
Bu
kəndin arvadları var ha, çox qəribədirlər. Elə bil, ya mərkəzi televiziyada işləyirlər,
ya da radionun xəbərlər bürosunun əməkdaşlarıdırlar. Xəbər də, xəbərdi. Beş dəqiqənin
içində kəndə xəbər yayıldı ki, Sus kəndindən olan traktorçu Cinni Sofu, Tağının
qızını götürüb qaçdı. Dizinə döyən kim, başına çırpan kim, aləm dəydi bir-birinə.
Öz aramızdı, təlaş da havayıdan deyildi. Cammat bilməsə, danışmazdı. Sofu əksər
kəndlərdə özünün haylı-küylü traktoru ilə kiminsə torpağını şumlayar, odun gətirər,
yol-iz açardı. Bədbəxt oğlu elə cavanlığından davakar idi. Ona Cinni Sofu
deyirdilər.
Sofu
da canında olanı yaxşı bildiyi üçün cırnamaz, bığaltı belə qımışsa da, üzünün
cizgilərini daha da qırışdırardı. Tağının həddi-buluğa çatmamış qızını da
götürüb qaçmasına hərə bir əfsanə qoşurdu. Adamlar üç bir, beş bir bir yerə
yığılanda nağıllaşırdılar:
–
Əşi, nolsun, hərgünki Cinnidir. O da bir kişinin oğludur. Davakar olsa da, işləyəndir,
qoçaqdır, çörək qazanandır. Yaşayarıq, görərik. Heç kim kiminsə haqqında
tam-doğru məlumat verə bilməz...
Bax
belə – söz söhbətlər
olar, hərə öz evinə gedərdi. Adamlar hər gün Cinni Sofu haqqında yeni-yeni məlumatlar
öyrənmək istəyirdilər. Deyilənə görə, o, elə ilk gündən özünü təzə gəlinə göstərmək
üçün evdə əl-ayağa dolaşan boz pişiyin başını kəsərək bir küncə atmışdı...
Bax,
beləcə aylar keçdi, illər bir-birini əvəz etdi. Cinni Sofunun uşaqları dünyaya
gəldi. Sofu öz cinniliyini nəinki kəndə, hətta arvadına və uşaqlarına da göstərdi.
Onlarla sərt davrandı. Qışqır-bağırla danışdı. Bəzən söyüş “paylarını”da
verirdi.
Muxtarın
qızı Məleykə ilk vaxtlar Sofuya uyğunlaşa bilmirdi. Ərinin sərt baxışları onu
vahiməyə salırdı. Tək qalanda xısın-xısın ağlayır, taleyi ilə barışmağa
çalışırdı. Düşünürdü ki, neyləyə bilərəm, kişidi, iş-güc adamıdı?! Məleykənin
özünün də hırım-mırım kişilərdən xoşu gəlməzdi. Bəzi kişilər qadınsayağı qeybət
edir, öz-aralarında söz gəzdirirdilər.
Hər
dərdə dözən, əzab çəkən Məleykə də günü-gündən gözəlləşir, gözə gələn qadın
biçiminə düşür, geydiyi hər bir paltar ona yaraşırdı. Paltarlarının hamısını
özü biçib, kəsib əl maşınında tikirdi. Həm də özünə fikir verir, cazibədar
olur, cinninin cinlərini öldürmək üçün onu dəyişib özünə əsil ər etmk istəyirdi.
Amma Cinni də cinni qohumları ilə əlaqəni kəsmir, arvadının məqsədini oxuyurmuş
kimi, onunla daha da sərt davranırdı. Hirsini göstərmək üçün bəzən də stolun
üstündə olan qab-qacağı sındırır, yeri oldu-olmadı dava salırdı. Çanaq da yazıq
Məleykənin başında çatlayirdı.
Bir
dəfə Cinni nəyisə bəhanə edərək Məleykəni palaz çırpan kimi çırpmağa başladı.
Orta-boylu, iri qaragözlü, çatma qaşlı Meleykə iki qatlanıb kötək yeyirdi.
Yazıq uşaqlar arxada cərgələşib ağlaşırdılar... Onların bağırtısını nə eşidən
vardı, nə görən, nə də Cinliyə insaf gəlirdi.
Birdən böyük qızı əlini uzadıb, şallaqdan yapışdı. Ağlaya-ağlaya:
–
Anamı döymə! Döymə anamı! Sən necə atasan? – deyə qışqırmağa
başladı.
