“Mən sağam” (Hekayə)

“Mən sağam”  (Hekayə)
Mədəniyyət 11 Aprel 2025 - 09:00


 

1992-ci ilin mart ayı idi. Qışın sərt keçməsi özünü elə göstərmişdi ki, adamlar hələ də yazın girməsinə inanmırdılar. Ağaclar xurustal buz örtüyünə bürünmüş, yer qar yorğanı altında qalmışdı. Yollarda zəncirli traktorların açdığı cığırlar donmuş, yol kənarında buzlar dikinə basdırılmış bıçaq kimi şişmişdi. Bütün bunlara baxmayaraq, kənd cavanları çərşənbələrdə, canfəşanlığı davam etdirir, “Novruz” bayramına hazırlaşırdılar.

Həyətdə otdan-alafdan uzaqda çırpı, şax-şəvəl toplayır, bel dəstəyi kimi olan ağacların bir ucunu dörd yerə bölur, əski parçaları ilə aralarını doldurub, məftillə möhkəmcə sarıyırdılar. Ağ neftlə hazır olan lopanı qabaqcadan islağa qoyur. Qızlar öz qardaşlarının köməyinə gəlir, iri ağacların uc hissələrinə pambıq dolayırlar. Bu budaqlar bayram axşamı neftə batırılaraq hündür bir yerdə bərkidilir və ya bağlanırdı. Budaqdakı neftə batırılmış pambıq yananda ətrafda əsrarəngiz bir mənzərə yaranırdı. Gecənin qaranlığında yanan şamlar şölə saçır, qarda əks olunaraq sanki gecəni gündüzə döndərirdi.

Son çərşənbə şadlığı başa çatan gün başqa bir evdə fərqli bir şadlığın başlanması gözlənilirdi. Həmin gün kənd cavanlarından biri Qasım sevib-seçdiyi gözəllər gözəli Gülnazla evlənirdi. Kənd əhli soyuğa-qara baxmayaraq, üstü örtülü çardağın altında toyda iştirak edirdilər. Bayram bayrama qarışmışdı. Həzin zurna səsi çoxlarının sümüyünü oynatdığından adamlar yallı gedirdilər. Həmin gün el şənliyi ­­– toy başa çatdı. Yeni bir ailə quruldu. İki gənc öz arzusuna qovuşdu. Demək olardı ki, qanın qaynayan vaxtında qışın sərt ötməsini, bayramların keçməsini belə, hiss etmədilər. Məhəbbət şərabı onları elə bihuş eləmişdi ki, bir də ayılanda gördülər, ətrafdakı yamyaşıl ağaclar dümağ çiçəklərə qərq olub. Qonum-qonşular, qohumlar bu ailənin ən xoşbəxt ailə olacağına inam bəsləyirdilər. Ona görə ki, ailənin təməli bayram günlərində qoyulmuşdu.

Qasım evlərindən bir az aralıda yerləşən məktəbdə biologiya müəllimi işləyirdi. Qabaqcıl şagirdləri cəlb eləməklə özü də gedib meşədən cavan ağac zoğlarını kökündən çıxararaq gətirib məktəbin hasarı dibində yol boyunca əkdirirdi. Küçənin başında dağın dibində yerləşən Əhməd kişinin bulağından axan su arxla gəlib əkilən ağacların dibindən keçir, aşağıda dərəyə tökülürdü. Əkilməsindən bir ay keçməmiş ağaclar göyərib yarpaqlamağa başladı. Qasım müəllim tutduğu işə görə çox sevinirdi. O, deyirdi:

– Ağac da insan kimidir. Ağacın da qol-budağı, qohum-əqrabası, xeyirxahlığı var.  Biz əkdik, qoy gələcək nəsillər xeyrini görsün, kölgəsində dincəlsin.

Günlərin birində Qasım evə qayıdanda həyətinin gülü-gülüstanı olan Gülnaz onu təbəssümlə qarşıladı. Qasım ətrafa göz gəzdirdi. Gəlib ­­– eləyən yox idi. Dedi:

– Sevgilim, təbbəsüm sənə nə gözəl yaraşır. Sən həmişə gülümsə ki, övladlarımız da, sənə oxşasın, gözəl olsun.

Gülnaz ərini bərkə-boşa çəkmək istəmədi:

        Əzizim, bizim uşağımız olacaq.

Qasım qollarını geniş açaraq onu qucaqlayıb, başı üstünə qaldırdı:

– Mənim həyatım! Mənim eşqim! Mənim məhəbbətim! Yaşa səni! Yaşa səni! Deyib Gülnazı özü bərabəri endirdi. Başını qucaqlayıb, o üzündən – bu üzündən öpdü.

Onlar beləcə şad-xürrəm ömür sürməyə yenicə başlamışdılar ki, bir gün səhər tezdən hamını dəhşətə gətirən xəbər bütün kəndə yayıldı. Camaat kəndin mərkəzinə doğru qaçırdı. Məktəbdə dərs dayanmış, zəng susmuşdu.

Erməni vandalları Qarabağa təcavüz etdilər. Hər kəsin üzündə təbəssüm yoxa çıxmışdı. Atalar-analar bir anda yüz ilin qocasına dönmüşdü. Gözlərinə qara su enmişdi. Bu bəd xəbər nəticəsində yanıb, cızdağı çıxanlardan biri də Gülnaz idi. Bax beləcə, müharibə cavan, yaşlı bilmədi hamısını süpürüb apardı. Qasım da onlaradn biri idi. Əyninə hərbi formanı geyinəndə gözləri yaşarsa da özünü toparlayıb, yalandan gülümsəməyə çalışdı:

– Sevgilim, məndən narahat olma. Uşağımızdan muğayat ol. Övladımızın xatirinə, sənin xatirinə mütləq qayıdacağam.

