
Telli bir il əvvəl şəhərə gəlmişdi,
günlərin bir günü sağ böyrü küt ağrıdığı üçün həkimə müraciət etdi və
müayinədən zamanı məlum oldu ki, onun öd kisəsində bildirçin yumurtası
böyüklükdə daş var. Hələlik o qədər qorxulu deyil. Həkim tapşırdı ki, əgər bir
də ağrı verən sancmalar olarsa, gələrsiniz, əməliyyat edib, daşı çıxararıq.
O vaxtdan xeyli keçmişdi. Pəhriz saxlamağı bacarmayan Telli şoraba
yediyindən ağrı baş qaldırdı. Famil məsələnin nə yerdə olduğunu bildiyindən
axşamüstü olsa da maşını hazırladı. Lazımi əşyaları, pal-paltarı, termosu
maşına yığdı. Ağrıdan inildəyən, sinəsini tutan Tellini maşına oturdub yola
düşdü. Evdən aralananda Telli başını ərinə sarı döndərib:
–
Qız tək qaldı, axırı necə olacaq? – dedi.
– Ay qız, canının hayına qal. Uşaq deyil. Allaha şükür, nişanlı
qızdı. Qoy hər şeyə öyrəşsin. Elə həmişəlik ana uşağı olmayacaq ki? Bir də dağ
boyda əmisi evdədi. Narahat olmağa heç bir əssas yoxdu.
Həmzə Familin doğma qardaşı idi. Ata-anaları
dünyasını dəyişəndən sonra köhnə evi söküb, təzə ev tikmişdilər. Uzun eyvanı
olan ev şərti olaraq iki yerə bölünmüşdü. Birində Famil ailəsi ilə birlikdə
qalırdı. Familin bir oğlu, bir qızı
vardı. Oğlu Kamal əsgərlikdə idi. Deyilənə görə, ermənilərlə sərhəddə – Murov
dağında qulluq edirdi. Qızı Dilbər orta məktəbi bitirdikdən sonra nişanlandığı
üçün ali təhsil almaq fikirindən daşınmışdı. Nişanlısı qonşu kənddə müəllim işləyirdi.
Unversiteti bitirən kimi təyinatını öz kəndlərinə vermişdilər. Familin ailəsi
ilə uzaqdan-uzağa qohumluğu çatırdı. O ki, qaldı Həmzəyə. Həmzə bir neçə il
Rusiyada fırlandı. Gah işlədi, gah işləmədi. Dələduz hərəkətlərinə görə onu öz
vətəninə çıxdaş etmişdilər. Bir məzhəbə qulluq eləməyi bacarmayan Həmzə
qardaşıgildə yeyib-içir, yatmağa isə payına düşən otağa gedirdi.
Həmzə bilirdi ki, qardaşı arvadı ilə axşamdan
paytaxta getmişdir. Sərbəst həyat tərzi yaşayan Həmzə günün birinci yarısında kənddə
qalan sinif yoldaşları ilə oturub-durar, dəmlənər, gününü eyş – işrətdə keçirərdi.
Elə bir işi olmayan Dilbər əvvəlcə darıxdı.
Telefonla ata-anası ilə əlaqə saxladı. Həkimin anasını qəbul etməsi, əməliyyata
hazırlaması hər şeyin yaxşı olacağından xəbər verirdi. Odur ki, arxayınlaşıb,
hamama getdi. Şampunlanıb vannaya girdi. Nişanlısını gözləri qarşısına gətirdi.
“Elə qəmli dayanma” mahnısını zümzümə etdi. Qızın çimməsi xeyli çəkdi. Sonra
Dilbər nişan xalatına bürünüb yataq otağına gəldi. Yaş saçını quruladı.
“Nidelka”nı zorla da olsa, ayağından keçirdib qarnına doğru dartdı. Elə-beləcə
də yatağa uzandı. Bu ilmi ölübsən, bildirmi? Qızı yuxu elə apardı ki, özündən xəbəri
olmadı.
Adəti üzrə Həmzə səndirləyə-səndirləyə evə doğru irəlləyirdi.
Dostları ilə içdiyi tut arağı ona harda olmasını unutdururdu. Evin
darvazasından içəri keçdi. Sürahıdan tuta-tuta pilləkənə doğru qalxdı. Artıq o,
eyvanda idi. Sola, öz otağına getmək əvəzinə, çaşıb sağa getdi. Qapını cin kimi
elə səssiz açdı ki, evdə oyaq adam olsa belə, heç nə eşidə bilməzdi. Arakəsmə pəncərədən
boylandı. Bu qapı da açıq idi. Keçib qapının ağzında duranda, gördüyü mənzərə
yerdə qalan ağlını başından alıb, onu lap dəli elədi. Dilbərin əyninə geydiyi
güllü xalat açılmış, qızın qıçları, bədəni on dörd gecəlik ay kimi şəfəq
saçırdı. Dolu-ətli baldırları, sinəsində bir cüt nar kimi dəvərən döşləri,
çiynini, qollarını qucan kəhrəba rəngli saçları Həmzəni maqnit dalğası kimi çəkdi.