Qardaşı
Məlik də bacısına qoşuldu. Bir yerdə qışqırmağa başladılar. Cinni məğlub
olduğunu görüb əlində olan şallağı kənara ataraq evdən çıxdı, harasa getdi və
gün ərzində evə gəlmədi... Döyülməkdən xilas olan Məleykə uzun-dağınıq
saçlarına əl-ucu göz yaşını silə-silə sığal şəkdi. Onu müdafiə edən balalarını
bağrına basdı, yetimlərə məxsus bir tərzdə ağlamağa başladı. Yerdə oturub
qışqıran iki yaşlı Zaman sanki hər şeyi anlayirmış kimi qalxıb anasına sarıldı.
Bu
əhvalatdan sonra Məleykə bilmədi nə etsin, dərdini kimə söyləsin? Bu Cinni
Sofunun zülümündən necə qurtarsın? Üç balasını hara qoysun? Ata evində də boş
yer yoxdur. Qardaşları evlənib, gəlinlər mülkü bölüşdürüb, ev-eşik sahibi
olublar, yazıq ata-ananı da balaca bir otağa ayırıblar.
...Düşüncələr
Məleykəni didib-parcalayırdı. El-oba içində məhşur olan Cinni də dəyişilmir, əksinə
getdikcə sərtləşirdi. Bəlkə də Sofunu cinni edən heç kəsə məlum olmayan bir səbəb
vardı. Bu səbəb Məleykədən başqa hamıya bəlli idi. Amma elə şey yoxdu. Əgər
olsaydı, simsiz-telqraf olan kənd arvadları indiyədək onun qulağına
çatdırmışdılar. Məleykə özü də bilmirdi neyləsin?! Sanki, güclü bir dağ çayı
ananı və üç balanı ağuşuna alıb kənarda yumuru daşlara çırpa-çırpa üzü aşağı
aparırdı. Adamlar da kənarda durub baxır, kömək əlini uzatmırdılar. Bəlkə elə
onlar da Cinnidən qorxduqları üçün belə edirdilər.
...Yox
burada bir başlıca səbəb olmalıdır. Dağ mühitində böyüyən, zəhmətkeş bir oğlan bu qədər zalım ola bilməzdı!..
...Ehh,
qızlar, qızlar. Qızlar bulağından su içəndə qızlar da özlərinə görə olmurlar
haa... Yeddinci sinifdən başlayaraq öz nazları, fasonlu kəkilləri ilə
çoxlarının ağlını-başından çıxarır, özlərini bir neçə oğlana istədir, onları
bir-birinin üstünə salışdırır, davaya cəlb edir, sonra da kənarda durub,
bir-birini al-qana qərq edən “qladiatorlara” tamaşa edir, qımışır, ləzzət alır.
Belə hallar çox kəndlərdə baş verir. Qız ağacı, qoz ağacı... Qismətim kimədir,
ona da gedəcəyəm-deyirlər. Qızları yaxşı tanıdığım üçün çox oğlanlara yazığım gəlir.
Felə düşür, özlərini bədbəxt edirlər. Bəzən də bir tikə atasının varı olan
qızlar fason verir, bərk gedən olurlar.
Cavanlıqda
Sofunun da qəlbini fəth eləyən bir qız vardı. Adıqalmışın adı Əskinaz idi. Əskinazın
qoz ağacını silkələmək istəyən oğlanlar müxtəlif növ variantla ağacın dibinə
toplaşmışdılar.
“Bir
mənə bax naz eyləmə”, desələr də Əskinaz öz nazından qalmır, zavallı oğlanları
barmağına dolayırdı. Onun da qisməti elə imiş. Çox keçmədi ki, ağac başında
olan nazlı xanımı bir donqarburun qara qarğa qoltuğuna vurub lap uzaqlara
apardı. Hələ də yerdə ağacın başına baxan oğlanlar məhəbbətlərinin daşa dəydiyini
görüb kəndlərə cumdular. Sevmədikləri qızı götürüb qaçırır, özlərinə arvad
edirdilər.
Bir
ara Məleykə də canavarlardan birinə rast gələn qurbanlardan biri idi. Odur ki,
Cinni adı ilə məhşur olan əri xasiyyətini dəyişməyən bir divə bənzəyirdi. Sən
saydığını say, gör fələk necə sayır. Allah insanları elliklə düşmənlərdən
qorusun.
