
Əminamanlıq
illləri idi. Qurd quzu ilə otlayırdı. Hər yerdə olduğu kimi, kəndlərə də ikinci
dünya savaşını, qələbəni əks etdirən abidələr qoyulurdu. Çünki, elə bir kənd
tapıla bilməzdi ki, müharibədə həlak olanı olmasın. Abidə qoyan heykəltəraşlarla
yanaşı, rəssamlar da kəndə gəlirdilər. Bizim Bulaqlı kəndinə əsgər abidəsi
qoyulmağı ilə bağlı cavan bir rəssam da gəlmişdi. O, kənd adamlarının portretlərini
çəkməklə, klubun tərtibatı ilə məşğul olacaqdı.
Şəhərdən
gələn rəssam hamının diqqət mərkəzindəydi. Uzun saçlarını arxaya darayan sənətkar
cavan olmasına baxmayaraq, şəvə kimi qara saqqal saxlayırdı. Kəndin mənzərəli
yerlərini etüdlərdə əks etdirməklə yanaşı, gözü tutan adamları kluba dəvvət
edir, portretlərini yağlı boya ilə çəkirdi. Çox cəld işlədiyindən günə bir əsər
yaradırdı. Kənd klubu üçün bir tablo yaratmaq istəyirdi.
Sərv
boylu bir qız çiynində kuzə bulaqdan su gətirir. Ətrafı ağaclar, güllər bəzədiyi
halda, arxada başı qarlı dağlar görünür. Mənzərəni yaratmaq üçün ona bir xanım
qız gərəkdi. Adətən hər bir rəssamın naturallıq gözəli olur. Əsil gözəllər də kəndlərdə
yaşayır. Rəssam naturaya qız istəyəndə, klub müdiri məsləhət gördü ki, gedək məktəbə,
sizə lazım olan gözəllər orada istənilən qədərdir.
Beləliklə,
klub müdiri məktəb direktoru ilə məsləhətləşən zaman zəng çölə vuruldu. Qızlar
və oğlanlar həyətə axışdılar. Axtardığını tapan rəssam bir neçə qız seçdi. Şübhəsiz
onların valideyinlərinin razılığı da alındı. Rəssam bu qızların portretlərini çəkdi.
Amma məqsədinə çatmaq üçün qızlardan birini seçib, yanında saxladı.
–
Adınız nədir, xanım?
–
Bahar!
–
Çox gözəl adınız var. Mənim də adım Camaldır –
dedi.
Əsərin mənasını qıza izah edib, lazım olan
formada durması üçün kənd qızına münasib paltar və kuzə lazım olduğunu dedi.
Bahar söylədi ki, evimizdə kuzə var. Gedim həm kuzəni, həm də ev paltarlarımı gətirim.
Hansını bəyənsəniz, onu seçərsəniz.
Bahar
tez evə gedib, gəldi. İstənilən formada kuzə çiynində dayandı. Rəssam tablonun
ortasında qızın fiqurunu çəkdikcə ürəyi ovulurdu. İlahi, gözəlliyə bax! Qız elə
bil, Ay parçası idi.
Bahar
üzü kəndə baxdığından gözləri rəssamı görmürdü. Rəssam isə onun ilahi gözəlliyini,
kətana köçürürdü. Xəyalında dolaşan misraları qızın özünə demək istəyi ürəyindən
keçsə də, həyası buna imkan vermirdi:
Boyun surahıdı, bədənin
billur
Gərdanın çəkilmiş minadan, pəri,
Sən ha bir sonasan, cüda
düşübsən,
Bir bölük yaşılbaş sonadan pəri.
Bir anlıq ona
elə gəldi ki, Vaqif babamız bu qıza, Bahara baxıb, pərisini tərənnüm edibmiş. Əsər
tamam olanda, Bahar baxıb, bir könüldən min könülə həm özünə, çəkilmiş şəklinə,
həm də rəssama vuruldu. Gecə-gündüz Camalı düşündü. Özgə zaman saqqal buraxan gənclərə
“quş qoyan” Bahar özü də bilmədən o nur camallı oğlanı sevdi.
Baharın
qəhrəman olduğu əsəri görənlər valeh oldular. Öz portretllərini çəkdirmək üçün
elçi düşən qızlar və oğlanlar da vardı. Camal onlardan bir neçəsinin şəklini çəkir,
amma Bahara çatan olmaz, – deyə düşünürdü.
Bir
dəfə yenə Camal Baharın portretini çəkəndə, gözləri qızın baxışları ilə
toqquşdu. Bu dünya gözəli onun gözlərinə yox, gözlərinin pəncərəsindən o yana –
ürəyinin içinə baxırdı. Sanki, deyirdi:
–
A zalım oğlu, nə durub, kənardan baxırsan? Şölə saçan qırmızı almanı dərmək istəmirsənmi?
Camal rəssam idi. Portret çəkənlərsə insanı yaxşı oxumağı bacarırlar. O, Bahara
yaxınlaşanda, daha onları ayrı saxlayacaq bir qüvvə qalmamışdı. Bir-birinə
sarıldılar. Camal nəinki, Baharın portretini çəkdi, onun ürəyinə sahib oldu.
Qızı soyunduranda, bircə an rəssam kimi baxsa da dayanmaq mümkün deyildi. Camal
artıq “almanı dərmişdi”...
Kənd
adamlarının bu alma məsələsindən xəbəri olmasa da, rəssamın yaratdığı Bahar
tablosu haqqında danışmayan yox idi. Hamı Bahara bəxtəvərlik arzulayırdı. Camal
işlərini sona çatdırandan sonra Baharla görüşə bilmədi. “Alma”nın dadı damağında
qalsa da, sevdiyinə uzaqdan baxa bildi. Ürəyində dedi:
–
Darıxma, sevgilim, qayıdıb mütləq səni aparacağam.