O, sanki qızın kim olduğunu belə unutdu. Şikarını tapmış ac aslan kimi qızın
üstünə atıldı...
İldırım çaxdı... Göy guruldadı... Dənizin dalğası
şahə qalxdı. Sanki kiçicik bir qızıl gül kolu qızmış bir nərin ayaqları altında
qalıb tapdalandı. Dənizin dalğaları al-qana qərq odu...
Artıq iş-işdən keçəndən sonra hələ də nə baş
verdiyini ağlına belə gətirə bilməyən Dilbər ayılıb, bu yırtıcının qolları
arasından xilas olanda dostdoğma əmisi Həmzəni yatağında gördü. Həmzə gözləri
yumulu halda donuz kimi fısıldayırdı.
Həyatının, taleyinin, gələcəyinin puç olduğunu
handan-hana anlayan Dilbər nə edəcəyini bilmədi. Onu boğan qəhərdən elə bir güc
gəldi ki, dırnaqları ilə Həmzənin üz-gözünü şırımladı. Qışqırığa, sifətindən
axan qanın acısına Həmzə dik hoppandı.
Dilbəri al-qan içərisində görəndə qışqırdı:
–
Dilbər, bu nə haldır? Səni kim bu günə salıb?
Dilbər hönkürtü ilə ağladı.
– Hələ bir utanmadan soruşursan da! İnsan da Allahın qanununu
pozarmı? Atama-anama nə deyəcəyəm?! Bir aydan sonra mənim toyumdu. Ər evinə köçəndə
nişanlım əlini mənə vuranda, soruşmayacaqmı ki, hanı sənin bakirəliyin? Onda mən ölmüş nə deyəcəyəm. Nə cavab verəcəyəm?
Valideyinlərim sənə arxayın olub, məni tək buraxdılar. Ay Allah, bu dünyada kimə
etibar edəsən? Kimə inanasan?!
Həmzə ayılmışdı. İçkinin təsiri də yox olmuşdu. Hələ də onu yoldan
çıxaran şeytana necə uyduğunu anlamırdı. Dilbər gözəldi, gözəgəlimlidi. Gözəlliyi
istənilən oğlanı dəli eleyə biləndi. Sərxoş əmisi də onun gözəl biçimli bədəninə
baxanda, ürəyi ocaq üstəki yağ kimi əridi:
Şeytana uyub, öz-özünə düşündü:
–Allahın da qəribə işləri var. Bu gözəllikdə qızı özgəyə, dananın
birinə ver, aparıb kefini sürsün. Sən də get özgənin pol ağacını gətir...
İndi isə ayılaraq anlayırdı ki, içki düşgünü olmağı nəticəsində öz nəslinin
adına ləkə yaxdı. Qızın həyatını puç elədi. Qardaşı evə qayıdanda ona nə deyəcək?...
Şırımlanan üz-gözündən hələ də axan qan Həmzənin tüklü sifətinə
yayılmışdı. Dilbər də süst düşüb qalmış, üst-başını düzəltməmişdi hələ. Daha nə
mənası vardı. Famil qayıdanda qəbristanlıqda iki qəbir də artacaqdı: biri Həmzənin,
biri də Dilbərin.
Həmzə dikəldi ayağa durdu. Sonra Dilbərin qarşısında diz çöküb
yalvardı:
– Məni bağışla, Dilbər! Bir qələtdi eləmişəm. Yad adam deyiləm ki, sənə
evlənmək təklif edəm. Bu biyabırçılıqdan səssiz-səmirsiz qurtaraq... Dilbərin
nitqi tutulmuşdu. Az qalırdı şirin canına qəsd etsin.
Əməliyyatdan qayıdan Telli gününü ah-ufla keçirir, hələ yataqdan
qalxa bilmirdi. Ona ciddi pəhriz
saxlamaq tapşırılmışdı. Toy ərəfəsi də də hər işi Famil özü eləməyə məcbur idi.
Vaxt tapıb qardaşı ilə bir yerdə olanda Famil ondan soruşdu:
–
Qardaş, sir-sifətin niyə belə cırıq-cırıqdır, nə
olub sənə?
Həmzə də bəhanə gətirib, çəpəri düzəldəndə kol cırdığını söylədi.