Xain
qonşuların xəyanəti nəticəsində xalqımız kənd-kənd, şəhər-şəhər silahlı hücuma
məruz qaldı. Düşmən bir sıra rayonlar kimi xəyanətkarların ucbatından bizim
rayonumuza, kəndimizə də hücum çəkdi. Erməni hücümü çox çəkmədi ki, kəndin hər
tərəfinə yayıldı. Qaça-qaç düşdü.
Adamlar götürə bildikləri nə vardısa torbalara doldurur, ümüdləri gələn səmtə
qaçırdılar. Qaçanlarən arasında Cinni Sofu və onun ailəsi də vardı.
Əlində
silahı olan kənd cavanları qorxub qaçmayan könüllü əsgərlərlə birlikdə kənd
camaatına dayaq olur, onlara komək edirdilər. Əhalini köçürmək üçün
vertalyotlar göndərilmişdi. Gücü çatan kənddən uzaqda düzənlikdə yerə enən
vertalyotlara doğru yüyürürdü. Cinni Sofu iki uşağı yanında, Məleykə isə kürəyinə
şələlədiyi sənəd-sünədlə balaca Zaman da qucağında arxada qaçırdı.
Tənginəfəslik
Məleykəni yeriməyə qoymurdu. Ayağı büdrəyir, yıxılırdı. Qaçanlardan xeyli
arxada qalmışdı. Qəfil açılan erməni sinayperinin gülləsi belindəki şələyə
ordan Məleykənin ürəyinə, qucağındakı Zamana dəyərək onları yerə sərdi. Məleykənin
yıxıldığını görənlər daha sürətlə qaçmağa başladılar. Amma silahlı vətən
olğulları düşmənin hücumunun qarşısın alaraq qız-gəlinin vertalyotlara
doluşmasına imkan yaratdılar.
Vertalyotlar
səmaya qalxıb uzaqlaşanda ermənilərlə ölüm-dirim savaşına dayanan oğullarımız
al-qan icində idilər. Vertaliyotla xilas olunanlar arasında Cinni və iki uşağ;
oğlu, qızı da vardı. Bütün bu olanlar Cinni Sofuya yuxu kimi gəlirdi. Elə bil
ki, Allah Cinni Sofunun ailəsinə verdiyi əzab-əziyyətlərin hayıfını el-obasında
yarayan adamlardan çıxırdı. Demək istəyirdi ki, Cinni kimilərin insanlara zülüm
verməsinə göz yumduğunuz üçün sizə də cəza payı verirəm.
Başqa
köçkünlərlə birgə Sofu da uşaqlarıyla bərabər kiçik bir otaqda məskunlaşdı.
Arvadının və balaca oğlu Zamanın ölümü Sofunun dilini lal etmişdi. O, bir kəlmə
də olsa, ağzını açıb danışmırdı. Bir neçə aydan sonra Məlik xəstələndı. Bəlkə də
uşaq qorxudan sağalmaz xəstəliyə duçar olmuşdu. Çox çəkmədi ki, Məlik də vəfat
etdi. Bir qızın ümüdünə qalan Cinni öz-özünə deyinir, düşünürdü...
...Başımıza
gələnlərin hamısı mənim ucbatımdan oldu. Yazıq Məleykənin nə günahı vardı ki, Əsginaza
olan sevgimin heyfini ondan çıxırdım?! İndi isə nə Əsginaz var, nə də
uşaqlarımın anası Məleykə...
Qəm-kədər
Cinni Sofunun dilini tutdu. O, yorğan-döşək xəstəsinə çevrildi, əllərdə qaldı. Əgər
qızı Nanənin başına bir iş gəlsəydi, demək olar ki, zəlil olacaqdı. Nanə toyuq ətini
qaynadır, suyunu qaşıq-qaşıq atasına içirirdi.. Cinni Sofu başına gələnləri, elədiyi
əməlləri yadına saldıqca beynində bir fikir dolaşırdı. Allah Məleykənin əvəzinə
məni öldürmədi ki, diri-diri çəhənnəmi görüm.
Bilirəm,
bəlkə məni bundan da betər günlər gözləyir. Ay Allah, bircə qızım Nanə mənım
günahlarımın qurbanı olmasın... Heç olmasa o, xoşbəxt olsun, mənə yox, anasına
layiq bir xanım kimi yaşasın.
Cinni
Sofu günahlarına gözgörəti can verirdi...
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az