindəki pul kisəsi yox idi. Kitabı araladım.
Pullar yerində idi. Amma pul kisəsi yoxa çıxmışdı. Elə bil, başıma bir qazan
qaynar su tökdülər. Aldığım suyu qaytardım... Düşündüm... Axı məni oğlan elə
xilas etdi ki, çantama cibgirin girməsi mümkün deyildi. Demək, qara gözlü oğlan
özü sol əli ilə məni köksünə sıxdığı halda, sağ əlilə çantama səyahətə
çıxıbmış...
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az