Famil qardaşının əyyaş həyatı yaşadığını bilirdi. Ata-anasının ruhu
xatirinə onun kölnünə dəymir, düşünürdü ki, evlənər, hər şey düzələr. Yad qızı
boynuna minib çapanda ağlı başına gələr.
Toy günü gəlib çatdı. Dilbər nə anasına, nə də atasına olanları bildirməmişdi.
Toyun yaxınlaşması həm Dilbərin, həm də Həmzənin varlığını sarsıdırdı. Günahın
onda olduğunu bilən Həmzə toy ərəfəsində aradan çıxmaq, əvvəlki kimi Rusiyaya
qaçmaq haqda düşündü. Fəqət bu da mümkün deyildi. Ruslar onun sənədlərinə elə
bir damğa vurmuşdular ki, Həmzə öz qardaşı qızına vurduğu damğadan betərdi.
Kənd toyları da özünəməxsus şənliklə keçir. Zarafat deyildi, iki kənd
bir-biri ilə qohumlaşırdı. Gəlini aparmağa səs-küylə gələn sayı-sanbalı bilinməyən
maşınlar gəldikləri yolla da geri qayıtdılar.
Biçarə Famil bircə qız övladını, ciyərparasnı ər evinə yola salanda
ağladığını çoxları gördü. ... Ağla Famil, ağla! Hələ bilmədiyin çox şeylər var.
Gəlin gərdəyə girəndən bir saat keçməmiş Familin evinə telefon zəngi
gəldi:
–
Gəlin dibsizinizi aparın. Zəng kəsildi.
Famil bilmədi bu nə iş idi. Onu bilirdi ki, adətən, toy axşamı gəlinin
bakirəliyi olmayanda belə həngamələr qopur.
Telli hələ də tam sağalmamışdı. Famil bir neçə yaxınlarını da götürüb
yeni qohumlarıgilə üz tutdu. Həyətə girəndə qızı Dilbərin bürüşüb bir künçdə
durduğunu gördü. Kürəkəni isə əlini belinə qoyub, xoruz kimi burnunu
qaldırmışdı.
Məsələ aydın idi, Famil əvvəlcə yalvarıb-yaxarmaq istədi:
– Oğlum, nələr baş verdiyini bilmirəm. El-oba içində bizi rüsvay eləmə.
Qoy heç olmasa bircə ay qalsın, boşadığını elan edərsən.
– Yox, mən belə namussuzluğu qəbul etmərəm. Mənim də mənliyim,
qürurum var. Başımı qaldırıb kənddə camatın üzünə çıxa bilmərəm. Öldü var döndü
yoxdu!
Bədbəxt ata ağlaya-ağlaya qızını özü ilə gətirdiyi maşının birində əyləşdirib,
evə qaytardı. Məsələdən çoxları halı deyildi.
Evdə Famil ov tüfənginə patron qoyub yaralı Tellinin üstünə qışqırdı:
–
Get, öyrən gör, bu ləçər kimin qurbanı olub?
Telli əllərini qaldırıb, istədi ki, ərinə yalvarıb onun hirsini
soyutsun, könlünü alsın, amma mümkün olmadı. Qızının yanına gedəndə də bir şey
öyrənə bilmədi. Çünki qızın qorxudan dili tutulmuşdu. Çox çəkmədi, Dilbərin lal
olduğu kəndə yayıldı. Boşanmanın səbəbi kimi lallığı birtəhər camaatın ağzını
yuma bildi.
Sanki dağlar uçub Həmzənin üstünə gəlirdi. Bir çarə tapmasaydı,
gec-tez ov tüfəngində olan güllələr onun cəmdəyinə dolacaqdı. Odur ki, Həmzə
Dilbərin ağzını güdürdü. Allaha yalvarırdı ki, qızın dili tamamilə tutulsun, o,
heç vaxt dinib-danışa bilməsin. Heç kimə heç nə deməsin.
Bir dəfə bağın kənarında üst-üstə yığılmış ot tombasının dibində
oturan Dilbər öz taleyinə ağlayır, əmi deyilən əclafın onun cavan ömrünü necə
puç etdiyini düşünürdü. Cin kimi arxadan sakitcə gələn Həmzə əlindəki ağacı qəfil
qızın başına endirdi. Dilbər huşunu itirmiş halda otun arasına yıxıldı. Həmzə
özü ilə gətirdiyi benzini onun üstünə və ətrafa səpələdi. Yanan kibrit çöpü
çatar-çatmaz alov göyə yüksəldi. Nə evində olmayan Familin, nə də hələ də xəstə
olan Tellinin əli uşağına çatdı. Bir an içərisində ot da, Dilbər də yanaraq külə
döndü.
Bəxtiqara qızın otun içərisində yanıb kül olduğunu isə heç kəs bilmədi.
Hamı elə bildi ki, Dilbər itkin düşüb.
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az