Bir
neçə aydan sonra Baharın məsələsi dillərdə söylənildi. Adamların pıçhapıçı
qulaq deşirdi. Biri deyirdi:
–
Kim olacaq, şübhəsiz rəssam.
Başqası:
–
Hələ sevinsin ki, rəssam onun “almasını dərib”, –
deyə gülümsəyirdi...
Ölkədə
hərc-mərclik baş alıb gedirdi. Ermənilər dişlərini itiləyirdilər. Arxalı köpək
qurd basar, – deyib atalar. Nəhayət, elan olunmamış müharibəyə “20 Yanvar”
hadisəsi təkan verdi. Nəinki kəndlər, rayonlar, şəhərlər də müahribə ocağına
döndü. Baharın kəndi də erməni basqısına məruz qaldı. Qaçaqaç düşəndə kənd
adamları Baharla bağlı olan söz-söhbətləri unudaraq, canlarının hayına
qaldılar. Hərə bir sığınacaq tapıb, pərən-pərən oldu. Baharın ailəsi şəhərdə
uşaq bağçasında yerləşdi. Elə bu zaman hamilə olan Bahar el qınağından
uzaqlaşdı.
Baharın
doğuşu normal qaydada keçdi. Əvvəl narazılıq edən, Bahara pis münasibət göstərən
valideyinləri daha vərdiş eləmişdilər. Doğulan uşağı əzizləməkdən doymurdular.
Nəvə şirinliyi çox hadisələri
unutdurmuşdu.
Müharibə
başlayanda ermənilərlə döyüşməyə gedən könüllülərin sayı-hesabı yox idi.
Onlardan biri də rəssam Camal idi. Camal döyüş bölgəsində olanda məhz
Bahargilin kəndində vuruşurdu. İmkan tapıb, kənd klubuna da baş çəkdi. Ondan
qalan tabloların əksəriyyəti atılan mərmilərdən parça-parça olmuşdu. Tək sudan
gələn sürməli xanımın kuzəsi sınmamışdı. Divar onu qoruyub saxlamışdı.
Növbəti
döyüşlərin birində partlayan mərmi Camalın döyüş səngərinə düşdü. Ağır
yaralanan rəssamı dostları xilas edərək, arxa cəbhəyə ötürə bildilər. Camal hərbi
hospitalda yatırdı. Həkimlər onun dizdən aşağı ayağını və sol əlini kəsmişdilər.
Özünə gələndə sanki, dünya başına uçdu. Bahara qovuşa bilmədi. Daha o Baharın nəyinə
lazım idi? Sağlam, gözəl-göyçək qız onu belə halda bəyənərdimi?
Camal
Bahardan olan oğlundan xəbərsiz idi. Bilmirdi ki, ana-bala vəfasız rəssamı
axtarırlar. Bəzən kimsə Bakıya kiçik şəhərdi deyir, amma səhv edir. Dünyanın
başqa şəhərləri kimi Bakı da möhtəşəmdir, böyükdür. Bu şəhərdə itik tapmaq hər
oğulun işi deyil.
Camal
xəstəxanadan çıxıb, atasından qalan evə gəldi. Tez bir zamanda kəsilmiş ayağına
protez qoyuldu. O, yenə yaradıcılıqla məşğul oldu. İlk yaratdığı əsər də
Baharın portreti və onun qucağında mələk kimi bir körpə təsvir olunurdu. Artıq
on illiklər arxada qalmışdı. Baharın oğlu da böyümüş, kişi görkəmi almışdı. Ata
soyadı olmasa da, babası ona öz soyadını vermişdi. Uşağa Rüfət adı qoymuşdular.
Rüfət
orta məktəbdə oxuyarkən rəsm dərnəyinə yazıldı. Rəssamlığın sirlərini öyrəndi.
Sonra Bakı Rəssamlıq Liseyində oxumağa başladı. Rüfət eynən atası kimi rəsm çəkirdi.
Elə bil atasının əlini qoparıb, onun biləyinə calamışdılar.
Odur
ki, Rüfətin çəkdiyi əsərlər hamı tərəfindən bəyənildi. Daha da fərəhlənən, uğur
qazanan Rüfət ölkənin yaşlı və cavan rəssamları ilə birlikdə açılacaq sərgiyə
öz işlərini qoydu. Onun əsərlərində müharibə mövzusu üstünlük təşkil edirdi.
Tabloda bir əlində avtomat, belində qumbaralar olan əsgər səngərdən başını
çıxarmış, avtomatı başı üstünə qaldıraraq, dostlarını döyüşə səsləyirdi.
Sərgi açılan gün salona gələnlərin sayı məlum
deyildi. Bahar da oğlu ilə birlikdə orada idi. Hamı Rüfətin və başqa rəssamların
əsərlərinə baxırdı. Birdən Rüfət gözəl bir qız portretini anasına göstərib,
dedi:
–
Ana, bu qız necə də sənə bənzəyir.
Bahar öz portretini tanıdı. Ümidinin ölmədiyini
anladı. Dönüb arxaya baxanda, bir əli
olmayan,
qoltuq ağacına söykənmiş bir adam diqqətini cəlb etdi...
P.S. Sual: natura, yaxşı portret?
Cəmilə ÇİÇƏK
Prezident təqaüdçüsü,
f.ü.f.d., AYB və AJB-nin üzvü /Zekainfo.az