Kənddə qalan qocalar, uşaqlar, xəstələr, şikəstlər, bir də “oğlum” deyib hayqıran analar və qız - gəlinlər oldu. Bundan sonra taqəti olan da, olmayan da, əkib-becərməyə başladılar. Kənd camaatı sərhəddəki hərbiçilərimiz üçün hərə əlində düşəni, geyim üçün qadınlar corab toxuyub, ərzağ göndərdilər. Yayın isti, qaynar günləri arxada qaldı. İndi payız küləkli, yağışlı havaları ilə insanların canına üşütmə salırdı. Gülnaz da qışa hazırlıq görürdü. Bu işdə ona qayınlarının və qardaş-bacılarının uşaqları kömək edirdilər. Gülnazı bir an belə tək buraxmır, gözdən qoymurdular.

Vaxt-vədə dolandı, Gülnazın gözəl-göyçək bir oğlu dünyaya gəldi. Adını Zəfər qoydular. Zəfər üç aylıq olandan sonra Gülnaz oğlunun xatirinə, daha çox işləyirdi. Hətta boş tövləyə bir inək də alıb bağladı. Quş qanadlı aylar bir-birini əvəz eləməyə başladı. Zəfər oturub qığıldayanda Qasımdan məktub gəldi: “Əzizim, darıxma, uşağımızdan muğayat ol, bu əclafları  məhv edən kimi evə geri dönəcəyəm”.

İgidlərimiz qəhrəmanlıq nümayiş elətdirir, ancaq itkilərimiz də çoxdu. Saysız döyüş texnikalarımız məhv edildi. Ermənilər dinc əhalinin, kiminin ayağını, kiminin bir qolunu, digərinin əlini kəsir, fidanarı ana bətnində öldürürdülər. Gözləri yollarda qalanlardan biri də Gülnaz və oğlu Zəfər idi. Cəbhədə vəziyyət gərginləşir. Gülnazın qayınları, qardaşları, şəhid oldu. Nankor erməni faşistləri kəndimizi tarimar qoyub, Qarabağı işğal etdilər. Kənd əhalisi pərən-pərən düşdü. Qara günü ilə barışan Gülnaz da məcbur qalıb, bircə ciyərparasını, bir də ərinin vaxtıilə əkdiyi ağacların ən cavanın kökündən çıxarıb özü ilə birgə aran rayonunun kəndinə gəlib, övladını köçkün şəraitində böyütməyə başladı.

Dul qalan qadına evlilik təklif edənlər də tapıldı. Gülnaz onların hamısını rədd elədi. Ərini gözlədi.

Günlərin birində poçtalyon məktub gətirdi. Məktub böyük olduğundan üstü qəribə şəkilli markalarla dolu idi.

Gülnaz qarışıq düşüncələr içində zərfi açdı. Məktub demək olar ki, ağ kağızdan ibarət idi. Amma ortasında bu sözlər yazılmışdı:

– Mən sağam.

Bu iki söz özünü dünyalarca xoşbəxt hiss etmək üçün Gülnaza kifayət idi. Deməli, əri ölməyib, o sağdır. Şad xəbəri hamı eşitdi. Qayınları və qardaşları sevincdən ailəli-uşaqlı onun evinə toplaşdılar. Məktubu müzakirə etdilər. Ünvansız, iki kəlməlik məktub birini deyir, qalanını demirdi. Onsuz da tənhalığa öyrəşən Gülnaz ərini gözləməkdən gözlərinin kökü saraldı. Naməlum məktubdan sonra ərindən də heç bir səs-soraq çıxmadı.

İllər keçdi, Zəfər orta Məktəbi əla qiymətlərlə bitirib, Bakıda ali məktəbə daxil oldu. Hətta magstratura təhsili də aldı. Sənədlərini doktoranturanın əyani şöbəsinə versə də Zəfərin vətən sevgisi, atası Qasım kimi minlərlə vətən oğullarının intiqamını almaq məqsədilə anasıilə halallaşdı. Rayona səfərbərlik idarəsinə yön alıb, oradan birbaşa sərhəd bölgəsinə yollandı. Gözü yollardan qalan Gülnazın qayğıları birə min artdı.

Çox keçmədi, 2020-ci ilin noyabrında Zəfərin şəhid xəbəri də gəldi, Gülnazın dünyası qaraldı. Yazıq qadın oğlu dəfn edilən o gündən evə də girmir, divarın dibində taxtadan düzəldilən oturacaqda elə hey oturur, otururdu. Susqun bir vəziyyətdə vaxtı ilə yaşadığı evin həyətindən gətirib əkdiyi, artıq böyümüş olan ağaclara tamaşa edirdi. Çox keçmədi, bir gün də kənd xəbər yayıldı ki, Gülnaz oturduğu oturacağın  üstündə keçinib.

Qasım müəllim kəndə gəlib çıxanda onun sevimli Gülnazının üç, oğlu Zəfərin isə qırx mərasimini təzəcə yola vermişdilər. Camaat həyətdəki qara çadırı sökməklə məşğul idi... Birdən qulağına səs gəldi, Şuşa sən azadsan!

 

Cəmilə ÇİÇƏK

Prezident təqaüdçüsü,

f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az

reklamlar

Digər xəbərlər